Rusiya-Ukrayna müharibəsi: Sülh axtarışları və 2026-cı il gözləntiləri – Türkiyə Milli Kəşfiyyat Akademiyasının professoru yazır

2026/01/thumb-1767612612.jpg
Oxunub: 1661     11:21     06 Yanvar 2026    
Hesablamalara görə, Ukraynada müharibə başa çatdıqdan sonra mümkün Rusiya hücumunun qarşısını almaq üçün 100-150 min hərbçi tələb olunur. NATO-nun 1999-cu ildə sülhməramlı qüvvə kimi 48 min hərbçi ilə fəaliyyətə başladığı xatırlanmalıdır. ABŞ-nin hərbçi göndərmək niyyəti olmadığı üçün bu şəraitdə avropalıların qeyd olunan saylara çatması olduqca çətin görünür.

Türkiyə Milli Kəşfiyyat Akademiyasının müəllimi, professor Nurşin Ateşoğlu Güney

Dördüncü ilinə daxil olacaq Rusiya-Ukrayna müharibəsində ABŞ toqquşmaların başa çatdırılması məqsədilə noyabr ayında sülh təşəbbüsü adı altında 28 maddəlik yeni planı döyüşən tərəflərə təqdim edib. Bu məsələ ilə bağlı Ukrayna həm ABŞ, həm də avropalılar səviyyəsində danışıqlar aparıb, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Moskvaya gedərək Rusiya tərəfini Ukrayna ilə aparılan danışıqlar barədə məlumatlandırıb. Bütün bu proses dekabr ayı ərzində Mayami mərkəzli diplomatik trafikə, əsasən ABŞ nümayəndə heyətinin Rusiya və Ukrayna nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşlərinə yol açıb.

Mayami görüşündən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə avropalılar arasında aparılan danışıqların sonunda Qərb ölkələrinin Ukraynaya NATO-dakı 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanəti verməyə razı olduğu, əvəzində isə Vaşinqtonun Kiyevdən müəyyən ərazi güzəştləri tələb etdiyi üzə çıxmışdı. Vaşinqtonun mümkün sülh planında bu ərazi tələblərini şərt kimi irəli sürməsi əslində Rusiyanın Ukraynaya qarşı ərazi iddialarında nə qədər israrlı olduğunu və bu məsələdə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin mövqelərinə yaxın dayandığını göstərir.

Nəticə etibarilə, 2025-ci il dekabrın 22-də Mayamidə Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev və Ukraynanın milli təhlükəsizlik üzrə müşaviri Rüstəm Umerov arasında keçirilən görüşləri Ağ Ev nümayəndəsi Uitkoff səmərəli və konstruktiv adlandırsa da, təəssüf ki, sülh danışıqları baxımından konkret nəticə əldə olunmayıb. Məlum olduğu kimi, ötən həftə Berlində bir araya gələn Avropa, ABŞ və Ukrayna tərəfləri müəyyən mövzularda razılaşma əldə olunduğunu ictimaiyyətə açıqlamışdılar ki, bu da Ukrayna sülh prosesi ilə bağlı müsbət gözlənti yaratmışdı. Lakin Mayami görüşündən sonra Rusiya tərəfindən verilən açıqlamalar vəziyyətin gözlənildiyi kimi parlaq olmadığını göstərib. Görüşdə iştirak edən rusiyalı rəsmilər Mayamidə təklif olunan sülh planının əsasən avropalıların və Ukraynanın üstünlüklərini əks etdirdiyini bildirərək, konstruktiv nəticənin ortaya çıxmadığını vurğulayıblar. Ukrayna tərəfindən verilən açıqlamalarda isə Ukrayna ilə bağlı sülhün əldə olunması üçün Vaşinqtonun Rusiyaya daha çox təzyiq göstərməsinin vacibliyi qeyd edilib. Bu isə Kiyev üçün yeni tələb deyil.

ABŞ və Avropanın mövqeyi

Ukrayna müharibəsində hazırkı bu mərhələdə döyüşən tərəflərin üç il ərzində bir-birini qəti şəkildə məğlub etməsi mümkün olmayıb. Nəticədə hər iki tərəf üçün tükəndirici müharibəyə çevrilən bu qarşıdurmada Trampın əsas prioriteti Qəzza və Ukrayna müharibələrini mümkün qədər tez başa çatdırmaqdır. Bununla Vaşinqton administrasiyası ABŞ-nin Amerika qitəsindəki hegemonluğunu möhkəmləndirməyə, orta və uzunmüddətli perspektivdə isə ABŞ-nin Asiya-Sakit okean bölgəsindəki təsir dairəsini Çinə qarşı qorumağa və gücləndirməyə daha rahat fokuslana biləcək.

