Müasir Hava Müharibəsində Yeni Paradiqma: JSM və Dəyişən Taktikalar

2026/01/Ekran-1767770081.jpg
Oxunub: 490     13:31     15 May 2026    
Norveçin müdafiə sənayesi şirkəti “Kongsberg” tərəfindən ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmaqda olan “Joint Strike Missile” əvvəlki ABŞ “hava-yer” raketlərində mövcud olmayan əsas gizlilik xüsusiyyətlərini özündə birləşdirir.

“Kongsberg Defense and Aerospace” ABŞ Hərbi Hava Qüvvələrinin “Joint Strike Missile” (JSM) proqramı üzrə ikinci partiya istehsalı üçün 240,9 milyon ABŞ dolları məbləğində sabit qiymətli müqavilə qazanıb. Onlayn ixtisaslaşmış nəşr olan “Army Recognition”un məlumatına görə, bu, tam yığılmış raketləri, konteynerləri, sınaq avadanlıqlarını və dəstək vasitələrini əhatə edən yeganə mənbədən verilmiş sifarişdir və işlər 2028-ci il noyabrın 30-dək Norveçdə yerinə yetiriləcək.

“Joint Strike Missile” beşinci nəsil çoxməqsədli F-35A “Lightning II” döyüş təyyarəsinin daxili bölməsində daşınmaq üçün layihələndirilib.

“Joint Strike Missile” raketi haqqında

Quru və dəniz hədəflərinə zərbələr endirmək üçün nəzərdə tutulmuş, havadan buraxılan stels tipli qanadlı raket olan JSM-in çəkisi təxminən 917 funt, uzunluğu isə 156 düymdür. O, yüksək subsəs sürətlərə çata bilir və 189 dəniz mili məsafəyə malikdir. Raketdə yüksək partlayış qabiliyyətli-qəlpəli döyüş başlığı istifadə olunur. GPS, daxili naviqasiya sistemi, relyef üzrə naviqasiya (TERCOM), avtonom hədəf tanıma funksiyalı görüntüləyici infraqırmızı axtarış başlığı bu silahın yüksək dəqiqliyini təmin edir.

Bu xüsusiyyətlər xüsusilə müasir dövrdə radioelektron qarışdırma şəraitində böyük əhəmiyyət daşıyır. GPS peyk siqnalları bloklana bilər. Digər istiqamətləndirmə sistemlərinin mövcudluğu ehtiyatlılıq və davamlılıq yaradır. Uçuş zamanı ikiistiqamətli, “Link 16” ilə uyğun məlumat ötürmə kanalı tətbiq olunur.

Raketin özü gizli konstruksiyaya malikdir və F-35A-nın daxili bölməsində yerləşdirildiyinə görə daha da görünməz olur. Bu silah eyni zamanda F/A-18E/F və F-15E döyüş təyyarələri tərəfindən də daşına bilir.

JSM-in aşağı hündürlükdə, dəniz səthinə yaxın uçuş profili ona raketə qarşı müdafiə sistemlərindən yayınmağa imkan verir. Maraqlıdır ki, “Joint Strike Missile” əslində “Kongsberg” şirkətinin dəniz üçün nəzərdə tutulmuş “Naval Strike Missile” raketinin havadan buraxılış üçün uyğunlaşdırılmış variantıdır.

Sənaye nəşri olan “Defence Blog”un yazdığına görə, “Joint Strike Missile” ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin digər zərbə silahlarını tamamlayaraq, qorunan hava məkanına nüfuz edə bilən davamlı seçim təqdim etməlidir. Raket F-35 tərəfindən daxili şəkildə daşındıqda, təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinə məruz qalma riskini azaltmaqla uzaq məsafələrdən hədəflərə zərbə endirə bilir.

JSM layihəsi niyə vacibdir?

Bu proqramın əhəmiyyəti də məhz buradan irəli gəlir.

Ukrayna müharibəsi göstərdi ki, qabaqcıl hava hücumundan müdafiə sistemləri ənənəvi hava müharibəsi doktrinasını ciddi şəkildə iflic edir. Rusiyanın üç ildən artıq davam edən müharibə təcrübəsi sübut etdi ki, mübahisəli ərazilərdə üstün hava gücünü etibarlı şəkildə tətbiq etmək artıq mümkün deyil. Bu səbəbdən Kreml yeni hava müharibəsi doktrinasını görmə xəttindən kənar imkanlara əsaslandırmağa məcbur qalıb.

Bu yanaşma rus döyüş təyyarələrinin Ukrayna hədəflərinə qarşı tapşırıqları icra edərkən sağ qalma ehtimalını artırmaqla yanaşı, zərbələrin effektivliyini də qoruyub saxlayıb.

Dünya bu prosesləri diqqətlə izləyib və artıq hamı anlayır ki, hava əməliyyatları üçün uzun illər planlaşdırılmış yanaşmalar işlək deyil.

Getdikcə təkmilləşən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları sürüləri və digər radioelektron qarışdırma üsulları fonunda hava üstünlüyü hətta dünyanın ən güclü hava qüvvələri üçün belə getdikcə keçici xarakter alır.

Məhz buna görə amerikalılar müasir döyüş meydanında hava bombardmanının daha mürəkkəb olacağı reallığını nəzərə alaraq silahlarını və taktikasını yenidən formalaşdırmalı olurlar. Bu, hətta ABŞ-dən zəif görünən rəqiblərə qarşı da keçərlidir.

Elə buna görə də yeni “Joint Strike Missile” ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün xüsusi əhəmiyyət daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   JSM   Raket  


Bizi "telegram"da izləyin