Vensdən Paşinyana açıq mesaj: “Seçkilərdə Baş nazirə dəstəyim tamdır”

2026/02/Ekran-1770664331.jpg
Oxunub: 535     23:10     09 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistan prezident iqamətgahında Nikol Paşinyana açıq dəstəyini ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Vens bildirib ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı əsas məsələ Ermənistan-Azərbaycan sülh sazişini növbəti mərhələyə daşımaq və Ermənistan Baş nazirinin gələcəyə fokuslana bilməsi üçün onu “yaxşı mövqedə” saxlamaqdır.

Vitse-prezident bu fikirləri Ermənistan prezident iqamətgahında keçirilən sual-cavab sessiyasında İctimai Televiziyanın müxbirinin TRIPP layihəsinin gedişatı və ABŞ-nin bu layihəyə nə qədər investisiya planlaşdırdığı barədə sualını cavablandırarkən deyib.

Vensin sözlərinə görə, onlar həm regionda, həm də dünyada investisiya qoymaqda maraqlı olan bir çox tərəfdaşlarla danışıqlar aparıblar. İnvestorlar hesab edirlər ki, bu layihə sərmayə qoyuluşu üçün əlverişli imkandır.

“Biz bu gün prosesin necə sürətləndirilməsi barədə kifayət qədər çox vaxt ayırdıq. Hesab edirəm ki, Baş nazir hər şeyin mümkün qədər tez baş verməsini istəyir. Çünki bu qarşılıqlı əlaqə və iqtisadi inkişaf həm rifah, həm də sülh üçün çox faydalıdır.

Amerika Birləşmiş Ştatları, şübhəsiz ki, bu prosesdə çox müsbət və konstruktiv rol oynamağa hazırlaşır, lakin mən problemin pulda olduğunu düşünmürəm. Hesab edirəm ki, xüsusilə bu layihədə böyük kapital maraqları var.

Dünyada Ermənistana və bu TRIPP layihəsinə sərmayə qoymaqla yaxşı gəlir əldə edə biləcəyini düşünən bir çox insan var. Zənnimcə, real sual bundan ibarətdir: sülh sazişini növbəti mərhələyə necə keçirək və Baş naziri necə yaxşı vəziyyətdə saxlayaq ki, o, gələcəyə diqqət yetirə bilsin? Bilirəm ki, onun qarşıda seçkiləri var.

Mən bu barədə danışmayacağam, lakin mənim dəstəyim bir məna kəsb edirsə, o, şübhəsiz ki, bu dəstəyə malikdir. Çünki o, bu işi uğurla başa çatdırmaq üçün uzunmüddətli tərəfdaşlıq qura biləcək bir şəxsdir. Bu, bir gecədə baş verməyəcək, lakin düşünürəm ki, avqustun 8-dən etibarən bir neçə ay ərzində artıq böyük irəliləyiş əldə etmişik”, - deyə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Paşinyan  


Bizi "telegram"da izləyin