Ukraynanın Qara dənizdəki dron müharibəsi qızışır - ANALİZ

2025/10/1760947421.jpg
Oxunub: 665     16:29     06 Noyabr 2025    
Ukraynanın dəniz dronları hərbi gəmiləri batırıb, neft terminallarına zərbə endirib, hətta Qara dəniz üzərində Rusiya helikopterləri və qırıcı təyyarələrini vurub.

Ukrayna Rusiyanın üstün atəş gücünə qarşı çıxmaq üçün dronlardan və asimmetrik müharibə üsullarından istifadə edir, lakin bu strategiya heç yerdə Qara dənizdəki qədər effektiv olmayıb. Müharibə ərzində Ukrayna Rusiya Qara Dəniz Donanmasının üçdə birini sıradan çıxarıb, donanmanın böyük hissəsini işğal altındakı Krımdan geri çəkilməyə məcbur edib. Bu gün Ukraynanın dəniz dronları və ya insansız dəniz platformaları (USV-lər) faktiki olaraq Rusiya limanlarına blokada tətbiq edir.

Bununla belə, mübarizə hələ bitməyib. Moskva tədricən uyğunlaşır, səhvlərindən dərs çıxarır və yeni müdafiə sistemlərinə sərmayə qoyur. Ukrayna hələ də üstünlüyünü qoruyur, lakin əlamətlər göstərir ki, Kreml insansız sistemlərin və onların dəniz müharibəsinə təsirinin ciddiliyini daha artıq dərk etməyə başlayıb.

Ukrayna yüksək texnologiyalı park qurur

Rusiyanın 2014-cü ildəki ilk işğalından sonra Ukrayna donanmasının böyük hissəsini itirdi və 2022-ci il işğalı zamanı Kiyev yeganə qalan hərbi gəmisini də rusların əlinə keçməməsi üçün özü batırdı. Tammiqyaslı işğaldan çox əvvəl Ukrayna başa düşmüşdü ki, Rusiya ilə hərbi paritetə nail olmaq mümkün deyil.

“Buna görə də donanma asimmetrik prinsipə əsasən qurulmalı idi”, -deyə ABŞ Hərbi Dəniz İnstitutuna verdiyi müsahibədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri və Müdafiə Nazirliyinin keçmiş müşaviri Sergey Kuzan bildirib. Rusiya resurs və canlı qüvvə baxımından çox üstün olduğuna görə Kiyev xalqının yaradıcılıq bacarığından və innovasiyalardan maksimum istifadə etməyə yönəldi.

Ukraynanın keçmiş baş komandanı general Valeri Zalujnı yazırdı: “Ukraynanın üstünlüyü onun xalqındadır, bu xalq düşməni dayandırmaqla yanaşı, ölkəni döyüş meydanında innovasiya mərkəzinə çevirib”. Praktik baxımdan bu o demək idi ki, Ukrayna donanmasında çatışmayan gəmilər dronlarla əvəzlənməli idi.

“Green Flag Ventures” adlı Ukrayna yönümlü vençur kapital şirkətinin təsisçisi Debora Fairlamb bunu qısa şəkildə belə ifadə edib: “Ukraynalılar “insanları yox, robotları göndərin” deyəndə haqlıdırlar”. Əsgərlərin həyatını qorumaq ən mühüm məqsədə çevrilib və Ukrayna cəbhə boyunca “əvvəlcə robotlar” strategiyasını həyata keçirərək texnoloji qalxan qurur. “Bu, ənənəvi müharibə deyil. Bu, dron müharibəsidir. Texnologiya müharibəsidir”, - deyə bir ukraynalı əsgər bildirmişdi.

Qara dənizdən çıxarılan dərslər

Doğrudan da, Ukraynanın dəniz dronları təkcə Qara dənizdə güc balansını dəyişməyib, həm də dünyanın hər yerində hərbi planlaşdırıcıların diqqətini çəkib. “The Economist” yazırdı: “Dünyanın dəniz zabitləri hazırda Qara dənizdə gedən müharibəni yaxından izləyirlər, çünki onların gəmiləri USV hücumlarına qarşı əvvəlkindən daha həssas vəziyyətə gəlib”. Ukrayna üçün bu uğurlar ruhlandırıcıdır. “Onun müttəfiqləri üçünsə narahatedicidir”, - deyə nəşr əlavə edib.

