Erməni qadın həyəcan təbili çalır: “Onlara sağlam oğul vermişdim, əgər xidmətə yararlı deyildisə, onu necə orduya aparıblar?”

2026/02/1770099768.jpg
Oxunub: 408     16:14     06 Fevral 2026    
2025-ci ilin yanvarında Ermənistanın Armavir vilayətində 18 yaşlı Vardan Ter-Harutyunyan ailəsi tərəfindən Ermənistan ordusuna müddətli hərbi xidmətə yola salınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin bir neçə ay sonra ailə ağır və mürəkkəb bir problemlə üz-üzə qalıb.

Vardanın anası Aşxen Ter-Harutyunyan deyir ki, orduya sağlam oğul göndərib, amma bir neçə ay sonra ona xəstəliklə, üstəlik psixi sağlamlıqla bağlı problemlərlə tamam başqa bir insan qaytarıblar.

“Keçən ilin yanvarında Vardanı komissiyaya çağırdılar, müayinədən keçirdilər, sonra dedilər ki, xidmətə yararlıdır və onu orduya apardılar. Xidmətdən 3 ay sonra bildik ki, oğlumun vəziyyəti pisləşib və onu dərhal “Kanaz” psixiatriya xəstəxanasına köçürüblər. Bu barədə bizi məlumatlandırmayıblar. Yanında olan əsgər yoldaşları zəng edib dedilər ki, Vardanı xəstəxanaya aparırlar, amma konkret olaraq hara aparıldıqlarını demədilər. Qohumlarımız “qaynar xətt”ə zəng etdilər, yalnız həmin gün axşam onun haraya aparıldığını öyrənə bildik. Psixiatriya xəstəxanasına getdik, həkimdən soruşduq ki, sağlam oğlumuzu niyə psixiatriya xəstəxanasına gətirmisiniz. O dedi: “Yanında nəsə aşkarlanıb, cavan oğlandır, bəlkə həyəcan, qorxu səbəbindən olub”.

Təəccübləndik, dedik ki, niyə dərhal psixiatriya xəstəxanasına gətirmisiniz? Amma onlar hər şeydən “çıxmağın” yolunu tapırlar”, - deyə Aşxen bildirib.

Onun sözlərinə görə, oğlunu təxminən 20 gün psixiatriya xəstəxanasında saxlayıblar, sonra isə “Erebuni” Tibb Mərkəzinə köçürüblər. Orada başının MRT-si çəkilib, daha sonra ailəyə bildirilib ki, Vardan insult keçirib və beynində törəmə var.

“Bizə dedilər ki, nə baş verdiyini anlamaq üçün biopsiya etmək lazımdır. Bir neçə gün müalicə apardılar və sonra Vardanı ananın himayəsinə evə göndərdilər. Amma bundan əvvəl dedilər ki, qayda belədir, əvvəl yenidən psixiatriya xəstəxanasına, oradan sonra isə ananın himayəsinə göndərməlidirlər. Lakin heç bir yerdə biopsiya edilmədi. Bir neçə gün sonra isə Vardanın hərbi biletini verdilər və dedilər ki, “niqodni”dir, yəni xidmətə yararsızdır”, - deyə Aşxen qeyd edib.

Aşxen Ter-Harutyunyan artıq bir ildir ki, çoxlu suallarla yaşayır, amma bu suallara cavab tapa bilmir. Məsələn, necə olur ki, sağlam oğul tibbi müayinədən keçir, orduya aparılır, sonra isə problemlərlə geri qaytarılır və deyilir ki, xidmətə yararsızdır. Əgər xidmətə yararlı deyildisə, onu necə orduya aparıblar?

“Mən bilmirəm oğlumun başına nə gəlib. Biz öz gücümüzlə Vardanın başından biopsiya etdirmək üçün getdik, amma “Astğik” Tibb Mərkəzində bütün sənədləri gördükdən sonra dedilər ki, bunu edə bilməzlər, çünki törəmə çox təhlükəli yerdə yerləşir. Maraqlanmışıq, biopsiya üçün 750-800 min dram lazımdır, bu isə bizdə yoxdur. O, müddətli hərbi qulluqçu idi, niyə bunu pulsuz etmədilər? Dərhal ört-basdır etdilər, xəstəxanadan evə göndərdilər və hərbi biletini verdilər.

Vardanın vəziyyəti yaxşı deyil, iki gün əvvəl ayaqları zəifləyib, yıxılıb, özünü çox halsız hiss edir. Soruşuruq ki, orduda nə baş verib, deyir ki, heç nə, özümü pis hiss edirdim, məni psixiatriya xəstəxanasına apardılar, danışmır. Vardana hətta əlillik dərəcəsi də vermirlər. Müdafiə Nazirliyinə müraciət etmişik, deyiblər ki, bütün sənədləri toplayıb göndərin, amma MN əlillik vermir.

Həkim bizə deyir ki, əgər əlillik almaq istəyirsinizsə, Vardan bir neçə gün “Avan” psixiatriya xəstəxanasında yatmalıdır. Amma bizim uşağımız niyə psixiatriya xəstəxanasında yatmalıdır?” - deyə Aşxen Ter-Harutyunyan vurğulayıb.

O bildirib ki, Vardan Vanadzordakı hərbi hissələrdən birində xidmət edib.

Aşxen 4 qız və 3 oğul olmaqla 7 övladını təkbaşına böyüdür. Böyük oğlu 44 günlük müharibədə iştirak edib, həyat yoldaşı ölüb, ailə sosial müavinət almır və onları dəstəkləyən heç kim yoxdur. Hazırda ailənin ən azı Vardanın biopsiyasını etdirmək üçün maddi dəstəyə ehtiyacı var.

“Məsələ ilə bağlı Müdafiə Nazirliyindən də açıqlama gözləyirik, əldə etdikdən sonra dərc edəcəyik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin