Avropa hava qüvvələri, “MiQ” və “Sukhoi” təyyarələrinə qarşı üstünlük təmin edə biləcək hava üstünlüyü təyyarəsinə artan tələbat içində idi və “Eurofighter” layihəsi məhz bu Sovet təhlükəsinə qarşı mübarizə aparmaq məqsədilə başladıldı.
Burak Özcan
Soyuq Müharibənin yaratdığı geosiyasi çətinliklər Avropa dövlətlərinin Sovet İttifaqının hava qüvvələrinə qarşı effektiv şəkildə müqavimət göstərə biləcək yeni nəsil üstün xüsusiyyətli bir hava döyüş təyyarəsinə ehtiyacını ortaya çıxardı. Bu müddətdə, avropalı siyasi aktorların təşəbbüsü ilə Avropada yerləşən müdafiə sənayesi istehsalçıları ABŞ istehsalı döyüş təyyarələrinə olan mövcud asılılığı azaltmaq məqsədilə bir təşəbbüs başlatdı. Mövcud hava qüvvələrinin inventarında olan təyyarə parklarının yaşlanması və texnoloji cəhətdən geri qalması bu asılılığı azaltma səylərini daha da sürətləndirdi. Eyni zamanda, qitə üzrə keyfiyyətli işçi qüvvəsi yaratmaq və müdafiə texnologiyaları sahəsində Avropanın dizayn və istehsal qabiliyyətlərini inkişaf etdirmək hədəfi də bu modernizasiya ehtiyacının vacib bir hissəsi olub.

Bu çox yönlü ehtiyacların birləşməsi yüksək performanslı, çox rollu bir döyüş təyyarəsi platformasının inkişafına zəmin yaratmışdı. Başlanğıcda hava üstünlüyünü təmin etmək məqsədilə dizayn edilən “Typhoon” layihəsi dəyişən qlobal təhlükəsizlik mühiti və əməliyyat ehtiyaclarının dəyişməsi ilə, “hava-yer” əməliyyatları, kəşfiyyat və radioelektron mübarizə kimi fərqli missiyaları da uğurla yerinə yetirə biləcək dinamik rollu bir qabiliyyət qazanıb.
“Eurofighter Typhoon”un Dizayn Prosesi
1980-ci illərdə NATO Sovet İttifaqının texnoloji baxımdan inkişaf etmiş yeni 4-cü nəsil döyüş təyyarələri olan “MiQ-29 Fulcrum” və “Su-27 Flanker”in yaratdığı artan təhlükə ilə üz-üzə idi. “MiQ-29” Sovet İttifaqında 1960-cı illərin sonlarında, Qərbin yeni nəsil “F-15 Eagle” və “F-16 Fighting Falcon” qırıcı təyyarələrinə qarşı üstünlük təmin etmək məqsədilə inkişaf etdirilməyə başlanmış qırıcı təyyarədir.
“MiQ-29” döyüş təyyarəsi Sovet Hava Hücumundan Müdafiə Qüvvələrinin əsas ehtiyacı olan qısa qalxma və enmə məsafələrinə malik olma və yüksək manevr qabiliyyətinə sahib bir təyyarə yaratmaq məqsədilə dizayn olunub. İtələmə vektorlamasına malik olmasa da, yüksək dartı-çəki nisbəti və inkişaf etmiş aerodinamik xüsusiyyətləri ilə seçilir. Məqsəd manevr qabiliyyəti və atəş gücü baxımından bənzərsiz bir qısa mənzilli ön cəbhə qırıcı təyyarəsi yaratmaq idi. 1986-cı ildə “MiQ-29” Qərb dünyasına ilk dəfə Finlandiya və İsveçi ziyarət edən Sovet Hava Qüvvələrinə məxsus təyyarələr arasında təqdim olundu.

Bu, təyyarənin Qərb ekspertləri tərəfindən araşdırılmasına imkan yaratdı. Qlasnost dövrünün sonlarına yaxın Qərb təcrübəsinə malik pilotların hava nümayişlərində göstərdiyi performansla təəccüblə izlədikləri, qeyri-adi manevr qabiliyyətinə malik bir təyyarə olaraq xarakterizə edilib. Qərbli bir pilotun təcrübəsinə əsasən, bu təyyarənin aşağı sürətlə manevr etmə qabiliyyəti xüsusilə vurğulanır və o, bu təyyarəni “idarə etdiyim ən asan və manevr qabiliyyəti ən yüksək reaktiv təyyarə” kimi xarakterizə edir.
Sovet İttifaqında inkişaf etdirilən “Su-27”nin əsas vəzifəsi uzun mənzilli qarşıdurma əməliyyatları aparmaq və hava üstünlüyünü təmin etmək idi. Bu baxımdan, xüsusilə Amerika istehsalı “F-14 Tomcat” və “F-15 Eagle” kimi dövrün önəmli qırıcı təyyarələrinə qarşı strateji bir tarazlıq elementi yaratmaq hədəflənmişdi. Bəzi müdafiə analitikləri “Su-27”ni “qeyri-adi uzun mənzilə sahib bir canavar” kimi xarakterizə etmiş və NATO-nun uzun mənzilli qarşıdurma təyyarələrinin qarşılaşması ehtimal olunan əsas təhlükə kimi vurğulamışdı. “Su-27”nin hava nümayişlərindəki təsirli manevr qabiliyyəti də diqqət çəkib.