Havada gedən pilotsuz uçuş aparatı döyüşlərində olduğu kimi, dənizdə də aldadıcı vasitələr mühüm rol oynayır. Ukrayna öyrənib ki, əvvəlcə müdafiəni çaşdırmaq üçün saxta dron sürüləri göndərmək, daha sonra isə əsas zərbə dronlarını yönləndirmək daha effektivdir. Ukrayna müdafiə kəşfiyyatı bildirib ki, bu dəniz dronları Rusiya Qara Dəniz Donanmasına 500 milyon dollarlıq zərər vurub.

Qərb bu dərsləri və müharibənin dəyişən iqtisadi dinamikasını sürətlə mənimsəməlidir, çünki indi Rusiya tərəfindən göndərilən ucuz dron sürüləri Qərbin bahalı qırıcı təyyarələri ilə qarşısı alınmağa çalışılır. Kornell Universitetindən pilotsuz sistemlər və kibertəhlükəsizlik üzrə ekspert Qreqori Falko “The Maritime Executive”ə açıqlamasında deyib: “Hazırda bu texnologiyanın mürəkkəbliyindən çox onun miqyası və dəyəri önəmlidir. Dronların miqyası müharibələrin qalibini müəyyən edəcək”.

2023-cü ilə gəldikdə Ukrayna artıq tam avtomatlaşdırılmış dəniz donanması, yəni dəniz dronları parkı qurmuşdu. Zalujnı qeyd edirdi: “Dəniz məkanı tədricən dəniz dronları tərəfindən ələ keçirilib. İndi güclü gəmilər qorunan limanlarda gizlənir”. Bu bahalı hərbi gəmilər bir neçə yüz dollarlıq ucuz dronların təhdidi ilə üz-üzə qaldı, bu da müharibənin əsas xüsusiyyəti olan xərclərin asimmetriyasını bir daha göstərdi.

Necə ki, dronlar tankları ehtiyatlı hərbi texnikaya çevirdilər, indi də dəniz donanmalarını ehtiyatlı hala gətirdilər. “Holos” partiyasından ukraynalı deputat Oleksandra Ustinova qeyd edib: “Ukrayna sürətlə dəyişən müharibənin ön cəbhəsindədir. 2022-ci və ya hətta 2024-cü ilin döyüş meydanı bu günkündən fərqlidir”.

Bu ilkin uğurlar Ukraynaya müdafiədən hücuma keçmək imkanı verdi və Kiyev strateji təzyiq göstərə bildi. Rusiya taxıl ixracını dayandırmaq üçün Ukrayna limanlarını blokadaya alanda, Ukraynanın dəniz dronları bu blokadanı yardı. Zaman keçdikcə həmin dronlar Rusiyanın öz donanmasına qarşı blokada tətbiq etməyə başladılar. Ukrayna hərbi kəşfiyyat rəhbəri Kirill Budanov deyib: “Donanma tam blokadadadır. Ruslar əvvəllər Ukraynanın donanmasının olmadığını, yalnız bir neçə qayığının olduğunu deyib gülürdülər, indi isə eyni vəziyyətlə özləri üzləşiblər”.

Sonradan Ukrayna bu taktikanı “kinetik sanksiyalar” kampaniyasına da daxil etdi. 2025-ci ilin sentyabrında Ukrayna dəniz dronları Qara dənizdəki Tuapse limanında neft ixrac infrastrukturuna zərbə endirərək əsas yükləmə körpüsünü zədələdi və nəqliyyatı qısa müddətlik dayandırdı. Eyni zamanda Novorossiysk, Rusiya Qara Dəniz Donanmasının əsas bazası da hədəfə alındı.

