Venesuela hökuməti bunu “imperialist hücum” adlandırıb və vətəndaşları küçələrə çıxmağa çağırıb. Prezident Tramp əməliyyatı ilk olaraq belə elan edib: “Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro və həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb”.
ABŞ prezidenti Donald Tramp Venesuelanın “təhlükəsiz” keçid prosesi tamamlanana qədər Vaşinqton tərəfindən “idarə olunacağını” iddia edib. Rusiya, İran, Braziliya və digər ölkələr hücumu pisləyərək bunun “beynəlxalq hüququn pozulması” olduğunu bildiriblər. BMT-nin Baş katibi Antonio Quterreş hücumun “təhlükəli presedent” yaratdığını açıqlayıb. Almaniya, Avropa İttifaqı, Britaniya və digərləri Maduronun devrilməsini müsbət qarşılayıb, seçkilərə çağırış edərkən beynəlxalq hüquqa hörmət göstərilməsi tələbi də irəli sürüblər.
Bizim qənaətimizə görə, Tramp administrasiyasının Venesuelada Maduronu hakimiyyətdən uzaqlaşdırması ABŞ-nin 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında açıq şəkildə göstərilən Monro Doktrinasının “Tramp əlavəsi”nin faktiki olaraq işə salınmasıdır. Bu addım ABŞ-nin Mərkəzi və Cənubi Amerikadakı “arxa həyətində” sarsıdıcı strateji üstünlüyü yenidən bərpa etmək məqsədi daşıyır və təkcə Kuba-Kolumbiya-Meksikaya deyil, bilavasitə Pekin və Moskvaya açıq çağırışdır.
Bu mövqeyimizi təsdiqləyən şəkildə Venesuelanın “hücum silahları” əldə etdiyini və bu silahların istifadə olunduğunu iddia edən Tramp bildirib ki, bu addımlar ABŞ-nin Monro Doktrinasına qədər uzanan xarici siyasət prinsiplərini pozur. Tramp Monro Doktrinası ilə bağlı deyib: “Yeni milli təhlükəsizlik strategiyamızla bunu artıq unutmayacağıq. Amerikanın Qərb yarımkürəsindəki hakimiyyəti bir daha əsla müzakirə mövzusu olmayacaq”.
Kolumbiya prezidenti Qustavo Petroya da yönələn Tramp əvvəlki açıqlamalarını təkrarlayaraq bu ölkədən ABŞ-yə kokain göndərildiyini iddia edib. Tramp bildirib: “(Petronun) kokain istehsal etdiyi fabrikləri var, kokaini istehsal edib ABŞ-yə göndərir. Onun diqqətli olması lazımdır”. Tramp qeyd edib ki, hərbi əməliyyat Venesuelada ABŞ “hakimiyyətini” və ya ABŞ vətəndaşlarının həyatını “təhdid edə biləcək” digərləri üçün də xəbərdarlıq xarakteri daşıyır.
Donald Tramp Kolumbiya, Meksika və Kubanı hədəf göstərərək bu ölkələrin də oxşar aqibətlə üzləşə biləcəyinə işarə edib. Meksika sərhədində təhlükəsizlik və narkotik axını ilə bağlı narahatlığını ifadə edən Tramp Venesuelaya hücumun xəbərdarlıq olub-olmaması barədə açıq təsdiq verməsə də, “nəsə etmək lazımdır” deyib.
Tramp Kolumbiya prezidenti Qustavonu “Kokain istehsal etdiyi fabrikləri var, kokaini istehsal edib ABŞ-yə göndərir” sözləri ilə hədələyib. Tramp eyni zamanda Kubaya da mesaj göndərərək deyib: “Kuba çökməkdə olan ölkədir və biz onun xalqına kömək etmək istəyirik. Məncə, Kuba da danışacağımız ölkələrdən biri olacaq”.
Çili prezidenti Qabriel Borik isə “Bu gün Venesuela, sabah isə istənilən başqa ölkə ola bilər” deyərək narahatlığını ifadə edib.
