Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluq eyni zamanda məlumat vermişdi ki, qanunsuz tikililərin sökülməsi işləri 2026-cı ildə də davam etdiriləcək.
“2026-cı il fevralın 2-də Ermənistan polisinin keçmiş rəisi Vladimir Qasparyan tərəfindən qanunsuz şəkildə tikilmiş Göyçə gölü sahilindəki malikanənin (Baş Prokurorluq, qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddia çərçivəsində, digər tələblərlə yanaşı, bu malikanənin də Vladimir Qasparyandan və onunla əlaqəli şəxslərdən müsadirə olunmasını tələb edir) mütləq səviyyə nişanından aşağıda yerləşən hasarı, beton dayaq divarları, pandusu və digər tikililəri sökülüb.
2025-ci ilin dekabrından bu günə qədər Prokurorluğun təqdimatlarının icrası nəticəsində Göyçə gölünün sahilyanı, mütləq səviyyə nişanından aşağı yerləşən 14 torpaq sahəsində müxtəlif şəxslər tərəfindən qanunsuz tikilmiş əsas və köməkçi olmaqla ümumilikdə təxminən 40 bina və tikili sökülüb, “Göyçə Milli Parkı” Dövlət Qeyri-Kommerisya Təşkilatı (DQKT) tərəfindən isə 2 müqavilə ləğv edilib (xitam verilib).
Xatırladaq ki, yuxarıda qeyd olunan təqdimatlardan əlavə, 2025-ci il ərzində Baş Prokurorluğun Dövlət Maraqlarının Müdafiəsi İdarəsi və Göyçə vilayət prokurorluğu tərəfindən Ətraf Mühit Nazirliyinə və “Göyçə Milli Parkı” DQKT-yə daha 8 təqdimat ünvanlanıb”, - deyə məlumatda bildirilib.
Vurğulanıb ki, qeyd olunan təqdimatlar, eləcə də prokurorluq tərəfindən məhkəməyə təqdim edilmiş iddialar, digər məsələlərlə yanaşı, aşağıdakılara aiddir:
– Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan tərəfindən qanunsuz tikilmiş Göyçə malikanəsi (Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə, 97 ünvanı),
– “Harsnakar” hotelinin inzibati kompleksi (Göyçə şəhəri, İrəvan şossesi, 50 ünvanı),
– “Harsnakar” hotelinin kottecləri (Göyçə şəhəri, İrəvan şossesi, 48/6 ünvanı),
– Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti, Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyan tərəfindən qanunsuz tikilmiş Göyçə malikanəsi (Göyçə şəhəri, İstirahət zonası, 3-cü küçə, 38 ünvanı),
– Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən qanunsuz tikilmiş Göyçə malikanəsi (Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə, 71 ünvanı),
– “Kapavor” MMC-nin direktorlar şurasının sədri Arman Hakobcanyan tərəfindən qanunsuz tikilmiş Göyçə malikanəsi (Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə, 88 ünvanı).
Bildirilib ki, Ermənistan Baş Prokurorluğunun Dövlət Maraqlarının Müdafiəsi İdarəsi və Göyçə vilayət prokurorluğu tərəfindən dövlət maraqlarının müdafiəsi üzrə iddia qaldırmaq səlahiyyətləri çərçivəsində aparılmış araşdırmaların nəticəsində cinayət əlamətləri barədə materiallar ibtidai istintaq orqanlarına göndərilib, cinayət icraatları başlanıb.
Alpər Mövludoğlu
Ordu.az