Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz belə bir ilkin ehtimaldan çıxış edirik ki, Ermənistan rəhbərliyinin xarici əlaqələrin diversifikasiyasına yönəlmiş xətti ənənəvi müttəfiqlərlə əməkdaşlığın dayandırılmasını və ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq istəyən birlik və ittifaqların meyarlarına doğru yenidən istiqamətlənməni nəzərdə tutmur”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, Moskva Avropa İttifaqı ilə yaxınlaşma məsələsində öz qiymətləndirmələrini erməni tərəfdaşlara açıq şəkildə çatdırır: “Rusiyada əmindirlər ki, Cənubi Qafqaz ölkələrində, o cümlədən Ermənistanda anlayırlar: Brüssel və Vaşinqtonun guya xoş niyyətlərinin arxasında soyuq hesab dayanır. Onlar üçün Rusiya ilə tarixi və qırılmaz şəkildə bağlı olan bu region sadəcə potensial “ağrılı nöqtə”dir ki, ona təzyiq etməklə Moskvaya zərər vurmağa cəhd göstərmək olar”.
Lavrovun sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətləri möhkəm müqavilə-hüquqi baza üzərində qurulub və bu baza onların müttəfiqlik statusunu təsbit edir.
“Moskva müxtəlif səviyyələrdə dəfələrlə vurğulayıb ki, ikitərəfli əlaqələrə məhz bu xarakterdən çıxış edərək yanaşır. Xalqları əsrlərə söykənən dostluq, ümumi tarix, sivilizasiya və dünyagörüşü yaxınlığı birləşdirir.
Biz Avrasiya məkanında ümumi inteqrasiya birlikləri çərçivəsində səmərəli əməkdaşlıq edirik. Avrasiya İqtisadi Birliyinə üzvlük ölkəyə real, hiss olunan faydalar gətirir. Birliyin əsas üstünlüklərindən biri məsələlərin qarşılıqlı hörmət və üzv ölkələrin maraqlarının nəzərə alınması prinsipi əsasında həll olunmasıdır ki, bu da siyasi konyunkturadan asılı deyil”, - deyə rusiyalı nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistan bütün hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalır: “Moskva İrəvanın Təşkilatın işində tamhüquqlu şəkildə iştirak etməsinin tərəfdarıdır, çünki bu, ölkənin təhlükəsizliyinin ayrılmaz elementidir”.
Bundan əlavə, Lavrovun qeyd etdiyinə görə, Rusiya praktiki fəaliyyəti ilə Ermənistanın əsas və etibarlı ticarət-iqtisadi və investisiya tərəfdaşı, eləcə də ərzaq və enerji təhlükəsizliyinin təminatçısı rolunu təsdiqləyir.
“Ölkəmizin payına Ermənistanın xarici ticarətinin təxminən 35 faizi düşür. Rusiya biznesi ölkənin sosial-iqtisadi rifahının ən vacib elementlərindən biridir. Məsələn, dinc atom və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ilkin şərtlər mövcuddur. Çoxsaylı birgə təhsil və mədəniyyət təşəbbüsləri həyata keçirilir. Rusiya hərbi bazası və sərhədçilərimiz Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin əsas elementləri kimi çıxış edir”, - deyə Lavrov bildirib.
Alpər Mövludoğlu
Ordu.az