Etirazların əksər hallarda ilkin tələblərindən uzaqlaşmağa meyilli olduğu, ABŞ və İsrail başda olmaqla xarici aktorlar və onların dəstəklədiyi, xaricdə təşkilatlanmış sistem əleyhdarı İran müxalifəti tərəfindən zorakılıq istiqamətində yönləndirildiyi müşahidə olunur. Bu vəziyyət dövlətin etirazlara təhlükəsizlik prizmasından yanaşmasına və güc tətbiq etməklə onları yatırmasına zəmin yaradır. Təhlükəsizlik yönümlü yanaşmanın kölgəsində qalan İranın xroniki siyasi problemləri davam etdiyi halda, hər bir etiraz dalğası siyasi yaddaşda dövlət əleyhinə narazılığı daha da artıran növbəti hadisə kimi qeyd olunur.
İranda son mühüm etiraz aksiyaları 2022-ci ilin noyabrında Məhsa Əmini adlı gənc qızın hicab qaydalarına əməl etmədiyi iddiası ilə əxlaq polisi tərəfindən saxlanılmasından və daha sonra həyatını itirməsindən sonra başlamışdı. Aylarla davam edən bu etirazlar ölkə tarixinin ən qanlı hadisələri sırasına daxil olub. Bu etirazlar zamanı 500-dən çox insan həyatını itirmişdi. İran siyasəti də bu hadisələrdən kənarda qalmamış, siyasi elitalar cəmiyyətin tələblərinin boğucu səsinə laqeyd qala bilməmişdi. Bu gün İran küçələrində qadınların başörtüyü taxmadan görünə bilməsində Məhsa Əmini etirazlarının rolu çox böyükdür.
Pezeşkianın yanaşması
Son günlərdə baş verən etirazlar dollar məzənnəsinin yüksəlməsi və ümumi iqtisadi pisləşmə səbəbilə başlayıb. 2017-ci ildən etibarən getdikcə ağırlaşan iqtisadi mənzərə İsrail ilə yaşanan 12 günlük toqquşma və Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının geri qayıtması ilə kritik həddə çatıb. Bu şəraitdə etirazlar zamanı tələbələrin ön sıralarda yer alması təəccüblü deyil, lakin sosial-iqtisadi baxımdan mövcud nizamın dayağı sayılan Tehran Böyük Bazarı dükan sahiblərinin mağazalarını bağlayaraq etirazlara qoşulması vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
İran prezidenti Məsud Pezeşkian bu mənzərə qarşısında sələfindən fərqli bir yanaşma sərgiləməyi seçib. O, iqtisadi tələblərin haqlı və legitim olduğunu bildirib, daxili işlər naziri İskəndər Muminiyə nümayişçilərlə dialoq qurmaq tapşırığı verib, Mərkəzi Bankın sədrini dəyişib və ölkə üzrə internet məhdudiyyətləri tətbiq etməyib. Pezeşkian eyni zamanda siyasi məsuliyyəti üzərinə götürərək ölkə daxilindəki iqtisadi problemlərin idarəçilərin səhvləri və nöqsanlarından qaynaqlandığını qeyd edib. Qısası, Pezeşkian bu addımlarla hadisələrin səngiməsinə nail olmağı hədəfləyib.
Pezeşkianın bu məsələdə qismən uğur qazandığını demək olar. Çünki Məhsa Əmini etirazlarından fərqli olaraq, bu dəfə kütləvi, ölkə miqyasında, xüsusilə də böyük şəhər mərkəzlərini əhatə edən və təşkilatlanmış aksiyalar müşahidə edilmir. Əvəzində, qismən, pərakəndə, qəfil ortaya çıxan və təşkilat izi daşıdığı düşünülən, zorakılıq yüklü aksiyalar diqqət çəkir. Xüsusilə Sistan-Bəlucistan kimi onsuz da tez-tez qanlı toqquşmaların baş verdiyi vilayətdə bu mənzərəni görmək mümkündür. Zorakılığa əl atan nümayişçilər nizamın hadisələri təhlükəsizlik prizmasından qiymətləndirməsini asanlaşdırır. Bu arada dinc nümayişçilər də hadisələrin səngiməsi naminə səhnədən çəkilirlər.
