“Tejas” və JF-17: Ermənistan və Azərbaycanın Seçimlərinin Texniki və Strateji Analizi

2025/12/1764926183.jpg
Oxunub: 2932     13:32     05 Dekabr 2025    
Ermənistanın Hindistandan 12 ədəd “Tejas” qırıcısı almaq planı Azərbaycanın Pakistandan 42 ədəd JF-17 “Block III” tədarükü fonunda diqqət çəkir, çünki bu iki platforma funksional baxımdan eyni kateqoriyaya daxil olsa da, texniki səviyyə və müasirlik baxımından eyni liqada deyillər. “Tejas”ın ixrac versiyası əsasən Hindistanın özünün kadr və sənaye imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş yüngül çoxməqsədli qırıcıdır, halbuki JF-17 “Block III” artıq son dövrün dördüncü nəsil qırıcıları arasında yüksək səviyyədə sensor inteqrasiyası, radar imkanları və raket kompleksi ilə tanınır. Bu səbəbdən Ermənistanın seçimi həm texniki, həm də strateji baxımdan uyğunsuz görünürdü.

Azərbaycanın seçdiyi JF-17 “Block III” versiyası KLJ-7A AESA radarı, təkmilləşdirilmiş missiya kompüteri, IRST, genişlənmiş data-link arxitekturası və PL-15 uzun mənzilli radar-aktiv idarəetməli raketlərlə silahlanma imkanı ilə önə çıxır. Bu, platformanı real döyüş məsafələrinin kəskin artdığı müasir Görmə Xəttindən Kənar (BVR) konsepsiyasına tam uyğunlaşdırır. “Tejas”ın ixrac versiyasında isə İsrail istehsalı olan EL/M-2052 AESA radarının mövcudluğu ciddi üstünlükdür, lakin platformanın enerji davamlılığı, silah uyğunluğu və uçuş-şassi yükləri baxımından JF-17 üçün nəzərdə tutulmuş ağır BVR raketlərini daşımaq səviyyəsində olmadığı açıqdır. Bu baxımdan Ermənistanın “Tejas” alması, hətta qəza baş verməsə belə, JF-17 “Block III” ilə rəqabət aparacaq əməliyyat şəraiti üçün uyğun seçim sayılmırdı.


Ermənistanın diqqəti eyni zamanda Hindistandan 8-12 ədəd “Su-30MKI” almaq planına yönəlmişdi. Bu niyyət, İrəvanın 2019-cu ildə Rusiyadan aldığı və faktiki döyüş qabiliyyətinin çox aşağı qaldığı dörd ədəd “Su-30SM” təyyarəsinin modernləşdirilməsi ilə paralel aparılırdı. “Su-30MKI” Hindistan konfiqurasiyasında Rusiya gövdəsi, Hindistan avionikləri, Fransız/İsrail sensorları ilə inteqrasiya edilmiş çox ağır platformadır və “Tejas”la müqayisədə tamam başqa sinifdir. Ermənistanın bu istiqamətdə maraq göstərməsi İrəvanın “Tejas”ın məhdud imkanlarının fərqində olduğunu göstərir.

Lakin burada əsas problem Ermənistanın iki fərqli konsepsiyanı bir paketdə həll etməyə çalışmasıdır: yüngül platforma (“Tejas”) və ağır hava üstünlüyü platforması (“Su-30MKI”). Bu iki təyyarənin paralel alınması Ermənistan Hərbi Hava Qüvvələrinə struktur baxımından vahid döyüş doktrinası yaratmırdı. Əgər hədəf JF-17 “Block III” kimi çevik və sensor üstünlüklü qırıcılarla rəqabət idisə, bu zaman ən rasional seçim AESA radarlı, yüksək itələmə-çəki nisbətli, uzun mənzilli BVR raketləri inteqrasiya oluna bilən bir orta sinif platforma olardı. “Tejas” isə çəkisi, mühərrik gücü və daşıma qabiliyyəti səbəbindən bu rolu məhdud yerinə yetirə bilir.


Texniki müqayisəyə gəldikdə, JF-17 “Block III” təxminən 8-9 ton quru kütlə və 12-13 ton maksimum uçuş çəkisi ilə “Tejas”dan daha yüngül görünsə də, onun RD-93MA mühərriki yüksək itələmə təmin edir, xüsusilə yüksək-orta hündürlükdə sürətlənmə göstəriciləri daha optimaldır. “Tejas”ın GE-404 mühərriki etibarlı olsa da, yüksək hündürlüklərdə yüksək sürətlə manevr tələb edən döyüş rejimlərində platformanın enerji davamlılığı daha aşağı qiymətləndirilir. Bu, BVR döyüşlərinə birbaşa təsir edir, çünki raketin buraxılış kinetikası çox vacib faktordur.


