Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvan administrasiyasının Müdafiə Nazirliyi açıqlayıb ki, ümumilikdə 28 tankdan ibarət son partiyanın istehsalı ABŞ-də başa çatıb və dəniz yolu ilə daşınma üçün hazırlıqlar davam edir.
Rəsmilər bildiriblər ki, ikinci və üçüncü partiyaların çatdırılması arasında təlim və inteqrasiya prosesində hər hansı fasilə yaranmaması üçün daşınma qrafiki diqqətlə əlaqələndirilib. Son çatdırılma ilə Tayvan administrasiyasının 108 ədədlik M1A2T “Abrams” tədarük proqramı tamamlanmış olacaq.
Çatdırılma qrafiki və təlim prosesi
Tayvan administrasiyası təxminən 40,5 milyard Tayvan dolları dəyərində olan proqram çərçivəsində ilk 38 tankı 2024-cü ilin dekabrında, ikinci partiya olan 42 tankı isə 2025-ci ilin iyulunda qəbul etmişdi. İstehsalı başa çatan üçüncü və son partiya ilə proqram yekun mərhələyə daxil olub.
İkinci partiyadakı M1A2T tankları ilə təchiz edilən bölmələr dekabr ayında Hsinçu şəhərinin Sinfenq bölgəsində yerləşən “Kengzikou” təlim sahəsinə köçürülüb. Burada 120 mm-lik əsas topdan atışlar, gecə atışları, koaksial və xarici pulemyotlarla döyüş atışları, eləcə də sistem inteqrasiyası üzrə təlimlər icra olunub.
İkinci rübdə silahlanmaya qəbul
Təlimlər başa çatdıqdan sonra bölmələrin əsas bazalarına qayıdaraq hazırlıq və qiymətləndirmə fəaliyyətlərinə başlaması planlaşdırılır. Tayvan administrasiyasının ordusu ilin ikinci rübündə keçiriləcək daxili aktivasiya mərasimindən sonra M1A2T tankları ilə təchiz edilən bölmələri rəsmi şəkildə döyüşə hazır qüvvələrin silahlanmasına daxil etməyi hədəfləyir.
Şimali Tayvanın müdafiəsində kritik rol
M1A2T “Abrams” tankları Tayvan administrasiyasının paytaxt bölgəsi də daxil olmaqla şimal ərazilərin müdafiəsinə cavabdeh olan Altıncı Ordu Korpusunun tabeliyində xidmət göstərəcək. Bu bölmələr adanın quru müdafiə konsepsiyasında ön xəttdə yer alır.
Tayvan administrasiyasının ordusu hazırda CM-11 “Brave Tiger” və M60A3 də daxil olmaqla təxminən 1.000 tank istismar edir. Lakin rəsmilər modernləşdirilmiş M60A3 tanklarının uzunmüddətli ehtiyacları qarşılamaq baxımından yetərli olmadığını vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az