Rusiya səhvlərindən dərs alır

Zaman keçdikcə Rusiya səhvlərindən dərs çıxarıb, xüsusilə işğal altındakı Krımda limanların ətrafında müdafiəni gücləndirməyə başladı. Lakin müharibə daimi bir yarışa çevrilib, hər yeni əks tədbirə qarşı dərhal yeni əks-həmlə hazırlanır. Silah sistemlərinin ömrü əvvəl aylarla ölçülürdüsə, indi cəmi bir neçə gün və ya həftə davam edir.

Mərkəzi Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş elmi əməkdaşı Samuel Bendett qeyd edir: “Bu dövrlər döyüş tələblərinə uyğun sürətlə dəyişir. Rəsmi məlumatlara görə, hər hansı bir sistemin əks tədbirlərə qarşı həssas hala gəlməsi üçün orta hesabla iki-üç aylıq innovasiya dövrü yetərlidir”. Ukraynanın uğurları təbii ki, diqqətdən kənarda qalmadı. Dəfələrlə məğlubiyyətə uğrayan Rusiya vəziyyəti bərpa etmək üçün tələsik şəkildə addımlar atdı.

Bendett bildirib: “Rusiyalı istehsalçılar USV dizaynlarını yenidən işləməyə başladılar, hazırda Rusiyanın ən azı altı USV modeli Ukraynanın 2022-ci ildən etibarən Rusiya Qara Dəniz Donanmasına qarşı istifadə etdiyi pilotsuz qayıqlardan ilham alıb”.

Əvvəllər Rusiya bu sistemləri tətbiq etməkdə çətinlik çəkirdi. Bendett izah edib: “Əvvəlcə Rusiyanın bu USV-ləri döyüşə cəlb etməsi çətin idi, çünki Ukraynanın hədəf alına biləcək əhəmiyyətli dəniz qüvvəsi yox idi”.

Lakin zaman keçdikcə Rusiya “Vizier”, “Murena”, “Orcan “və BEK-1000 kimi USV layihələrini inkişaf etdirdi. Rusiya donanması bu USV-ləri təkcə kəşfiyyat və müşahidə (ISR) avadanlıqları daşıyan platformalar kimi deyil, həm də Ukraynanın USV-lərinə və sahilboyu hərbi hədəflərinə qarşı raketlər, dronlar və digər zərbə vasitələri daşıyan hücum sistemləri kimi istifadə etməyi planlaşdırır.

Ancaq Ukraynanın yenilikləri təkcə hərbi gəmiləri ovlayan dəniz dronları ilə məhdudlaşmadı. Onlar bu dronları sahilə yaxınlaşa bilən və oradan kiçik FPV tipli pilotsuz uçuş aparatlarını buraxa bilən dəniz dron daşıyıcılarına çevirdilər. 2025-ci ilin əvvəlində Ukrayna bu dronları Qara dənizdən FPV tipli pilotsuz uçuş aparatlarını buraxmaq üçün uyğunlaşdırdı və nəticədə Xerson vilayətində Rusiya “Pantsir” hava hücumundan müdafiə sistemini məhv edən zərbələr endirdi. Bununla belə, Ukrayna dənizdə texnoloji fərqi daha da artırmağa davam edir.

Ukrayna dənizdə texnoloji silahlanma yarışını sürətləndirir

Eyni dövrlərdə Ukrayna rus helikopterlərini vurmağa başladı. Bu tendensiya il boyu davam etdi. Sentyabr ayında Ukrayna qüvvələri Xerson vilayətində rus “Mi-8” nəqliyyat helikopterini məhv etmək üçün “Shrike-10” FPV kamikadze pilotsuz uçuş aparatından istifadə etdi. May ayında isə Ukrayna qüvvələri Qara dənizdə tarix yazaraq, dəniz dronu vasitəsilə məsafədən “hava-hava” raketləri buraxaraq iki rus “Su-30” qırıcı təyyarəsini vurdu.