Radar müqayisəsində hər iki platforma AESA ilə təchiz oluna bilər, lakin JF-17 “Block III”ün KLJ-7A radarının aşkar etmə məsafəsinin 170-185 km diapazonunda olduğu, “Tejas”ın EL/M-2052 radarının isə uyğun blokdan asılı olaraq 150-160 km aralığında performans göstərdiyi qeyd olunur. Aradakı fərq böyük olmasa da, JF-17 üçün inteqrasiya edilmiş PL-15 raketinin real döyüş məsafəsinin 150+ km olduğu qəbul edilir. “Tejas” platformasında bu sinif raket inteqrasiyası hələ də təcrübə mərhələsindədir və ixrac variantında tam paket kimi mövcud deyil.


Silah konfiqurasiyası səviyyəsində JF-17 daha elastikdir. Platforma Çin istehsalı PL-10 qısa mənzilli raketlər, PL-12/PL-15 orta/uzun mənzilli raketlər, həmçinin müxtəlif naviqasiya dəstəkli yerüstü hədəflərə qarşı silah sistemi ilə işləmək imkanına malikdir. “Tejas” çoxsaylı Hindistan istehsalı silah sistemləri ilə inteqrasiya edilsə də, raket növlərinin çeşidi məhduddur və bu silahların bir çoxu beynəlxalq bazarda hələ tam yetkinlik mərhələsinə çatmayıb. Bu isə ixrac versiyasının real döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldırdı.

“Tejas”ın üstün hesab oluna biləcəyi sahə onun daha kiçik radar izinə malik olması və kompozit materiallarının yüksək payıdır. Ancaq bu üstünlük öz-özlüyündə BVR döyüş məsafələrini dəyişmir, çünki müasir AESA radarları kiçik RCS hədəflərini də effektiv izləyə bilir. Üstəlik, JF-17 “Block III”ün IRST sistemi “Tejas”da olmayan passiv aşkarlama üstünlüyü yaradır.


Ermənistanın “Su-30MKI” almaq istəyi JF-17 “Block III”ün qarşısında başqa səviyyəli üstünlük əldə etmək cəhdi kimi qiymətləndirilə bilərdi, lakin praktikada bu yanlışdır. “Su-30MKI” böyük, ağır və yüksək əməliyyat xərcli platformadır, onun döyüş effektivliyi pilot hazırlığından, rotasiya və texniki təchizat tutumundan asılıdır. Belə bir platforma yüksək kütlə və görünmə imzasına görə JF-17 “Block III” kimi daha yüngül, daha yüksək sensor üstünlüyünə malik qırıcılar qarşısında BVR şəraitində mütləq üstünlük yaratmır. Bəzi ssenarilərdə isə hətta çatışmazlıq yarada bilər.

“Tejas” və JF-17 arasında birbaşa döyüş qarşılaşması və ya praktiki qarşı-qarşıya təcrübəsi mövcud deyil. Hər iki platforma müxtəlif ölkələr tərəfindən sınaqlarda və aviaşoularda nümayiş etdirilib, lakin real “hava-hava” döyüşü müşahidə olunmayıb. Buna görə müqayisələr yalnız texniki parametrlərə və silah inteqrasiyasına əsaslana bilər. Bu parametrlər isə JF-17 “Block III”ün tam şəkildə üstün olduğunu göstərir. Əməliyyat mühitinə təsir edən digər faktor isə maliyyə-dözümlülük və texniki xidmət yüküdür. JF-17 nisbətən ucuz əməliyyat xərclərinə malikdir, Pakistan və Çin tərəfindən geniş istismar təcrübəsi toplanıb. “Tejas” isə hələ geniş ixrac təcrübəsinə malik deyil və platformanın bəzi texniki xətaları haqqında Hindistan Hərbi Hava Qüvvələrinin hesabatları mövcuddur. Bu, Ermənistan kimi kiçik büdcəli ölkələr üçün əlavə riskdir.


Ermənistanın hərbi modernizasiya planları siyasi baxımdan da uyğunsuz görünürdü. “Tejas” və “Su-30MKI” kimi tamamilə fərqli iki təminat xəttini paralel idarə etmək kiçik ölkə üçün resurs baxımından çətinlik yaradır. Azərbaycanın isə vahid platforma seçməsi (40 ədəd JF-17 “Block III”) həm texniki xidmət, həm logistika, həm də döyüş tətbiqi baxımından daha rasionaldır.

Nəticə olaraq, Ermənistanın “Tejas” almaq planı JF-17 “Block III” səviyyəli rəqib qarşısında texniki cəhətdən qeyri-real idi və qəzanın yaratdığı fasilə yalnız prosesin formal dayandırılması üçün səbəb rolunu oynadı. Əgər Ermənistan real “hava-hava” mühitində balans yaratmaq istəyirdisə, seçimi nə “Tejas”, nə də “Su-30MKI” bu məqsədə uyğun gəlmirdi. Azərbaycanın seçdiyi platformanın üstünlüyü isə daha güclü radar, daha müasir raket kompleksi, daha geniş sensor dəsti və daha rasional logistika modelinə əsaslanır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tejas   J-17   Su-30  


Bizi "telegram"da izləyin