Türkiyə Müdafiə Sənayesi İxracatı: Yanvar 2026

2026/02/1770045683.jpg
Oxunub: 561     19:20     02 Fevral 2026    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2026-cı ilin yanvar ayında 555,3 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Sektorun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz artıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün sosial media hesabında paylaşım edərək 2025-ci ilin rekordlarla başa çatdığını, 2026-cı ilə isə rekord ixrac göstəricisi ilə başlandığını bildirib.

44,2 faizlik artım vurğusu

Sektorun ixrac göstəricilərini dəyərləndirən Görgün belə deyib:

“2026-cı ilin yanvar ayında müdafiə və aviasiya sənayemiz 555,3 milyon ABŞ dolları həcmində ixrac həyata keçirərək ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz artım qeydə alıb. Bu güclü nəticə sektorun qlobal bazarlardakı rəqabət qabiliyyətini və dayanıqlı inkişaf potensialını bir daha ortaya qoyur”.

Əldə olunan nəticələrin arxasında duran amillərə toxunan Görgün qiymətləndirməsini belə davam etdirib:

“Bu nəticə yüksək əlavə dəyərə malik, qabaqcıl texnologiyalara əsaslanan məhsul portfelimizin, real şəraitdə özünü sübut etmiş sistemlərimizin və etimada söykənən uzunmüddətli əməkdaşlıqlarımızın konkret əksidir. Müdafiə və aviasiya sənayemiz Türkiyənin ümumi ixrac göstəricilərinə strateji töhfə verməkdə qətiyyətlidir”.

Milli texnologiya təşəbbüsü vurğusu

Uğurun tətbiq edilən siyasətlərin nəticəsi olduğunu bildirən Görgün deyib:

“Bu nailiyyət cənab Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və baxışı əsasında həyata keçirilən Milli Texnologiya Təşəbbüsü və Milli Səriştə Təşəbbüsü çərçivəsində planlı, ardıcıl və uzaqgörən siyasətlərin nəticəsidir.

Bu münasibətlə müdafiə və aviasiya sənayemizin qlobal uğuruna töhfə verən komitə əməkdaşlarımıza, şirkətlərimizə və bütün tərəfdaşlarımıza təşəkkür edir, yüksək texnologiyalı və əlavə dəyərli məhsullarla daha güclü Türkiyə hədəfi istiqamətində uğurlarının artaraq davam etməsini arzulayıram”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin