İranda küçələr yenidən qaynayır: rejim dəyişikliyi, yoxsa dərin transformasiyanın ağrısı? (ANALİZ)

2026/01/1768644026.jpg
Oxunub: 617     13:38     17 Yanvar 2026    
İran müasir tarixinin demək olar ki, bütün mərhələlərini etirazlar, ictimai narazılıqlar və dövri qırılmalarla yaşamış bir ölkədir. Tütün etirazlarından (1890-1892) Konstitusiya İnqilabına (1905-1911), İslam İnqilabından (1978-1979) “Yaşıl Hərəkat”a (2009) və “qadın, həyat, azadlıq” (2022) etirazlarına qədər uzanan bu uzun xətt göstərir ki, İranda etiraz istisna deyil, siyasi həyatın qurucu elementlərindən biridir. Bu etirazların böyük əksəriyyəti tarixi olaraq iqtisadi tələblərlə başlayıb, zamanla siyasi, mədəni və kimlik əsaslı etirazlarla dərinləşib.

Etirazların arxasında hansı səbəblər dayanır?

2025-ci il dekabrın 28-də başlayan son etiraz dalğası da bu tarixi davamlılığın bir hissəsidir. Valyuta məzənnəsinin rekord səviyyələrə çatması xüsusilə Tehrandakı ticarət mərkəzlərində sahibkarın dükanlarını bağlayaraq etiraz etməsinə səbəb olub. Bu iqtisadi narazılıq təəccüblü deyil. İran ABŞ-nin 2018-ci ildə başlatdığı “maksimum təzyiq” siyasəti səbəbindən uzun müddətdir ağır sanksiyalar altındadır. 2025-ci ilin iyununda İsraillə yaşanan və 12 gün davam edən münaqişə iqtisadi kövrəkliyi daha da artırdı, lakin əsas qırılma 2025-ci ilin sentyabrında baş verdi. Böyük Britaniya, Fransa və Almaniyanın Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində “tətik mexanizmi”ni işə salması nəticəsində Birləşmiş Millətlər Təşkilatının sanksiyaları yenidən qüvvəyə mindi.

Bu gün 19-cu gününə daxil olan etirazlar qaçılmaz olaraq “İran 1979-cu ili yenidənmi yaşayır?” sualını gündəmə gətirir. Lakin bu bənzətmə yanıldıcıdır. 1979-cu il İslam İnqilabının uğuru yalnız kütləvi səfərbərliklə izah edilə bilməz. Əsas müəyyənedici amil rejimin zirvəsində baş verən institusional dağılma idi. Şah Məhəmməd Rza Pəhləvinin ağır xəstəliyi, təhlükəsizlik qurumlarının ideoloji sədaqətinin zəifliyi və cəmiyyətlə birbaşa əlaqə qura bilən xarizmatik bir liderin mövcudluğu həlledici rol oynamışdı. On iki imam şiə inancına görə hər bir fərdin elm, təqva və ədalət baxımından ən üstün din alimi (təqlid mərcəsi) seçməsi prinsipi təxminən 15 il ölkə xaricində yaşayan Ayətullah Ruhullah Xomeyninin cəmiyyət üzərində təsirini gücləndirmişdi. Bundan əlavə, xüsusilə İran türklərinin bağlı olduğu Ayətullah Şəriətmədari kimi mühüm təqlid mərcəsinin Xomeyninin arxasında dayanması inqilabın geniş ictimai dəstək qazanmasına səbəb olmuşdu.

Bu gün isə ortada belə birləşdirici və xarizmatik lider yoxdur. Diqqət çəkən yeganə şəxs devrilmiş şahın böyük oğlu, 46 ildir ölkədə yaşamayan Rza Pəhləvidir. Küçələrdə xüsusilə gənclərin Pəhləvi şəkilləri asması və monarxiya dövrünün bayrağını sahiblənməsi son illərdə güclənən fars millətçiliyinin təzahürüdür. İslam İnqilabına qarşı çıxan və mahiyyət etibarilə türk və ərəb əleyhdarlığını da özündə daşıyan bu yeni fars millətçiliyi xüsusilə İranın ali rəhbəri Əli Xameneyidən sonrakı dövrdə ölkədə əsas mövqeyə gəlməyi hədəflədiyindən, mövcud geosiyasi təzyiqlərlə birlikdə etirazları bir vasitə kimi istifadə edir. Lakin bu vəziyyət etirazlara dəstəyin məhdud qalmasının əsas səbəblərindən biridir.

Etirazlar cəmiyyəti daimi şəkildə cəbhələşdirirmi?

