Ermənistanda MN zabiti barədə cinayət işi: saxta faktura iddiası məhkəmədə

2018/12/15041-1545914415.jpg
Oxunub: 605     09:17     03 Fevral 2026    
Ermənistan Antikorrupsiya Məhkəməsinə 2026-cı il yanvarın 30-da A.A.-nın cinayət işi daxil olub və qeydiyyata alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, iş həmin gün hakim Qivi Hamlet Hovhannisyanın icraatına verilib. İlkin istintaq Ermənistan Antikorrupsiya Komitəsində aparılıb, iş Göyçə qarnizonu hərbi prokurorluğundan daxil olub.

İttiham aktına əsasən, A.A.-ya Ermənistan Cinayət Məcəlləsinin 445-ci maddəsinin 1-ci hissəsi ilə, yəni rəsmi sənədi saxtalaşdırmaya görə ittiham irəli sürülüb.

İttihama görə, A.A. hərbi xidmətdə olarkən Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində raket-artilleriya silahlanması üzrə rəis vəzifəsində çalışıb və vəzifəli şəxs kimi 2023-cü il dekabrın 28-də 346 nömrəli çıxış qaiməsi ilə həmin hərbi hissənin 2-ci atıcı taborunun 4-cü atıcı bölüyünün komandiri, kapitan M.X.-ə bir sıra maddi vəsaitlər təhvil verib.

Daha sonra istintaqla müəyyən edilməmiş vaxtda A.A. qeyd olunan qaiməyə saxta məlumatlar daxil edərək, əlyazma üsulu ilə “TP-8A” tipli, 16838 zavod nömrəli “kəşfiyyat borusu” adlı maddi vəsaitin adını da əlavə edib və bununla guya həmin əşyanın da kapitan M.X.-ə təhvil verildiyini rəsmiləşdirib.

A.A. barəsində qətimkan tədbiri kimi ölkəni tərk etməmək barədə öhdəlik tətbiq edilib. İş materialları ilə birlikdə möhürlənmiş vəziyyətdə dörd bağlama maddi sübut kimi məhkəməyə təqdim olunub və hakimə verilib. İş hazırda hazırlıq mərhələsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   İttiham  


Bizi "telegram"da izləyin