Hərbi əməliyyatın təhlili
ABŞ son aylarda bölgədə hərbi imkanlarını artırır. Ən mühüm addım noyabr ayının ortalarında USS “Gerald Ford” aviadaşıyıcı zərbə qrupunun və bir çox digər döyüş gəmilərinin Karib hövzəsində yerləşdirilməsi ilə atılıb. ABŞ Baş Qərargah rəisi general Den Keyn bildirib ki, Mütləq Qətiyyət Əməliyyatı aylarla davam edən planlaşdırma və təlimlər tələb edib və qüvvələr uyğun hava şəraitini gözləyib.
General Den Keyn deyib: “Gecə düşərkən helikopterlər tərkibində hüquq-mühafizə qüvvələrinin də olduğu təxliyə dəstəsi ilə birlikdə havaya qalxdı və su səviyyəsindən 100 fut yuxarıdan Venesuelaya doğru uçuşa başladı”. Helikopterlər sahilə yaxınlaşarkən pilotsuz uçuş aparatları, bombardmançı təyyarələr və döyüş təyyarələri də daxil olmaqla digər hava vasitələri tərəfindən qorunub. Keyn qeyd edib: “Bu qüvvələr ABŞ Dəniz Piyadaları, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Hava Qüvvələri və Hava Milli Qvardiyasına məxsus təyyarələr tərəfindən mühafizə olunurdu”.
Mühafizə qüvvəsi F-22, F-35, F-18 E/A, B-2, B-1 və digər dəstək təyyarələri ilə yanaşı, çoxsaylı uzaqdan idarə olunan pilotsuz uçuş aparatlarını da əhatə edib.

Keynin sözlərinə görə, helikopterlər Karakasa yaxınlaşarkən ABŞ Venesuelanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb və fəaliyyətsiz vəziyyətə salıb, eyni zamanda “helikopterlərin hədəf əraziyə təhlükəsiz keçidini təmin etmək” üçün yüksək texnologiyaya malik sistemlər tətbiq edib. Keynin bildirdiyinə görə, helikopterlər obyektə çatdıqdan sonra atəşə məruz qalıblar, lakin fəaliyyətlərini davam etdiriblər. Yenə Keynin sözlərinə əsasən, ABŞ qüvvələri və Federal Təhqiqat Bürosu sonda obyektə daxil olub, nəticədə Maduro ilə həyat yoldaşı “təslim olub” və saxlanılıblar. Tramp Maduronun ələ keçirilməsi zamanı qaçmağa cəhd etdiyini deyib. “Təhlükəsiz bir yerə girməyə çalışırdı”, - deyə Tramp jurnalistlərə bildirib. “Təhlükəsiz yer tamamilə poladdan hazırlanmışdı və bizim adamlarımız çox sürətli olduqları üçün qapıya çata bilmədi”, - deyə o açıqlama verib.

Keyn əməliyyatın detalları haqqında danışarkən “bu cür tapşırığı yenidən üzərimizə götürmək ehtimalımız hər zaman var” deməklə, gələcəkdə başqa əməliyyatların da həyata keçirilə biləcəyinə dair arqumentin qapısını açıq saxlayıb. Xilasetmə qrupunu paytaxta çatdırmaq üçün 150-dən çox təyyarədən istifadə olunub. Səlahiyyətli şəxs əməliyyat zamanı heç bir ABŞ hərbçisinin həlak olmadığını, “çox az” sayda yaralının olduğunu da əlavə edərək əməliyyatı canlı izlədiyini bildirib. Maduro və həyat yoldaşı əvvəlcə bir gəmiyə, daha sonra isə təyyarəyə mindirilib və təyyarə Nyu-York ştatında, Manhettendən təxminən 97 kilometr şimalda yerləşən “Stewart” Hava Milli Qvardiya Bazasına enib.

ABŞ hücum qüvvəsi beş hədəfə cəmləşib: “Generalissimo Fransisko de Miranda” Hava Bazası, “La Karlota” kimi tanınan hava limanı, Karakasda mühüm hərbi obyekt olan “Fuerte Tiuna”, Karakasın Karib dənizinə açılan əsas qapısı sayılan “La Guaira” limanı və Miranda ştatında yerləşən “Higuerote” hava limanı. “Antenas El Volkan” isə Miranda ştatında, yüksək zirvə olan “Cerro El Volkan” üzərindəki telekommunikasiya qülləsini hədəf alıb. Ordunun elit “Delta Force” komandolarının sübh vaxtı həyata keçirdiyi basqın ABŞ Hərbi Dəniz Qüvvələrinin “SEAL Team 6” bölməsinin 2011-ci ildə Pakistanda bir təhlükəsiz evdə Usamə bin Ladeni öldürməsindən etibarən növünün ən riskli hərbi əməliyyatı hesab olunur.
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələri generalı Den Keynin sözlərinə görə, ordu eyni zamanda ABŞ-nin bir çox kəşfiyyat qurumları ilə genişmiqyaslı şəbəkə qurub. Müharibə naziri Pit Heqset açıqlamasında deyib: “Bu, əvvəlcə Amerika deməkdir, bu, güc yolu ilə sülhdür və ABŞ Müharibə Nazirliyi bunu reallaşdırmağa kömək etməkdən qürur duyur”. Müharibə naziri Pit Heqset ABŞ-nin Venesuelaya müdaxiləsinin və Nikolas Maduronun ələ keçirilməsinin ABŞ-nin İraqı işğalının “tam əksi” olduğunu bildirib. Heqset deyib: “Onilliklər boyu qan tökərək əziyyət çəkdik və bunun müqabilində iqtisadi baxımdan heç nə əldə etmədik, Prezident Tramp isə vəziyyəti tərsinə çevirib”. O bildirib ki, strateji addımlar sayəsində ABŞ əlavə sərvət və resurslara çıxış əldə edə bilər və bu resursların azad olunması üçün Amerika vətəndaşlarının qanı tökülməsinə ehtiyac qalmaz.
ABŞ-nin yeni Monro Doktrinası ilə Çin və Rusiyaya meydan oxumasının nəzəri və strateji arxa planı

ABŞ 1962-ci il Kuba raket böhranından etibarən Karib hövzəsində ən böyük hərbi cəmləşməni niyə həyata keçirdi və Venesuelaya hərbi hücum etdi? 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında ümumiləşdirilən Monro Doktrinasının “Tramp əlavəsi” rəsmi olaraq qüvvəyə minib. Çin Xalq Azadlıq Ordusunun Qərb yarımkürəsində döyüş əməliyyatları simulyasiyası apardığına dair xəbərlərdən və Çinin Latın Amerikasına yönəlmiş yeni rəsmi strategiyasının bölgəni ABŞ təhlükəsizliyi üçün xüsusi əhəmiyyətə malik ərazi kimi tanımaqdan imtina etməsindən cəmi bir neçə gün sonra Vaşinqton yarımkürə təhlükəsizliyinə dair çoxdan gözlənilən bağlılığını nümayiş etdirib. Tramp administrasiyasının Venesuelada Maduronu hakimiyyətdən uzaqlaşdırması təkcə Kuba və Nikaraqua kimi yarımkürədəki düşmən rejimlərə mesaj deyil, eyni zamanda Pekin və Moskvada Tramp administrasiyasının ABŞ maraqları ilə uyğun təhlükəsizlik nizamına sadiqliyinin açıq göstəricisi kimi qəbul ediləcək qlobal çəkindirmənin yenidən bərpası cəhdidir.
Doktrinanın əsas prinsipləri sonrakı administrasiyalar dövründə inkişaf etməyə davam edib. 1904-cü ildə Prezident Teodor Ruzvelt ABŞ-nin müəyyən şərtlər daxilində Amerika qitəsinə müdaxilə etmək hüququna malik olduğunu bildirən “Ruzvelt Prinsipi”ni əlavə edib. Bu prinsip ABŞ hökumətinin Ruzveltin Qərb yarımkürəsində “xroniki qeyri-sabitlik və ya yanlış idarəetmə” adlandırdığı halları aradan qaldırmaq üçün “beynəlxalq polis gücündən istifadə edə biləcəyini” bəyan edib. Trampın yanvarın 3-dəki açıqlamaları bu əsrlər boyu davam edən doktrinadan ilhamlanan xarici siyasət mövqeyinə qayıdış arzusunu ilk dəfə ifadə etmirdi. Administrasiya noyabr ayında yenilənmiş milli təhlükəsizlik strategiyasını dərc edərək Qərb yarımkürəsinə dair mövqeyini açıq şəkildə Monro Doktrinası ilə əsaslandırıb və “ABŞ-nin üstünlüyünü yenidən bərpa etmək” üçün bu doktrinanı “yenidən müdafiə edib gücləndirəcəyini” bəyan edib.

ABŞ əslində Mərkəzi Amerikada strategiya dəyişikliyini əvvəlcədən ortaya qoyub. Belə ki, Porto Riko və Vircin adalarında aparılan yeni tikinti işlərinin ABŞ ordusunun Venesuela içərisində əməliyyatlar həyata keçirməsinə imkan verə biləcək hazırlıqlara işarə etdiyini bildirən üç ABŞ hərbi rəsmisi və üç dənizçilik mütəxəssisi ilə görüşlər keçirilib. Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin onu hakimiyyətdən uzaqlaşdırmağı hədəflədiyini açıq şəkildə ifadə edib. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən 20 ildən artıq müddət əvvəl bağlanan Porto-Rikodakı keçmiş “Roosevelt Roads” dəniz bazasında tikinti işləri sentyabrın 17-də başlayıb və qruplar uçuş zolağına aparan taksi yollarını təmizləyib yenidən asfaltlayıblar. Donanma 2004-cü ildə obyekt tərk edilənədək “Roosevelt Roads” dünyanın ən böyük ABŞ dəniz bazalarından biri olub. Bölgədəki bu hərbi cəmləşmə ABŞ-nin 1994-cü ildə “Demokratiyanı Dəstəkləmə Əməliyyatı” üçün Haitiyə iki aviadaşıyıcı və 20 mindən çox hərbçi göndərməsindən etibarən fəlakət yardımı ilə əlaqəsi olmayan ən iri cəmləşmədir. Sentyabrın əvvəlindən etibarən ABŞ Karib hövzəsində və Sakit okeanda narkotik daşıdığı iddia olunan gəmilərə qarşı onlarla hücum həyata keçirib.
Beynəlxalq hüquq və ABŞ hüququ baxımından əməliyyatın təhlili
Trampın Venesuelaya qarşı hücumlarına qarşı irəli sürülən əsas arqument əməliyyatın beynəlxalq hüququ pozmasıdır. ABŞ-nin son addımları bölgə üçün narahatedici presedent yaradır. BMT-nin Baş katibi, BMT İnsan Hüquqları üzrə Ali Komissarı və dünyanın bir çox hökumətləri Tramp administrasiyasının regional qütbləşməni və qeyri-sabitliyi daha da artıra biləcək addımları ilə bağlı həyəcan təbili çalıblar.
Dövlət suverenliyi nəzəriyyəsi beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Dövlət başçılarının beynəlxalq hüquqa əsasən məhkəmə toxunulmazlığına malik olması qaydası pozulubmu? BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilən dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ümumi xarakter daşıyır və “müdaxilə qadağası” ilə “qarışmama” anlayışlarını özündə birləşdirir. Müdaxilə qadağası birbaşa silahlı toqquşma və müharibə kimi halları əhatə edərkən, qarışmama müharibəyə varmayan və ya dolayı təsir göstərən daha yüngül xarakterli addımları əhatə edir.
Tramp hücumun İkinci Dünya müharibəsindən etibarən görünməmiş hərbi əməliyyat olduğunu və məqsədinin “diktator Maduronu ədalət qarşısına çıxarmaq” olduğunu iddia edib, ABŞ ilə Venesuela arasında “tərəfdaşlığın” Venesuelanı “zəngin, azad və təhlükəsiz” edəcəyini söyləyib və “Venesuela xalqının uzun illərdir çəkdiyi əzabın sona çatacağını” müdafiə edib. Tramp Venesuelada başqa bir qüvvənin müdaxiləsini və uzun illərdir davam edən vəziyyətin təkrarlanmasını istəmədiyini vurğulayaraq deyib: “(Venesuelanı) təhlükəsiz, uyğun və məqbul keçid həyata keçirə biləcəyimiz vaxta qədər ölkəni idarə etməyə davam edəcəyik”. Venesuela neftinə tətbiq edilən embarqonun tam qüvvədə qalacağını bildirən Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki mövqeyini qoruyacağını və ABŞ-nin tələbləri tam yerinə yetirilənədək bu vəziyyətin davam edəcəyini söyləyib.