Bu qırıcıların təxmini itkisi 100 milyon dollar təşkil edib. Bu dəniz dronları sular üzərində günlərlə fəaliyyət göstərə bilir, eyni zamanda şərait yarandıqda rus qırıcılarını izləyib onlara qarşı əməliyyat aparır. “Dignitas Ukraine” təşkilatının baş direktoru Lyuba Şipoviç bildirib ki, dəniz dronlarının yaratdığı təhlükə onların daha müstəqil və avtonom hala gəlməsi ilə artacaq. Qara dəniz boyunca avtonom platformalar hədəf gözləmək üçün passiv rejimdə qala bilər və lazım gəldikdə Rusiya hədəflərinə zərbə endirmək üçün aktivləşdirilə bilər.

2025-ci ilin avqustunda Ukrayna kəşfiyyatı hətta iddia edib ki, Zaliznyi Limanı yaxınlığında yerləşən Xerson vilayətində bir rus patrul qayığının məhv edildiyi raket zərbəsini dronun idarə etdiyi lazerlə istiqamətləndiriblər.

İl ərzində Ukraynanın dəniz dron daşıyıcıları Krımda rus hava hücumundan müdafiə sistemlərini məhv etməyə yönəlmiş əməliyyatlara dəstək verib və bununla da Moskvanın yarımada üzərindəki nəzarətini daha da zəiflədib. 2025-ci ilin sentyabr ayının sonunda Türkiyə balıqçıları Ukrayna nəzarətində olan ərazilərdən təxminən 900 mil uzaqda partlayıcılarla dolu bir insansız dəniz platforması aşkarladılar. Bu hadisə Ukraynanın insansız dəniz platdormalarının (USV) geniş fəaliyyət radiusunu bir daha göstərdi.

Rusiya bu dərsləri yalnız son zamanlarda tətbiq etməyə başlayıb. 2025-ci ilin avqustunda Moskva ilk uğurlu USV hücumunu həyata keçirdiyini bəyan edərək, insansız qayığın Dunay çayı yaxınlığında “Simferopol” adlı kəşfiyyat gəmisini batırdığını bildirdi. Ukraynanın böyük hərbi gəmilərinin olmaması fonunda bu zərbə simvolik xarakter daşıyırdı, lakin strateji baxımdan həlledici deyildi.

2025-ci ilin aprelində Vladimir Putin 100 milyard dollarlıq, on il davam edəcək dəniz donanmasının genişlənməsi planını elan etdi və Ukraynanın Rusiya donanmasındakı çoxsaylı zəiflikləri üzə çıxardığını etiraf edərək donanmanın modernləşdiriləcəyinə söz verdi. Moskva indi daha iddialı platformalarla da təcrübə aparır, o cümlədən “Katran” adlı dəniz dron daşıyıcısı ilə bu sistem 200 kilometr məsafəyə qədər missiyalarda onlarla FPV kamikadze pilotsuz uçuş aparatı buraxa bilər.

Nəticə etibarilə, Qara dənizdəki texnoloji silahlanma yarışı avtomatlaşdırılmış müharibənin gələcəyini formalaşdırmağa kömək edir. 40-cı Sahil Müdafiə Briqadası tərəfindən hazırlanmış yeni “Barracuda” modullu qayıq raket və ya qumbaraatan sistemləri ilə təchiz edilə bilər və uzaqdan idarə olunan mina döşəmə əməliyyatlarında istifadə oluna bilər. Bu gəmidə süni zəka elementləri də mövcuddur ki, bu da ona döyüş şəraitində daha çox müstəqillik və çeviklik qazandırır. Kuzan bildirib: “Ağlabatandır ki, dəniz dronları artıq bəzi süni zəka texnologiyalarını, xüsusilə döyüş modullarında, özündə cəmləşdirir”.

İnsansız sistemlər təkcə quruda deyil, dənizdə də müharibəni dəyişir. Ukraynanın texnologiyaya əsaslanan donanması dünyanın ən böyük donanmalarından birini gizlənməyə məcbur edib və sübut edib ki, innovasiya və asimmetrik müharibə böyük gücləri belə üstələyə bilər. Avtonom dronların sürətlə artması ilə “ehtiyatlı donanma” dövrü daha da dərinləşəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin