Hərbi xərclər bütün regionlarda artır
Dünya üzrə hərbi xərclər ardıcıl doqquzuncu il artaraq 2443 milyard dollarla tarixdə ən yüksək göstəriciyə çatıb. 2009-dan etibarən ilk dəfə olaraq, SIPRI-nin müəyyən etdiyi beş coğrafi regionun hamısında xərclər artıb. Xüsusilə Avropa, Asiya və Okeaniya, eləcə də Yaxın Şərqdə artımlar diqqət çəkib.
“Sülh və təhlükəsizlikdə qlobal geriləməyə cavab olaraq hərbi xərclərdə görünməmiş artım müşahidə olunur”, - deyə SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş tədqiqatçısı Nan Tyan bildirib. O qeyd edib: “Dövlətlər hərbi gücə üstünlük verir, lakin bu, getdikcə daha dəyişkən geosiyasi mühitdə qarşılıqlı addım-reaksiya spiralına səbəb ola bilər”.
Ukraynaya hərbi yardım Rusiya ilə xərclər arasındakı fərqi azaldır
Rusiyanın hərbi xərcləri 2023-cü ildə 24 faiz artaraq təxminən 109 milyard dollara çatıb. Bu, 2014-cü ildən, yəni Krımın ilhaqından etibarən 57 faiz artım deməkdir. 2023-cü ildə Rusiyanın hərbi xərcləri dövlət büdcəsinin 16 faizini təşkil edib, hərbi yük (ÜDM-də hərbi xərclərin payı) isə 5,9 faiz olub.
Ukrayna 2023-cü ildə hərbi xərclərə görə səkkizinci yeri tutub, xərclər 51 faiz artaraq 64,8 milyard dollara çatıb. Bu, 37 faiz hərbi yük deməkdir və dövlət büdcəsinin 58 faizi qədərdir.
Ukraynanın 2023-cü il hərbi xərcləri Rusiya xərclərinin 59 faizi qədər olub. Bununla yanaşı, Ukrayna həmin il ən azı 35 milyard dollar hərbi yardım alıb, bunun 25,4 milyard dolları ABŞ tərəfindən verilib. Ukraynanın öz xərcləri və aldığı yardım birlikdə Rusiyanın xərclərinin təxminən 91 faizinə bərabərdir.
ABŞ NATO-da əsas xərcləri həyata keçirən ölkə olaraq qalır, lakin Avropa üzvlərinin də payı artır
2023-cü ildə NATO-nun 31 üzvü birlikdə 1341 milyard dollar xərcləyib, bu, dünya hərbi xərclərinin 55 faizidir. ABŞ-nin hərbi xərcləri 2,3 faiz artaraq 916 milyard dollara çatıb və NATO xərclərinin 68 faizini təşkil edib. 2023-cü ildə Avropanın əksər NATO ölkələri hərbi büdcələrini artırıb. Onların ümumi payı NATO xərclərinin 28 faizini təşkil edib, bu, son on il üçün rekord göstəricisidir. Qalan 4 faizi isə Kanada və Türkiyəyə məxsusdur.
“Avropa NATO ölkələri üçün Ukraynadakı müharibənin son iki ili təhlükəsizlik mənzərəsini kökündən dəyişib”, - deyə SIPRI tədqiqatçısı Lorentso Skaratsato bildirib. O, həmçinin qeyd edib: “Bu təhlükə qavrayışındakı dəyişiklik hərbi xərclərin artmasında və NATO-nun 2 faiz hədəfinin daha çox minimum hədd kimi qəbul edilməsində öz əksini tapır”.
NATO üzvləri 2 faiz ÜDM hədəfini 2014-cü ildə qəbul etmişdi. 2023-cü ildə 31 ölkədən 11-i bu səviyyəyə çatıb və ya onu keçib ki, bu da hədəfin qoyulduğu vaxtdan bəri ən yüksək göstəricidir. Başqa bir hədəf, hərbi xərclərin ən azı 20 faizinin texnika və təchizat alınmasına yönəldilməsi 2023-cü ildə 28 NATO ölkəsi tərəfindən yerinə yetirilib (2014-də bu göstərici 7 ölkə idi).
Çinin artan hərbi xərcləri qonşu ölkələri də silahlanmağa sövq edir
Dünyanın ikinci ən böyük hərbi xərclərini həyata keçirən Çin 2023-cü ildə hərbi sahəyə təxminən 296 milyard dollar ayırıb ki, bu da 2022-ci ilə nisbətən 6 faiz artım deməkdir. Bu, Çinin ardıcıl 29-cu illik artımıdır. Çinin region üzrə Asiya və Okeaniyada hərbi xərclərin yarısına yaxın payı var. Bir çox qonşu ölkələr öz artımlarını Çinin artan hərbi xərc dinamikası ilə əsaslandırır.
Yaponiya 2023-cü ildə müdafiəyə 50,2 milyard dollar ayırıb, bu, əvvəlki illə müqayisədə 11 faiz çoxdur. Tayvanın hərbi xərcləri də 11 faiz artaraq 16,6 milyard dollara çatıb.
“Çin artan hərbi büdcəsinin böyük hissəsini Xalq Azadlıq Ordusunun döyüş hazırlığını gücləndirməyə yönəldir. Bu isə Yaponiya, Tayvan və digər ölkələrin hərbi qabiliyyətlərini kəskin şəkildə artırmasına səbəb olub və bu tendensiya növbəti illərdə daha da sürətlənəcək”, - deyə SIPRI tədqiqatçısı Syao Lyanq bildirib.