ABŞ prezidenti Tramp əməliyyatın hüquqi legitimliyini belə əsaslandırıb: “Bu, qanunsuz diktator Nikolas Maduronun ədalət qarşısına çıxarılması üçün Karakasın mərkəzində ağır şəkildə möhkəmləndirilmiş hərbi qalaya qarşı həyata keçirilmiş əməliyyat idi”. Men ştatından respublikaçı senator Syuzan Kollinz Tramp administrasiyasının əməliyyat barədə Konqresi əvvəlcədən məlumatlandırmalı olduğunu və vəziyyət inkişaf etdikcə qanunvericilərin də prosesə cəlb edilməsinin vacib olduğunu bildirib.
ABŞ ordusunun həyata keçirdiyi Venesuela hərbi əməliyyatında suveren dövlət başçısının tutulub mühakimə olunmasının hüquqi və konstitusion əsasları hələ də mübahisəlidir. Daxili hüquqa görə, ABŞ prezidenti Trampın əməliyyatdan əvvəl ABŞ Konqresi ilə məsləhətləşib-məsləhətləşmədiyi də aydın deyil. Məlum olduğu kimi, ABŞ Konstitusiyasına əsasən silahlı qüvvələrin xarici düşmən dövlətə qarşı göndərilməsi və müharibə elanından əvvəl prezident tərəfindən Konqresə məlumat verilməsi tələb olunur. Məsələ ilə bağlı ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, cütlük 2020-ci ildə Nyu-Yorkda qaldırılmış ittiham aktına əsasən ABŞ-də cinayət məsuliyyətinə cəlb ediləcək və mühakimə olunacaq. O, sosial şəbəkədə paylaşım edərək qeyd edib: “Tezliklə Amerika torpaqlarında, Amerika məhkəmələrində Amerika ədalətinin bütün sərtliyi ilə üzləşəcəklər”.
BMT İnsan Hüquqları və Terrorla Mübarizə üzrə Xüsusi Məruzəçisi Ben Saul Trampın bu əməliyyata görə araşdırılmalı olduğunu söyləyib. Saul deyib: “ABŞ-nin Venesuelaya qarşı qanunsuz hücumunu və ölkə lideri ilə həyat yoldaşının qanunsuz şəkildə qaçırılmasını pisləyirəm. İtirilən hər bir venesuelalının həyatı yaşamaq hüququnun pozulmasıdır”.
Fransa, Rusiya, Çin və Avropa İttifaqı, Avropa Komissiyası ABŞ qoşunlarının əməliyyatı həyata keçirməsindən sonra Vaşinqtonun beynəlxalq hüququ pozduğunu irəli sürüblər. Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ-nin addımlarının “qəbulolunmaz həddi aşdığını” deyərək bunları “Latın Amerikası və Karib hövzəsində ABŞ müdaxilələrinin ən qaranlıq anları” ilə müqayisə edib ki, bu da son iki əsrdə bölgədə onlarla ABŞ hərbi müdaxiləsinə açıq istinad idi. Çin Xarici İşlər Nazirliyi ABŞ-nin “hegemon davranışını” pisləyərək bunun Latın Amerikası və Karib hövzəsində sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib. Çin tərəfinin açıqlamasında bildirilib: “ABŞ-nin suveren bir ölkəyə və bir ölkənin prezidentinə qarşı güc tətbiq etməsi Çini dərin şəkildə sarsıdıb və biz bunu qətiyyətlə pisləyirik”.
Kuba prezidenti Dias-Kanel qeyd edib: “Kuba ABŞ-nin Venesuelaya qarşı cinayət xarakterli hücumunu pisləyir və beynəlxalq ictimaiyyətdən təcili reaksiya tələb edir”. Britaniya Baş naziri Kir Starmer isə ölkəsinin uzun müddətdir Venesuelada hakimiyyət dəyişikliyini dəstəklədiyini bildirərək deyib: “(Venesuela prezidenti) Nikolas Maduronu legitim olmayan prezident kimi görürdük və rejiminin sona çatması bizi kədərləndirmir”. ABŞ-nin Venesuelaya müdaxiləsindən sonra beynəlxalq hüquqa dəstəyini yenidən təsdiqlədiyini xatırladan Starmer əlavə edib: “Britaniya hökuməti Venesuela xalqının iradəsini əks etdirən legitim hökumətə təhlükəsiz və dinc keçidi təmin etmək məqsədilə yaxın günlərdə amerikalı həmkarları ilə inkişaf edən vəziyyəti müzakirə edəcək”.
Dəyanət Ağalarlı
Ordu.az