Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan regionda yaşamaq üçün ən bahalı ölkədir: həyat kimlər üçün yaxşılaşıb?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, inflyasiyanın olmadığı bir ölkədə yaşamağın bu qədər baha olması təsəvvürə sığmır.
“Amma Ermənistanda vəziyyət məhz belədir. Bunu dünyada həyat dəyəri və keyfiyyəti üzrə ən böyük məlumat bazalarından biri olan “Numbeo”nun göstəriciləri də təsdiqləyir.
Yaşayışın bahalılığına görə Ermənistan Gürcüstanı, Azərbaycanı, Türkiyəni, hətta Rusiyanı da qabaqlayıb. Söhbət sanksiyalar səbəbindən son illərdə inflyasiya tempinin kəskin sürətləndiyi Rusiyadan gedir. Ötən il Rusiyada inflyasiya 7 faizdən çox olub, ondan əvvəlki il 9,5 faiz, daha əvvəl isə 7,4 faiz təşkil edib.
Türkiyə barədə isə danışmağa belə dəyməz. Artıq bir neçə ildir ki, bu ölkədə inflyasiya mütləq rekordlar qırır. Ötən il Türkiyədə inflyasiya 31 faizi keçib. Ondan əvvəlki il 44 faiz, bir il əvvəl isə təxminən 65 faiz olub.
Bunun əvəzində Ermənistanda inflyasiya ya yoxdur, ya da çox aşağıdır, amma yaşayışın bahalılığına görə həm Rusiyanı, həm də Türkiyəni geridə qoyub. Ermənistan bu reytinqdə 87-ci, Türkiyə 93-cü, Rusiya isə 104-cü yerdədir”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, Ermənistan yaşamaq baxımından Azərbaycandan xeyli bahalı ölkədir.
“Gürcüstanla isə ümumiyyətlə müqayisə etmək olmaz. Gürcüstan Cənubi Qafqazın həm yaşamaq, həm də həyat keyfiyyəti baxımından ən ucuz ölkəsidir. Bu, təkcə statistik göstəricilərlə deyil, real həyatda da belədir. Gürcüstanda həyat Ermənistandan qat-qat ucuzdur. Elə buna görə də bir çoxları istirahətlərini Ermənistanda deyil, Gürcüstanda keçirməyə üstünlük verirlər. Bu, təkcə Ermənistan vətəndaşlarına aid deyil. Hətta Rusiya vətəndaşları da Gürcüstana Ermənistandan daha çox səfər edirlər.
Ermənistan rəsmi olaraq inflyasiyanın ya olmadığı, ya da çox aşağı olduğu bir şəraitdə, Cənubi Qafqazda yaşamaq üçün ən bahalı ölkəyə çevrilib. Məsələn, ötən il Ermənistanda inflyasiya cəmi 3,3 faiz olub, ondan əvvəl isə 1,5 faiz təşkil edib.
Bir il əvvəl isə ümumiyyətlə inflyasiya qeydə alınmayıb, əksinə, 0,6 faiz deflyasiya müşahidə olunub.
Bütün bunlara baxmayaraq, Ermənistan regionda yaşamaq üçün ən bahalı ölkədir və bu, əvvəllər heç vaxt belə olmayıb. İllər əvvəl Ermənistan bəlkə də Gürcüstandan baha idi, amma heç vaxt Rusiyadan baha olmayıb”, - deyə nəşr vurğulayıb.
Müəllif yazıb ki, belə bir sual yaranır: necə olur ki, Ermənistanda inflyasiya yoxdur və ya çox aşağıdır, amma həyat həm daha bahadır, həm də keyfiyyət baxımından inflyasiyanın dəfələrlə, bəzən on dəfələrlə yüksək olduğu ölkələrdən daha pisdir?
“Bu, guya böyük bir sirr olaraq qalır. Halbuki, əslində burada heç bir sirr yoxdur. Ermənistanda real bahalaşmaların inflyasiya ilə birbaşa əlaqəsi yoxdur. Bahalaşmalar əsasən vətəndaşların həyatına inflyasiya göstəricilərindən daha güclü təsir edən sahələrdə baş verir.
