İran kapitulyasiyaya gedəcəkmi?

2025/06/1750678906.jpg
Oxunub: 718     15:30     23 İyun 2025    
Heç bir diqqətli analitik və ya siyasi şərhçi yəqin ki, ABŞ prezidenti Donald Trampın İran əleyhinə hərbi hücumu təsdiqləyəcəyinə şübhə etmirdi. Burada qeyri-adi olan, daha dəqiq desək, simvolik və gizli mesaj ehtiva edən məqam hücumların vaxtıdır – iyunun 22-nə keçən gecə. Bu tarix istər-istəməz, Hitlerin Sovet İttifaqına hücumu ilə assosiasiya olunur. Bu, Rusiya prezidenti Putinə yönəlmiş “konspirativ mesaj”dırmı? Bu barədə Moskvada düşünürlər.

Daha diqqətçəkən fakt ondan ibarətdir ki, Donald Tramp İran əleyhinə birbaşa ABŞ hücumuna göstərişi o zaman verib ki, İstanbulda İƏT-in (İslam Əməkdaşlıq Təşkilatı) xarici işlər nazirlərinin fövqəladə iclası davam edirdi. Həmin tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verənlərə görə İsraili pisləyib.

Yaxın Şərqə və beynəlxalq sülhə yönəlmiş təhdidlərə qarşı mübarizə üçün Türkiyə prezidenti islam dünyasını birləşməyə və “müstəqil güc qütbünə” çevrilməyə çağırıb. Ərdoğan faktiki olaraq Yaxın Şərqin “islam xəritəsini” çəkib və bildirib ki, İstanbul, Dəməşq, Bağdad, Tehran, Qəzza və Qüds, Məkkə və Mədinənin taleyi eynidir.

ABŞ prezidenti Trampın Ankarının sözügedən mövqeyindən xəbərsiz olması qeyri-mümkündür. Amma buna baxmayaraq, ABŞ prezidenti İran əleyhinə hücumlara razılıq verib. Bu nədən xəbər verir? ABŞ islam dünyasının “müstəqil güc mərkəzinə” çevrilməsini qəbul etməyəcəyini göstərir və bunun əvəzinə Yaxın Şərqdə İsrail-ABŞ müttəfiqliyinə əsaslanan yeni xəritəni önə sürür?

İsrail mətbuatı ABŞ-nin hücumlarından sonra baş nazir Benyamin Netanyahunun sosial şəbəkədəki paylaşımını yayımlayıb: “Prezident Tramp, təbrik edirəm. İranın nüvə obyektlərini ABŞ-nin möhtəşəm və ədalətli gücü ilə hədəf almaq barədə verdiyiniz cəsarətli qərar tarixi dəyişəcək”.

Bu, Yaxın Şərqin hərbi, iqtisadi və siyasi baxımdan yenidən dizayn ediləcəyinin anonsu idi. Türkiyə bu prosesə necə reaksiya verəcək? O, İranla bağlı məsələni necə həll edəcək? Əsas sual isə budur: İran kapitulyasiyaya gedəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Kapitulyasiya  


Bizi "telegram"da izləyin