Son etiraz dalğası İran cəmiyyətində rejim tərəfdarları ilə rejim əleyhdarları arasındakı fərqi daha görünən və sərt hala gətirdi. Lakin bu ayrılıq hələ institusional daxili cəbhələşməyə çevrilməyib. Bunun əsas səbəbi dövlətin repressiya imkanlarının hələ də çox güclü olması və müxalifətin parçalanmış struktura malik olmasıdır. Bununla belə, xüsusilə gənc nəsil arasında rejimlə bağların qopması artıq qalıcı sosioloji faktora çevrilməkdədir. Bu vəziyyət qısa müddətdə rejim dəyişikliyinə səbəb olmasa da, uzunmüddətli perspektivdə ictimai müqavilənin geri dönməz şəkildə aşınmasına gətirib çıxarır.

Əslində 2024-cü ilin iyunun 28-də keçirilən birinci tur və iyulun 5-də baş tutan ikinci tur prezident seçkiləri cəmiyyətin geniş təbəqələrinin rejimin gəlib çatdığı mərhələdən narazılığını açıq şəkildə əks etdirmişdi. Seçkilərdə iştirak birinci turda təxminən 40 faiz, ikinci turda isə 49 faiz civarında olmuşdu. Seçkilərdə iştirak etməyərək səssiz etiraz göstərən təxminən 50 faizlik bir kütlənin mövcud olduğunu demək mümkündür. Digər tərəfdən, inqilab dəyərlərinə sıx bağlılığı təmsil edən namizədlərdən Səid Cəlilinin topladığı təxminən 13 milyon səs ölkədə sərt rejim qaydalarını dəstəkləyən, heç də az olmayan bir əhalinin də mövcud olduğunu göstərir.

Lakin hazırda bütün bu daxili qütbləşmədən daha önəmli bir məsələ var: İrana qarşı mümkün xarici müdaxilə ehtimalı. ABŞ və ya İsrail mənbəli birbaşa müdaxilə rejimi zəiflətməkdən çox təhlükəsizlik elitalarının sıralarını daha da sıxlaşdırmasına səbəb ola bilər. Xarici təhdid algısı İran rejiminin ən təsirli legitimlik vasitələrindən biridir. 2025-ci ilin iyununda baş verən qısa, lakin intensiv İran-İsrail qarşıdurması və ABŞ-nin bu prosesə daxil olması bu dinamikanı gücləndirmişdi. ABŞ Prezidenti Donald Trampın etirazçılara dəstək mesajları və Pəhləvi sülaləsinin yenidən gündəmə gətirilməsi daxildə rejimin “xarici sui-qəsd” vurğusunu gücləndirib. Dövlət strukturları son etiraz dalğasını iyun ayındakı 12 günlük müharibənin davamı kimi təqdim edir və bunu “müharibənin 13-cü günü” başlığı altında izah edirlər. Bu isə göstərir ki, xarici müdaxilə rejim dəyişikliyini sürətləndirməkdən çox onu gecikdirmək potensialına malikdir.

Son etirazlar əvvəlkilərdən fərqlidirmi?

İqtisadi tələblər hələ də əhəmiyyətli olsa da, rejimin ideoloji və mədəni dayaqlarına yönələn etirazlar artıq daha açıq şəkildə özünü göstərir. Xüsusilə şəhərli gənclər arasında yüksələn fars millətçiliyi və Pəhləvi nostaljisi İslam Respublikasının yaratdığı qapalı sistemi rədd etməyin ifadəsinə çevrilib. Lakin bu diskursun etnosentrik xarakteri, xüsusilə İran türklərini etirazlardan uzaqlaşdırır və hərəkatın ümummilli səviyyədə birləşmiş müxalifətə çevrilməsini çətinləşdirir.

Nəticə etibarilə, bu etirazlar qısa müddətdə rejim dəyişikliyinə gətirib çıxarmayacaq. Lakin rejimin mövcud forması ilə davamlılığı da sürətlə azalır. Əsas qırılma nöqtəsi etirazlar deyil, Xameneyi sonrası dövr olacaq. Həmin mərhələdə elitlərarası rəqabət, etnik çatlar və mərkəz-ətraf gərginliyi daha da görünən hala gələ bilər. Bu ssenaridə bir çox ehtimal mövcuddur, lakin önə çıxan üç variant bunlardır:

Birincisi, təhlükəsizlik qurumlarının rəhbərliyində rejimi qoruyan, lakin daha sərt bir keçid rejimi. İkincisi, milli ordu (Arteş) mərkəzli, dövlətin varlığını ön planda tutan aralıq rejim. Üçüncüsü isə Həsən Ruhani kimi fiqurların təmsil edə biləcəyi, ali rəhbərlik institutunu qoruyaraq sistemi yeniləyən nəzarətli transformasiya.

Beləliklə, İrandakı son etirazlar bir inqilabın deyil, uzunmüddətli bir transformasiyanın sancılarının göstəricisidir. Rejim bu gün ayaqda qala bilər, lakin cəmiyyətlə arasındakı məsafə bağlanmır, əksinə daha da dərinləşir. Bu səbəbdən artıq əsas sual “rejim devriləcəkmi?” deyil, “rejim bu vəziyyətdə nə qədər müddət ölkəni idarə edə biləcək?” sualıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Etiraz  


Bizi "telegram"da izləyin