ABŞ Ordusu M109-52 “Paladin” ilə artilleriya gücünü artırır: Daha uzun mənzil, daha böyük təsir

2025/06/1750503524.jpg
Oxunub: 444     15:34     21 İyun 2025    
ABŞ Ordusu mövcud M109A7 “Paladin” özüyeriyən haubitsalarını 52 çaplı yeni bir top sistemi ilə modernləşdirərək onların atəş məsafəsini və döyüş qabiliyyətini artırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, “BAE Systems” və ABŞ Ordusunun “Genişləndirilmiş Silahlar Komandanlığı” (“DEVCOM-AC”) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən M109-52 layihəsi həm maliyyət baxımından səmərəli, həm də aşağı riskli bir həll kimi qiymətləndirilir.

Uzun mənzil və NATO ilə uyğun sursatlar

Yeni sistemin əsas üstünlüklərindən biri, 39 çaplı mövcud toplarla müqayisədə daha uzun mənzilli atəş gücünə malik olmasıdır. Eyni zamanda NATO standartlarına (JBMOU) uyğun sursatlardan istifadə edə bilməsi onu müttəfiq qüvvələrlə birgə əməliyyatlarda daha effektiv edir. Hazırda prototiplər üzərində sınaqlar ABŞ-ın müxtəlif hərbi poliqonlarında davam edir. “Yuma Proving Ground”da keçiriləcək atış sınaqları ilə sistemin real döyüş performansı qiymətləndiriləcək.

“BAE Systems” nümayəndəsi Den Fürber bildirib: “Biz döyüşlərdə özünü sübut etmiş platformaları yetkin texnologiyalarla birləşdiririk. Bu da həm büdcə, həm də risk baxımından böyük üstünlük yaradır”.

Ukrayna müharibəsindən sonra ABŞ artilleriya imkanlarının gücləndirilməsi

ABŞ ordusu nümayəndələri açıq şəkildə etiraf edir ki, Ukraynadakı müharibədən sonra məsafə, kəmiyyət və manevr qabiliyyəti baxımından rəqiblərindən geri qalırlar. M109-52 sistemi bu çətinliyi aşmaq üçün həm mövcud platformaların istismar müddətini uzadır, həm də atəş dəstəyi imkanlarında yeni bir mərhələ açır.

Yeni sistemin 2026-cı ilə qədər yekun qiymətləndirmədən keçməsi və daha sonra seriya istehsalına başlanması planlaşdırılır. Bu modernləşdirmə ABŞ artilleriya doktrinasında mühüm bir dönüş nöqtəsi hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Paladin  


Bizi "telegram"da izləyin