Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.
O açıqlayıb ki, dəyişikliklər Zəngəzur, Lori və Dərələyəz vilayətlərində, daha əvvəl Xoy və Vağarşapat icmalarında tətbiq olunan model üzrə həyata keçiriləcək.
“Əsasən kənd icmaları birləşdiriləcək və bu proses davamlı olacaq”, - deyə Xudatyan vurğulayıb.
O, dəyişikliklərin həmin icmalarda yerli hakimiyyəti ələ keçirmək üçün deyil, daha səmərəli idarəetmə məqsədi daşıdığını bildirib. Eyni zamanda, erməni nazir Şirak vilayətinin rəhbərinin dəyişdirilməsinin planlaşdırılmadığını qeyd edib.
Xudatyan bildirib ki, nazirlik 2025-ci ildə görülən işlər üçün dövlət büdcəsindən 293,5 milyard dram xərcləyib, icra səviyyəsi isə 92,3 faiz təşkil edib.
Onun sözlərinə görə, subsidiya proqramları çərçivəsində ümumilikdə təxminən 61 milyard dram dəyərində layihələr icra olunub.
Erməni nazir qeyd edib ki, 2025-ci ildə Ermənistanda təxminən 504,5 kilometr yol sahəsində əsaslı və orta təmir, tikinti və yenidənqurma işləri aparılıb.
O bildirib ki, 2018-ci ildən bəri işlər ümumilikdə 5 min kilometrə yaxın yolu əhatə edib və həyata keçirilən layihələrin keyfiyyətindən məmnunluğunu bildirib.
“2025-ci ildə podratçılar tərəfindən əvvəlki keyfiyyətsiz işlərə görə 36 kilometr yol yenidən asfaltlanıb. Bundan əlavə, 30 kilometr torpaq yol çəkilib, həmçinin on körpü və iki nəqliyyat qovşağı tikilib”, - deyə Xudatyan vurğulayıb.
O, həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində Gümrüyə gedən yol sahəsinin tikintisinin başa çatdığını açıqlayıb.
Erməni rəsmi şəxs izah edib ki, cənub hissədə, xüsusilə Kacaran-Aqarak sahəsində işlər 40 faizdən çox yerinə yetirilib. “Bu, Ermənistanın ən böyük tikinti meydançasıdır, burada gündəlik 65 milyon dram dəyərində iş görülür. İki tuneldən birinin qazılması başa çatıb, ikinci tunelin qazılması isə sona yaxınlaşır. Ümumilikdə bu sahədə 15 körpünün tikintisi nəzərdə tutulur, onlardan 14-də hazırda işlər davam edir”, - deyə Xudatyan bildirib.
O, daha dörd tullantı poliqonunun yaradılması planlarından da danışıb, onlardan birinin İrəvanda olacağını qeyd edib. Xudatyan, həmçinin 2026-cı ildə Kaps su anbarının tikintisinə başlanmasının planlaşdırıldığını bildirib.
Onun təqdim etdiyi məlumatlara görə, 2025-ci ildə təxminən 9 milyard 721 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 5,8 faiz çoxdur. “İstehsal olunan elektrik enerjisinin 33 faizi liberallaşdırılmış bazarda satılıb”, - deyə erməni nazir sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az