Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, bir gün əvvəl bütün ermənilərin katolikosu II Qareginə qarşı vəzifə səlahiyyətlərindən istifadə edərək məhkəmə aktını icra etməmək ittihamı ilə cinayət işi başlanıb.
“İş Masyatsotn yeparxiyasının keçmiş rəhbəri yepiskop Gevorqun vəzifədən azad edilməsi faktı əsasında uydurulub. Vəkillər israr edirlər ki, yeparxiya rəhbəri katolikosla əmək müqaviləsi ilə deyil, dini andla bağlıdır, bu məsələyə məhkəmə instansiyalarının və Əmək Məcəlləsinin heç bir aidiyyəti yoxdur. Lakin hakimiyyət üçün bu əhəmiyyət daşımır.
Məhkəmə qərarı mövcuddur ki, katolikos Gevorq Saroyanı yenidən yeparxiya rəhbəri vəzifəsinə bərpa etməlidir. O, bu qərarı icra etmədiyinə görə belə bir cinayət işi başlanıb.
Hakimiyyət kulislərində danışırlar ki, bu cinayət işi vasitəsilə katolikosun uzaqlaşdırılması və onun Ermənistan ərazisini tərk etməsinə icazə verilməməsi üçün zəmin hazırlanır. Necə ki, bunu bütün müxalifətçilərə və bir çox digər şəxslərə qarşı ediblər. Bununla da gündəmində “xəyanətkar” yepiskopların yeparxiya rəhbərliyindən məhrum edilməsi məsələsi olan Yepiskoplar Məclisini iflasa uğradacaqlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az