Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror hadisəsini qınayıb, həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı diləklərini çatdırıb. Ölkəmizin terrorla mübarizə səylərində daim Pakistanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Pakistan arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri, iki ölkə arasında əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Xatırladaq ki, ötən gün də Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib.
"Baş nazirin müavini/xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.
Ordu.az