Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, üstəlik, bu sorğuların nəticələri yalnız daxili istifadə üçün nəzərdə tutulur və həm 1-2 konkret sosioloji təşkilat, həm də əsasən Milli Təhlükəsizlik Xidmətinin bölmələri tərəfindən həyata keçirilir.
“Əgər həmin sorğuların nəticələri hakimiyyət üçün müəyyən qədər ümidverici olarsa, ənənəvi olaraq onları müxtəlif platformalar vasitəsilə “sızdırma” formasında yayırlar.
Lakin artıq xeyli müddətdir ki, Paşinyan hakimiyyəti heç bir sorğunun nəticəsini ictimai müstəviyə çıxarmır. Səbəb isə ondan ibarətdir ki, “yayılacaq” bir şey yoxdur. Xüsusilə, hakim “Vətəndaş Müqaviləsi”ndəki mənbələrimizin bildirdiyinə görə, son vaxtlar keçirilən bir neçə sorğu hakimiyyət daxilində son dərəcə pessimist əhval-ruhiyyə yaradıb. Əslində, bir tərəfdən Nikol Paşinyanın və onun “Vətəndaş Müqaviləsi”nin reytinqi olduqca acınacaqlı vəziyyətdədir, digər tərəfdən isə parlamentə keçmək şansı olan qüvvələrin sayı azdır və onların arasında Paşinyana yaxın hər hansı bir partiya yoxdur. Əvəzində, parlamentə düşən əsas müxalif qüvvələr Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi”ndən təxminən iki dəfə çox səs toplaya və nəticədə ciddi müqavimət olmadan Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilərlər. Buna uyğun olaraq, mövcud hakimiyyət artıq sınaqdan çıxmış “qərb” ssenarisini işə salmaq qərarına gəlib”, - deyə KİV vurğulayıb.
Müəllif bildirib ki, “Moldova ssenarisi”ndən ruhlanaraq, Ermənistanda Paşinyan daha ciddi və təhlükəli bir oyuna başlayıb və bu ssenarinin “erməniləşdirilmiş” variantını həyata keçirməyə cəhd edir.
“Bunun üçün isə hələ 2021-ci ildə Seçki Məcəlləsində və Cinayət Məcəlləsində edilmiş dəyişikliklərdən istifadə olunur. Həmin dəyişikliklər “Vətəndaş Müqaviləsi”nə müxalif qüvvələri seçkilərdə iştirak imkanından məhrum etmək üçün ciddi “boşluqlar” yaradır.
Xatırladaq ki, prezident Vahaqn Xaçatryan fevralın 6-da parlamentə növbəti seçkilərin iyunun 7-də keçirilməsi barədə fərman imzalayıb. Artıq ertəsi gün fərman qüvvəyə minib və bununla da seçki prosesində mühüm dəyişikliklərin tətbiqi hüquqi baxımdan başlayıb. Həmin dəyişikliklərdən biri də Seçki Məcəlləsinin 19-cu maddəsinin 6-cı bəndinin birinci hissəsidir. Bu norma seçkiqabağı təşviqat dövründə, səsvermədən əvvəlki gün və səsvermə günü seçkilərdə iştirak edən partiyalara, şəxsən və ya onların adından, yaxud hər hansı digər formada seçicilərə pul, ərzaq, mal verməyi və ya xidmət göstərməyi, yaxud bunu vəd etməyi qadağan edir. Adları seçkilərdə iştirak edən partiyaların adlarına bənzəyən xeyriyyə təşkilatlarına isə seçkiqabağı təşviqat dövründə xeyriyyə fəaliyyəti həyata keçirmək qadağan olunur və əgər bu cür hallar aşkarlanarsa, məhkəmə yolu ilə hər hansı bir partiyanın seçkilərdə iştirakı yasaqlana bilər”, - deyə nəşr bildirib.
KİV-ə görə, bu məsələdə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hətta xüsusi bəyanatla çıxış edərək xəbərdarlıq edib ki, bu cür hallar cinayət məsuliyyətinə də səbəb ola bilər.
“Qeyd edək ki, bu hüquqi tənzimləmə hələ 2021-ci ildə, növbədənkənar seçkilərdən bir ay əvvəl qəbul edilsə də, həmin vaxt tətbiq olunmayıb. İndi isə Paşinyan hakimiyyəti bunu tam şəkildə istifadə etməyə qərar verib və üstəlik, müxalif qüvvələrin guya xeyriyyəçilik etməyə çalışdığı görüntüsünü yaradaraq, bu əsasla əsas müxalif fiqurları sadəcə seçkilərdə iştirak imkanından məhrum etməyə çalışır.
Doğrudur, yuxarıda qeyd olunan dəyişikliklər daha çox məhz hakimiyyətə aid olacaq, çünki bütün inzibati resurslardan istifadə edərək insanlara vədlər vermək və “yaxşılıq etmək” məhz onların planıdır. Lakin buna baxmayaraq, bu mexanizmi əsasən müxalifətə qarşı bir alət kimi tətbiq etməyə çalışacaqlar. Halbuki əsas müxalif qüvvələr seçkilərin olub-olmamasından asılı olmayaraq, hər zaman müxtəlif xeyriyyə proqramları həyata keçiriblər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az