İranlı ekspert: “ABŞ Ermənistanı İran, Rusiya və Çinə qarşı bir oyun meydanına çevirmək istəyir”

2026/02/1770704015.jpg
Oxunub: 536     10:11     10 Fevral 2026    
“Əsas məsələ ondadır ki, Ermənistan hökuməti bu ölkənin maraqlarına uyğun addımlar atmalıdır”.

Ordu.az xəbər verir ki, bunu iranlı ekspert Ehsan Mohavedian deyib.

Onun sözlərinə görə, İrandakı Qafqaz üzrə analitiklər son bir neçə ayda Ermənistanda baş verən inkişaflara baxarkən belə hiss edirlər ki, Ermənistandakı bəzi qərarlar və meyillər bu ölkənin hökumətinin və xalqının maraqlarına uyğun gəlməyə bilər və ölkəni səhv istiqamətə yönəldə bilər.

“Hər halda, İran güclü dövlətdir və bu güc bəzi qüvvələrin İslam Respublikasını devirmək cəhdlərinin qarşısını aldı. Bu müharibədə bir çox Avropa ölkəsi və İranın bəzi qonşuları da ABŞ və İsrailə dəstək verdilər. Lakin onlar uğursuzluğa düçar oldular, İran İsrailə və ABŞ-nin Fars körfəzindəki maraqlarına ağır zərbələr endirdi. Daha sonra bu iki ölkə İranda xaos və iğtişaşlar yaradaraq çevriliş etməyə çalışdı. Amma İranın gücü sayəsində yenə də uğursuz oldular.

Eyni zamanda, iki həftə ərzində hər gün İran İslam Respublikasının bir qrup müxalifi İrəvanda İran səfirliyi qarşısına toplaşaraq səfirlik əməkdaşlarını və İran xalqını ağır şəkildə təhqir edirdilər. Onlardan bəziləri hətta bütün müsəlmanlar üçün müqəddəs olan “Quran”ı yandırmışdılar, lakin Ermənistan polisi onlara qarşı ciddi tədbir görmədi. İki ölkənin münasibətlərində belə bir şey heç vaxt olmamışdı. 30 il əvvəl Qarabağ müharibəsi başlayanda İranda bəziləri Ermənistan səfirliyi qarşısında böyük etiraz aksiyası keçirməyi planlaşdırırdılar, lakin İran hökuməti buna icazə vermədi. 1994-cü ildə Qarabağ üzərində İran təyyarəsinin vurulmasından sonra da İranda narazılıq var idi. 2020-ci il müharibəsi zamanı Azərbaycanın bəzi tərəfdarları Tehranda Ermənistan səfirliyi qarşısına toplanmağı planlaşdırırdılar. Lakin İran Tehrandakı Ermənistan səfirliyinin təhlükəsizliyi məsələsində hər zaman ayıq-sayıq olub.

İran Ermənistan xalqı və hökumətinə qarşı bu qədər xoş niyyət bəslədiyi halda, Ermənistan hökumətindən də gözlənilirdi ki, İran səfirliyi qarşısında problem yaradanları sürətlə dağıtsın və təhqiramiz, yaxud zorakı davranış nümayiş etdirənləri həbs etsin. Lakin bu məsələdə artıq gecikmə oldu.

Digər tərəfdən, biz ABŞ-dən bəzi təbliğatçıların Ermənistanın Zəngəzur bölgəsinə gəldiyini görürük. Onlar orada İrana qarşı təbliğat aparır, “Instagram” və “YouTube”da iki ölkə arasındakı münasibətlər əleyhinə məzmunlar paylaşır və İrana qarşı fəaliyyətlərində sərbəstdirlər”, - deyə Mohavedian qeyd edib.

İranlı ekspertlərin fikrincə, “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red.) yaradılması da Ermənistan və İrana qarşı yönəlmiş bir addımdır.

“Bu marşrutu yaratmaqla ABŞ Ermənistan xalqının rifahını və xoşbəxtliyini təmin etməyə çalışmır. ABŞ Ermənistanı İran, Rusiya və Çinə qarşı bir oyun meydanına çevirmək, Zəngəzurun mineral ehtiyatlarını talamaq, NATO-nun və İŞİD terrorçularının Cənubi Qafqaza və Xəzər dənizinə yolunu açmaq, habelə İran və Ermənistan arasındakı sərhədi yox etmək istəyir. Aydındır ki, İran da bu hadisələrdən narahatdır və ABŞ hökumətinin İranın qonşu ölkələrindəki davranış təcrübəsini nəzərə alsaq, Ermənistan hökuməti istəsə belə, ABŞ-nin aqressiv davranışını dayandıra bilməz”, - deyə Mohavedian bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin