“Bizim həmin istiqamətə doğru hərəkət edən çoxlu gəmilərimiz var, hər halda… Mən heç nə görməməyi üstün tutardım, amma onları çox diqqətlə izləyirik”, - deyə Prezident Tramp Davosdan qayıdarkən jurnalistlərə bildirib.
Son günlər bir sıra Qərb KİV-ləri yazıblar ki, yaxın günlərdə USS “Abraham Lincoln” aviadaşıyıcısı və bir neçə idarəolunan raket esminesi Yaxın Şərqə çatacaq. Hərbi gəmilər ötən həftədən etibarən region istiqamətində hərəkətə başlayıblar. İranda etiraz aksiyaları fonunda ABŞ və İran arasında gərginlik kəskin şəkildə artmışdı. ABŞ Prezidenti İranı zərbələrlə hədələyirdi.
Tramp iddia edir ki, onun hədələrindən sonra İran təxminən 840 nəfərin edam hökmünü ləğv edib. “Mən dedim ki, əgər siz həmin insanları dar ağacından assanız, sizə indiyə qədər görünməmiş dərəcədə güclü zərbə endiriləcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Ordu.az xəbər verir ki, rusiyalı analitik Viktor Nadein-Rayevski mövcud vəziyyəti şərh edib.
O bildirib ki, ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirməsi ehtimalı mövcuddur. Şərqşünas qeyd edib ki, təhdidlər davam edəcək, bu, Trampın xarici siyasətinin ayrılmaz hissəsidir. Lakin onun qiymətləndirməsinə görə, genişmiqyaslı zərbənin ehtimalı nisbətən aşağıdır, buna baxmayaraq, məhdud və hədəfli əməliyyatların baş vermə ehtimalı qalır.
Analitikin sözlərinə görə, müşahidə etdiyimiz kimi, ABŞ daim təhdidlər səsləndirir, lakin eyni anda genişmiqyaslı zərbədən çəkinir, çünki İran həm güclü müdafiə sisteminə, həm də Yaxın Şərqdə fəaliyyət göstərən geniş şəbəkəyə malik mürəkkəb hədəfdir.
“İrana qarşı atılacaq istənilən addım zəncirvari nəticələrə səbəb ola, Livan, Suriya, İraq, Yəmən, Fars körfəzi və digər bölgələrdə vəziyyətin gərginləşməsi riskini artıra bilər. Yaxın Şərqdə bir çoxları bu zərbəyə qarşıdır və onun genişmiqyaslı risklərini anlayırlar. Bu mövzu ilə bağlı ABŞ tərəfi ilə davamlı iş aparılır. Burada əsasən çəkindirmə siyasətindən söhbət gedir. Bununla yanaşı, bir sıra məlumatlara görə, İran 12 günlük müharibədən və son daxili qeyri-sabitlikdən sonra istənilən ssenariyə hazırlaşır”, - deyə analitik bildirib.
O qeyd edib ki, İrana qarşı istənilən addım Ermənistanı çətin vəziyyətə salır, çünki Ermənistan böyük güclərin təmas zonasına düşür, regionda hərbi gərginlik artır, xarici aktorların kəşfiyyat və siyasi maraqları fəallaşır. Bu proseslər hazırkı mərhələdə də müşahidə olunur.
“Sir deyil ki, İran Ermənistan ərazisinə son dərəcə həssas yanaşır. İran üçün çox vacibdir ki, Ermənistan ərazisi İrana düşmən qüvvələr üçün dayaq nöqtəsinə çevrilməsin. Buna görə də Ermənistan üçün əsas məsələ belə mürəkkəb şəraitdə bu geosiyasi çağırışlara düzgün reaksiya verməkdir. Aydındır ki, Qərblə sıx təmaslar fonunda Tehranın Ermənistanla bağlı siyasi diqqəti yüksəkdir. İran tərəfi mümkün riskləri neytrallaşdırmaq və dialoqu möhkəmləndirmək məqsədilə Cənubi Qafqaz istiqamətində diplomatik fəallığı artırmağa çalışır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az