Noyabr ayında ictimaiyyətə açıqlanan ABŞ milli təhlükəsizlik sənədində Avropa, Asiya və Amerika qitəsi ilə bağlı ifadələrin Trampın bu üstünlükləri ilə üst-üstə düşməsi təsadüf deyil. Avropalıların son dövrlərdə Ukraynaya verdiyi yeni dəstəklərin arxasında isə Rusiyanın zamanla tam şəkildə zəiflədilməsini arzulamaq motivi dayanır. Macarıstan və bir-iki Avropa dövləti istisna olmaqla, Avropa İttifaqının lokomotivi sayılan Almaniya və Fransa kimi ölkələrin dəstəyi ilə Kiyev müharibəni davam etdirmək üçün Avropa İttifaqından yeni kredit əldə etməyə nail olub. Zelenskinin Brüsselin təqdim etdiyi bu maliyyə dəstəyindən cəsarət alaraq Rusiya ilə mümkün sülh mövzusunda müqavimət göstərməyə davam etməsi də təəccüblü deyil.

ABŞ-nin son təhlükəsizlik sənədində də göründüyü kimi, ABŞ ilə Avropa arasında mövcud olan transatlantik çat və gərginlik bu həftə etibarilə Ukrayna məsələsində bir daha üzə çıxıb. Trampın Avropa ölkələrini çürüyən aktorlar, Avropa liderlərini isə zəif liderlər kimi təsvir etməsindən sonra, Avropa İttifaqı ölkələrinin Macarıstan prezidenti Viktor Orbanın etirazlarına baxmayaraq, əks cavab verdiyi müşahidə olunub. Bu çərçivədə Avropa İttifaqı Rusiyanın Mərkəzi Bankına məxsus İttifaq ərazisində yerləşən 210 milyard avro dəyərində aktivlərin dondurulması barədə qərar qəbul edib. Bu qərarın icrası üçün isə Brüssel razılaşmalarında yer alan fövqəladə vəziyyət maddəsi işə salınıb. Əslində, Mayami toplantısından dərhal əvvəl Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit verməyə razılıq verməsi də Brüsselin Trampın ikinci dövründə tətbiq etdiyi transaksion siyasət tərzinə verdiyi reaksiyanın nəticəsidir.

Sülh niyə çətindir?

Hazırkı mərhələdə Ukraynada mümkün sülh şərtlərinin formalaşmasının qarşısında duran və həlli çətin olan əsas məsələləri ilk üç maddə ilə ifadə etsək, aşağıdakı mənzərə yaranır. Birincisi, ərazi məsələsinin tərəflər arasında hələ də problemli mövzu olaraq qalmasıdır. İkincisi, müharibədən sonrakı dövrdə Zaporojye nüvə reaktorunun tənzimlənməsi, nəzarətin necə təmin ediləcəyi kimi bir çox mövzuda dalan vəziyyətinin yaşanmasıdır. Üçüncüsü isə ABŞ-nin Ukraynaya vəd edilən təhlükəsizlik zəmanətləri çərçivəsində fiziki olaraq prosesdə iştirak etmək istəməməsidir.

Tərəflərin mətbuata verdiyi açıqlamalardan da göründüyü kimi, Ukraynada sülh sazişinə nail olmaq üçün hələ xeyli yol qət edilməlidir. Putinin Rusiyanın iyun ayına qədər cəbhədəki hədəflərinə çatmaq üçün səylərini davam etdirəcəyini bildirməsi bu qənaəti təsdiqləyir. ABŞ-nin mümkün sülh sazişindən sonra sülhməramlı qüvvə ideyasından uzaq qalması da avropalıların işini çətinləşdirir. Hesablamalara görə, Ukraynada müharibə başa çatdıqdan sonra mümkün Rusiya hücumunun qarşısını almaq üçün 100-150 min hərbçi tələb olunur. NATO-nun 1999-cu ildə sülhməramlı qüvvə kimi 48 min hərbçi ilə fəaliyyətə başladığı xatırlanmalıdır. ABŞ-nin hərbçi göndərmək niyyəti olmadığı üçün bu şəraitdə avropalıların qeyd olunan saya çatması olduqca çətin görünür. Bundan əlavə, Rusiyanın Ukraynada sülhməramlı qüvvə kimi NATO kontingentini görmək istəməməsi də mühüm detallardan biridir.

Bu şərtləri nəzərə alan Tramp administrasiyasının Ukraynaya niyə “Tomahawk” raketləri tədarük etmək istədiyi də bu kontekstdə aydın olur. ABŞ prezidenti bu yolla Rusiyanı danışıqlar masasında razı salmaq üçün Kiyevin çəkindirmə qabiliyyətini qorumağı hədəfləyir. Bu şərtlər altında 2026-cı ildə də ABŞ-nin istəyinin əksinə olaraq Ukrayna müharibəsinin müəyyən tempdə, ən azı yaya qədər davam edəcəyini proqnozlaşdırmaq olar.

Bu məqamda Türkiyənin indiyədək Ukrayna müharibəsinin tərəflərini bir araya gətirməsi, heç olmasa tərəflər arasında dialoqun kəsilməməsi və mübadilə razılaşmalarının əldə olunub icra edilməsi ciddi diplomatik təşəbbüslər kimi yadda qalıb. Ankara hər iki tərəflə dialoq quran ölkə olaraq sülh naminə üzərinə düşən bütün vəzifə və məsuliyyətləri üzərinə götürməyə davam edir və yeni ildə də bu vəziyyət dəyişməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   2025   2026  


Bizi "telegram"da izləyin