Burada ilk mümkün ssenari budur ki, Ermənistan Rusiya aviasiya ekosistemindən uzaqlaşmaq və köhnə “Su-30MKI”ləri Hindistan modernizasiyasına yönəltmək əvəzinə tamamilə yeni, yüngül çoxməqsədli platforma seçmək qərarı verib. Əgər bu belədirsə, niyə “Su-30MKI” modernizasiyası haqqında məlumatlar məqsədli şəkildə tirajlanırdı? Bu, Moskvanın narazılığını azaltmaq, “biz yenə də Rusiya platformasında qalırıq” görüntüsü yaratmaq üçün informasiya dumanı idimi? Yoxsa Ermənistan Hindistan vasitəsilə “dolayı yolla Rusiya sistemlərini yeniləyirik” görüntüsü formalaşdırmaqla geosiyasi xəttini gizlətməyə çalışırdı?
İkinci mümkün ssenari isə tam fərqlidir: Ermənistan eyni anda həm “Su-30MKI” xəttini modernləşdirmək, həm də “Tejas” almaq niyyətində olub. Bu isə başqa suallar yaradır. Ermənistan kimi məhdud büdcəli və zəif sənaye bazasına malik ölkə eyni vaxtda iki tam fərqli platformanın logistik xəttini necə idarə etməyi planlaşdırırdı? “Su-30MKI” ağır, uzun radiuslu, ikimühərrikli, dördüncü nəsil++ qırıcıdır, “Tejas” isə yüngül, tək mühərrikli, qısa radiuslu, dördüncü nəsil platformadır. Hər iki xətt paralel qurulanda texniki personal, ehtiyat hissələri, təlim kompleksi və silah inteqrasiyası nə qədər xərc tələb edir? Ermənistan belə bir yükü necə daşımaq istəyirdi? Yoxsa bu planlar ümumiyyətlə real deyildi və yalnız danışıqlarda siyasi mövqe qazanmaq üçün istifadə edilən imitasiya idi?
Qəzanın ardından “Tejas” danışıqlarının dayanması göstərdi ki, Ermənistanın prioritet xətti Rusiyaya aid “Su-30MKI” deyil, məhz Hindistanın öz milli platforması olub. Bu isə regional strateji baxımdan daha kritik sual doğurur: Ermənistan niyə görə ağır çoxməqsədli qırıcı olan “Su-30MKI” əvəzinə daha yüngül və daha məhdud imkanlı “Tejas”a yönəlir? Büdcə çatışmazlığı? İnfrastruktur məhdudiyyəti? Aviasiya logistikasını sadələşdirmək istəyi? Yoxsa Hindistanın İsrail avionikası ilə təchiz etdiyi versiyanın Ermənistana zamanla siyasi alternativ açacağı düşünülürdü? Hər bir variant ayrı sual yaradır və heç biri Ermənistanın real strateji məqsədlərinin aydın olduğunu göstərmir.
Texniki müqayisəyə gəlincə, “Su-30MKI” ilə “Tejas” arasında “hansı daha güclüdür?” sualı təbii ki, absurddur, çünki bu platformalar tam fərqli təyinat üçündür. “Su-30MKI” yüksək radiuslu, ağır hava üstünlüyü və dərin zərbə platformasıdır. İkimühərrikli olması, yüksək manevri, 8 ton silah yükü və geniş sensor paketi ilə Ermənistanın hazırkı aviasiya boşluğunu doldura biləcək yeganə real platformalardan biri hesab edilə bilərdi. “Tejas” isə daha çox taktiki müdafiə, yaxın hava dəstəyi və məhdud hava üstünlüyü rollarına uyğunlaşdırılıb. Onun əsas üstünlüyü ucuz istismar xərci və sadə logistika xəttidir. Lakin bu halda sual yaranır: Ermənistan yüngül taktiki qırıcılardan ibarət aviasiya ilə hansı döyüş rolunu icra etməyi planlaşdırırdı? Belə platforma regional rəqiblərlə hava qarşıdurmasında nə dərəcədə real təsir göstərə bilərdi?
Daha dərin strateji sual isə budur: Ermənistanın aviasiya modernizasiyası hansı prinsiplərə əsaslanır? Texniki ehtiyaclara, yoxsa siyasi manevrlərə? Əgər məqsəd real döyüş qabiliyyətini artırmaqdırsa, “Su-30MKI” xətti daha uyğun görünürdü. Amma Ermənistan bu xəttə yaxınlaşmaq əvəzinə nəyə görə “Tejas” kimi daha zəif, lakin Hindistan-İsrail komponentli platformaya yönəlir? Bu, Moskva ilə əlaqələrin dərin şəkildə soyumasının göstəricisidirmi? Yoxsa Ermənistan üçün aviasiyanın real döyüş dəyərindən daha çox siyasi görüntüsü vacibdir?
Bu sualların hər biri göstərir ki, qəza danışıqları yalnız dayandırmadı, Ermənistanın aviasiya modernizasiya proqramının əslində nə qədər ziddiyyətli və qeyri-konsistent olduğunu üzə çıxardı. Ermənistanın nə istədiyi, hansı platformanı seçmək istədiyi, ən əsası isə bu platformalarla hansı strateji hədəfə çatmaq istədiyi hələ də aydın deyil. Və bəlkə də ən vacib sual bundan ibarətdir: Ermənistanın aviasiya planları gerçək döyüş reallıqlarına uyğunlaşdırılır, yoxsa yalnız siyasi təəssürat yaratmaq üçün qurulmuş informasiya konstruksiyasıdır?
Firuz Bağırov
Ordu.az