Heç kimə sirr deyil ki, ilk növbədə zəruri məhsullar və xidmətlər daha yüksək templərlə bahalaşır. Bir neçə il əvvəl bu sahələrdə rekord səviyyədə qiymət artımı olub və indi inflyasiya müəyyən qədər zəifləsə də, həmin bahalaşmaların təsiri hələ də qalmaqdadır.
Məhz buna görə də zahirən Ermənistanda inflyasiya yoxdur və ya çox aşağıdır, amma qiymətlər son dərəcə yüksəkdir, həyat isə bahadır. Təkcə ötən il rəsmi olaraq 3,3 faiz inflyasiya qeydə alındığı halda, Ermənistanda mal əti 11,7 faiz, donuz əti 12,7 faiz, qoyun əti 14,1 faiz, balıq 18,3 faiz, günəbaxan yağı 8,2 faiz, qəhvə 9,5 faiz, kakao 31,9 faiz, yumurta 7,2 faiz, makaron məmulatları 7,9 faiz, qarabaşaq yarması 9,4 faiz, noxud 10,4 faiz, kərə yağı 7,2 faiz, nəqliyyat 24,5 faiz, təhsil isə 8,5 faiz bahalaşıb və bu siyahı davam edir.
Belə bahalaşmalar fonunda hakimiyyətin “maaşlar rəsmi inflyasiyadan daha sürətlə artıb, deməli insanlar daha yaxşı yaşayır” deməsi özünü aldatmaqdan başqa bir şey deyil. Statistik olaraq bu, bəlkə də doğrudur, amma real həyatda vəziyyət fərqlidir. Fakt budur ki, Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin gəlirləri həyatın bahalaşmasına çatmır. Elə buna görə də ölkədə sosial vəziyyət demək olar ki, yaxşılaşmır. Bir çoxlarının durumu hətta pisləşir və bu, rəsmi olaraq elan edilən yüksək iqtisadi artım, yeni iş yerləri və maaş artımları fonunda baş verir”, - deyə KİV vurğulayıb.
Nəşr bildirib ki, Ermənistanda həyatın bahalaşması təkcə ərzaq məhsulları ilə məhdudlaşmır.
“Ölkənin Cənubi Qafqazda yaşamaq üçün ən bahalı ölkə olmasının səbəbləri arasında mənzil qiymətləri, səhiyyə, nəqliyyatın keyfiyyəti və bir sıra digər amillər də var. Bütün bunların nəticəsində Ermənistan regionun ən bahalı ölkəsinə çevrilib.
Bu prosesdə ölkədə həyata keçirilən vergi siyasətinin də birbaşa təsiri olub. Bir tərəfdən xaricdən gələn inflyasiya təzyiqləri, digər tərəfdən vergi yükünün kütləvi şəkildə ağırlaşdırılması, cərimə və sanksiyaların kəskin artırılması, bəzi xidmət haqlarının dəfələrlə, hətta on dəfələrlə yüksəldilməsi yaşayış şəraitinin pisləşməsinə gətirib çıxarıb. Ermənistanda həyatın bahalaşması vətəndaşların maliyyə yükünün artımı ilə heç cür uzlaşmır.
Təkcə son illərdə sosial baxımdan həssas olan 600-650 min vətəndaşın müavinət və pensiyalarının artırılmaması vəziyyətin necə ağır olduğunu göstərməyə kifayətdir. Sonra da təəccüblənirlər ki, niyə ölkədə yoxsulluq mənzərəsi demək olar ki, dəyişmir. Əhalinin 40 faizinin gəlirləri hələ də yoxsulluğun yuxarı həddindən aşağı səviyyədə qalır.
Bəzi qruplar və hakimiyyət nümayəndələri istisna olmaqla, bahalaşmanın insanların cibinə təsiri gəlir artımından qat-qat çoxdur. Hakimiyyətin gurultulu bəyanatlarına baxmayaraq, bu proses cəmiyyətdə həm sosial təbəqələr arasında qütbləşmənin dərinləşməsinə, həm də ümumi sosial vəziyyətin pisləşməsinə səbəb olub”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az