Yaxın Şərqdə müharibə və gərginlik son on ilin ən böyük artımını yaradıb
Yaxın Şərqdə hərbi xərclər 2023-cü ildə 9 faiz artaraq 200 milyard dollara çatıb və bu, regionda son on ilin ən böyük illik artımıdır.
Səudiyyə Ərəbistanından sonra regionun ikinci ən böyük hərbi xərclərini həyata keçirən İsrailin xərcləri 2023-cü ildə 24 faiz artaraq 27,5 milyard dollara çatıb. Bu artım əsasən 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra Qəzzaya qarşı genişmiqyaslı əməliyyatlarla bağlı olub.
“2023-cü ildə Yaxın Şərqdə hərbi xərclərin kəskin artması son illərdə İsraillə bir sıra ərəb ölkələri arasında istiləşən diplomatik münasibətlərdən tutmuş, Qəzzada genişmiqyaslı müharibənin başlamasına və region səviyyəsində münaqişə qorxularına qədər regiondakı sürətli dəyişiklikləri əks etdirir”, - deyə SIPRI tədqiqatçısı Dieqo Lopes da Silva bildirib.
Mərkəzi Amerika və Karib hövzəsində cinayətkarlığa qarşı hərbi əməliyyatlar xərcləri artırır
2023-cü ildə Mərkəzi Amerika və Karib hövzəsində hərbi xərclər 2014-cü illə müqayisədə 54 faiz çox olub. Artan cinayətkarlıq bir çox ölkədə ordunun kriminal qruplara qarşı daha çox istifadə edilməsinə səbəb olub.
Dominikan Respublikasının hərbi xərcləri 2023-cü ildə 14 faiz artıb. Bu artım Haitidə getdikcə pisləşən quldur zorakılığı ilə bağlıdır. Ölkənin hərbi xərcləri xüsusilə 2021-də, Haiti prezidenti Jovnel Moizin sui-qəsdindən sonra kəskin şəkildə artmağa başlayıb.
Meksikada hərbi xərclər 2023-də 11,8 milyard dollar olub ki, bu da 2014-cü illə müqayisədə 55 faiz çoxdur (amma 2022-yə nisbətən 1,5 faiz azdır). Milli Qvardiya üçün ayrılan xərclər 2019-cu ildə qurum yaradıldığı vaxt ümumi hərbi xərclərin 0,7 faizi idisə, 2023-də bu rəqəm 11 faizə yüksəlib.
“Quldur dəstələrinə qarşı mübarizədə ordunun istifadəsi illərdir artan tendensiyadır, çünki hökumətlər ya problemi adi vasitələrlə həll edə bilmir, ya da daha sürətli, tez-tez daha sərt reaksiyaları üstün tutur”, - deyə Dieqo Lopes da Silva bildirib.
Digər diqqətçəkən məqamlar
• Hindistan 2023-cü ildə dünyanın dördüncü ən böyük hərbi xərclərini həyata keçirən ölkə olub. Onun 83,6 milyard dollarlıq xərci 2022 ilə müqayisədə 4,2 faiz artım deməkdir.
• 2023-də ən böyük illik artım Konqo Demokratik Respublikasında qeydə alınıb: 105 faiz. Ölkədə hökumət ilə silahlı qruplar arasında uzunmüddətli münaqişə davam edir.
• Cənubi Sudanda da daxili zorakılıq və Sudandakı vətəndaş müharibəsinin təsiri fonunda xərclər 78 faiz artıb.
• Polşanın hərbi xərcləri 2023-də 31,6 milyard dollara çatıb, bu, Avropada ən böyük illik artımdır (75 faiz).
• Braziliyanın hərbi xərcləri 2023-də 3,1 faiz artaraq 22,9 milyard dollar olub. Ölkə parlamenti NATO-nun 2 faiz xərcləmə meyarını əsas gətirərək hərbi yükün ÜDM-in 2 faizinədək artırılması barədə konstitusiya dəyişiklikləri təklif edib (2023-də bu göstərici 1,1 faiz idi).
• Əlcəzairdə hərbi xərclər 76 faiz artaraq 18,3 milyard dollara çatıb. Bu, ölkə üçün rekord göstəricidir və əsasən Avropanın Rusiya qazından uzaqlaşması fonunda qaz ixracından gəlirlərdəki böyük artım hesabınadır.
• İran 2023-cü ildə Yaxın Şərqin dördüncü ən böyük xərclərini həyata keçirən ölkəsi olub: 10,3 milyard dollar. Mövcud məlumatlara görə, 2019-2023 arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun payı 27 faizdən 37 faizə yüksəlib.
SIPRI dünya üzrə hərbi xərclərin dinamikasını izləyir və bu sahədə ən geniş, sistemli və açıq məlumat bazasını formalaşdırır. SIPRI-nin hərbi xərclər üzrə illik məlumat bazası bu gündən əlçatandır.
Faiz dəyişiklikləri real ifadədə (2022-ci il sabit qiymətləri) verilir. Hərbi xərclər mövcud ordu qüvvələrinə və fəaliyyətlərinə dövlət xərclərini (maaşlar, əməliyyat xərcləri, silah və avadanlıq alınması, hərbi tikinti, tədqiqat və inkişaf, komanda və dəstək xərcləri) əhatə edir. Buna görə SIPRI hərbi xərclərə “silahlanma xərcləri” deməyin düzgün olmadığını vurğulayır, çünki silahlanmaya ayrılan vəsait adətən ümumi xərclərin kiçik hissəsini təşkil edir.
Sevinc Əliyeva
Ordu.az