Pezeşkianın mövqeyi onun islahatçı kimliyi ilə uzlaşan siyasi xətti göstərir və eyni zamanda daxildəki müxaliflərinə qarşı müəyyən qoruma yaradır. Çünki başlanğıcdan etibarən Pezeşkiana qarşı olanlar iqtisadi problemləri və etirazların yaratdığı xərcləri mövcud hökumətin üzərinə yükləməyə çalışırlar. Lakin prezidentin yumşaq, özünütənqiddən çəkinməyən və təvazökar üslubu rəqiblərini təsirsiz hala gətirir.
Xarici müdaxilə ehtimalı
ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu başda olmaqla ABŞ-İsrail ortaq cəbhəsindən bir çox şəxs etirazlara dəstək bəyanatları verib. Tramp hətta “nümayişçilərə qarşı güc tətbiq edilərsə, İrana müdaxilə edilə biləcəyi” ilə hədələyib. İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani kimi rəsmi şəxslər də bu açıqlamalar üzərindən etirazların legitimliyini sual altına almaqda gecikməyiblər.
ABŞ-nin Venesuelada tətbiq etdiyi tipdə bir müdaxiləni İran səhnəsində həyata keçirməsi mümkün deyil. Trampın genişmiqyaslı müharibə istəmədiyi də faktdır. Onun təhdid xarakterli açıqlamaları bir tərəfdən İsrail cəbhəsinə, digər tərəfdən isə öz elektoratına yönəlmiş ritorik gedişlər kimi qiymətləndirilə bilər. Bu kontekstdə 2025-ci ilin iyununda İran ilə İsrail arasında baş vermiş toqquşmaya bənzər məhdud bir qarşıdurma ehtimalı istisna edilmir. Lakin bu halda da 2025-ci ilin iyununda olduğu kimi İran cəmiyyətinin xarici düşmənə qarşı sürətlə birləşməsi baş verəcək. Buna görə də istənilən halda xarici müdaxilənin yaratdığı dağıntı, intensivlik və miqyasından asılı olaraq, İranda yumşaq hakimiyyət dəyişikliyi və ya “rejim dəyişikliyi” ilə nəticələnməyəcək.
Siyasi islahat ehtiyacı
Mövcud etirazların hələlik sistemi yıxacaq potensialı yoxdur. Hər şeydən əvvəl İranda təşkilatlanmış və açıq şəkildə sistem əleyhdarı olan bir müxalifət mərkəzi mövcud deyil. Pəhləvi tərəfdarları öz apardıqları təbliğatın təsiri altına düşmüş, ölkə daxilində real dayağı olmayan bir qrupdur. Son aylarda onların sosial mediadakı fəallığının internet botları vasitəsilə süni şəkildə artırıldığı da məlum olub. İranda əhalinin heç də az olmayan hissəsi mövcud sistemi hələ də dəstəkləyir. Cəmiyyətin mühüm bir qismi isə mövcud vəziyyəti bəyənməsə belə, sistemin islahat yolu ilə dəyişdirilə biləcəyinə inanır. Sistem əleyhdarlarının sayı son illərdə artsa da, onların siyasi kapitalı ciddi nəticə əldə etmək üçün kifayət etmir.
Etirazlar İran siyasətində struktur islahatlara olan ehtiyacı bir daha gündəmə gətirib. Xüsusilə İsrail ilə yaşanan qarşıdurmadan sonra xarici müdaxilələr fonunda cəmiyyətin birliyinin təmin edilməsinin həyati əhəmiyyəti aydın olmuşdu. İndi isə aylardır gözlənilən ikinci müharibə ehtimalının kölgəsində bu islahatın təcili olduğu daha aydın görünür. Etirazlardan bir qədər əvvəl Pezeşkian “ABŞ, Avropa və İsrail ilə genişmiqyaslı müharibə vəziyyətindəyik. Bu müharibə İran-İraq müharibəsindən daha mürəkkəb və çətindir” deyərək İrandakı vəziyyətin ağırlığını təsvir etmişdi.
İran siyasətində islahatçı və mühafizəkar kateqoriyalar artıq izah gücünü, inandırıcılığını və siyasi cazibəsini itirib. İran sabit bir quruluşa qovuşmaq istəyirsə, siyasi institut ölkənin ümumi problemlərini həll edə bilmək üçün açılımlara getməlidir. Bu çərçivədə dövlət-cəmiyyət münasibətlərinin yenidən nəzərdən keçirilməsi və xüsusilə iqtisadi problemlərə təcili həll yollarının tapılması qaçılmaz görünür. Bunu reallaşdırmaq üçün isə İranın təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də mənalı addımlar atması zəruridir.
Asif Cəfərov
Ordu.az