“Embraer”dən Avropaya üçüncü gün dalbadal satış: Bu dəfə Litva

2025/06/1750401579.jpg
Oxunub: 487     13:33     20 İyun 2025    
Litva “Embraer” tərəfindən istehsal olunan 3 “C-390 Millennium” çoxməqsədli hərbi nəqliyyat təyyarəsi almaq qərarına gəlib və bu platformanın 11-ci beynəlxalq müştərisi olub.

Ordu.az xəbər verir ki, “Embraer” üç gün ardıcıl olaraq C-390 üçün yeni satış elanları ilə diqqət çəkib.

Litvanın müdafiə nazirinin müavini Loreta Maskalioviene “Embraer” tərəfindən yayımlanan bəyanatda bildirib: “Biz bazarda müxtəlif hərbi nəqliyyat təyyarələrini diqqətlə araşdırdıq. Qiymətləndirmələrimiz nəticəsində qərara gəldik ki, “C-390 Millenium” bizim milli əməliyyat tələblərimizə ən yaxşı cavab verən platformadır”.

Maskalioviene qeyd edib ki, bu səbəblə “Embraer” ilə danışıqlara başlanılıb və satınalma müqaviləsinin yaxın aylarda tamamlanacağını gözləyirlər.

Qeyd edək ki, “C-390 Millenium” Avropada sürətlə populyarlaşır. İndiyə qədər Avstriya, İsveç, Çexiya və Niderland sifariş verib, Slovakiya isə sifariş vermək niyyətini açıqlayıb. Macarıstan və Portuqaliya platformadan fəal şəkildə istifadə edirlər. Braziliya, Cənubi Koreya və adı açıqlanmayan bir ölkə də C-390 istifadəçiləri arasındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Embraer   Avropa  


Bizi "telegram"da izləyin