Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, iş onun müdafiə naziri olduğu dövrdə İsakov prospektində yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlıdır.
İttihama görə, Serj Azat oğlu Sarkisyan 2000-ci il mayın 20-dən 2007-ci il aprelin 4-nə qədər Ermənistanın müdafiə naziri vəzifəsini tutaraq, Ermənistan Konstitusiyasının 85-ci maddəsinə əsasən hökumətin üzvü olub. “Müdafiə haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq silahlı qüvvələrə birbaşa rəhbərlik edib. Həmçinin 16.03.2002-ci il tarixli HN-1064 nömrəli prezident fərmanına əsasən müdafiə sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsini təmin edən respublika icra orqanının rəhbəri kimi fəaliyyət göstərib.
O, Ermənistan Müdafiə Nazirliyinin sisteminə daxil olan qurum və təşkilatların fəaliyyətini idarə etmək, təşkil etmək və nəzarətdə saxlamaq, dövlət əmlakının idarə olunması, istifadəsi və sərəncamına nəzarət etmək, səlahiyyətləri çərçivəsində normativ-hüquqi aktlar qəbul edib dərc etmək, əmrlər və göstərişlər vermək, etibarnamə olmadan Ermənistanın və ya nazirliyin adından çıxış etmək, həmçinin digər şəxslərə bu hüququ vermək səlahiyyətlərinə malik olub. Beləliklə, o, dövlət orqanında daimi olaraq təşkilati-idarəetmə və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirərək vəzifəli şəxs hesab edilib.
Bundan əlavə, erməni prokuror 05.11.2025-ci il tarixində Serj Sarkisyan barəsində ictimai cinayət təqibi başladıb. O, 18.04.2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə ittiham olunur ki, bu da qüvvədə olan Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə uyğundur.
Qeyd edək ki, Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi xüsusilə külli miqdarda rüşvət alma ilə bağlıdır.
Alpər Mövludoğlu
Ordu.az