Bu yeni Sovet təhlükəsi qarşısında Avropa hava qüvvələri “MiQ” və “Sukhoi” təyyarələrinə qarşı üstünlük təmin edə biləcək hava üstünlüyü təyyarəsinə yönəlik artan bir ehtiyac içində idi. “Eurofighter” layihəsi məhz bu Sovet təhlükəsinə qarşı mübarizə aparmaq məqsədilə başladılıb.
“Eurofighter Typhoon” layihəsinin həyata keçirilə bilən olması düşüncəsi böyük ölçüdə 1979-1998-ci illər arasında ümumilikdə 990 ədəd istehsal edilərək mühüm bir uğura imza atan “Panavia Tornado” layihəsinin təcrübə və qazancından bəhrələnib. “Panavia Tornado” (Böyük Britaniya, Almaniya, İtaliya) və “Eurofighter Typhoon” (Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya), Avropa müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq və texnoloji səriştə qazanması baxımından dönüş nöqtəsi sayılan iki önəmli ortaq istehsal layihəsidir. Hər iki layihə də bir neçə ölkənin siyasi iradəsini, iqtisadi resurslarını və texnoloji biliklərini bir araya gətirən kompleks əməkdaşlıq modelləri ilə həyata keçirilib və oxşar əsas fəlsəfələr üzərində qurulub. Bu fəlsəfələr milli müdafiə ehtiyaclarını qarşılamaqla yanaşı, iştirakçı ölkələrin müdafiə sənayelərini gücləndirməyi və beynəlxalq aləmdə rəqabət üstünlüyü qazanmağı hədəfləyib.
“Panavia Tornado” layihəsi soyuq müharibə dövrünün spesifik təhlükə mühitində NATO-nun Sovet İttifaqı və Varşava Paktına üzv ölkələrin dərinliklərindəki strateji əhəmiyyətli hədəflərə qarşı effektiv hücum qabiliyyəti təmin etmə ehtiyacına əsaslanaraq həyata keçirilib. Bu çərçivədə “Tornado” uzun mənzilli tapşırıqları yerinə yetirə biləcək, müxtəlif hava şəraitində və təhdid mühitlərində effektiv ola biləcək qırıcı-bombardmançı təyyarəsi olaraq dizayn olunub. Hər iki layihənin ortaq hədəflərindən biri Avropa ölkələrinin müdafiə texnologiyaları sahəsində Amerika Birləşmiş Ştatlarından olan asılılığını azaltmaq olub. Bu məqsədlə, layihələrdə iştirak edən ölkələr öz mühəndislik və istehsal imkanlarını inkişaf etdirərək, kritik texnologiyalarda xarici asılılığı minimuma endirməyi hədəfləyiblər. Bu strateji yanaşma Avropanın müdafiə sahəsində müstəqilliyini gücləndirmə vizyonunun bir hissəsidir.

Son olaraq, hər iki layihədə də “paylaşılan istehsal sistemi” adlandırılan bir model qəbul edilib. Bu sistem təyyarələrin müxtəlif hissələrinin layihə ortağı ölkələrdəki fərqli firmalar tərəfindən istehsal edilməsini və son montajın yenə ortaq şəkildə müəyyən olunmuş müəssisələrdə aparılmasını əhatə edir. Bu yanaşma, xərcləri azaltmağın, texnologiya transferini asanlaşdırmağın və iştirakçı ölkələr arasında iqtisadi fayda paylaşımını təmin etməyin effektiv yolu kimi qiymətləndirilib.
“Eurofighter Typhoon” layihəsi Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın təşəbbüsü ilə planlaşdırılıb və bu ölkələrin əməkdaşlığı ilə həyata keçirilib. “Eurofighter Typhoon”un inkişaf etdirilməsi prosesində mühüm bir dönüş nöqtəsi olan ilk prototipin inşasına 1989-cu ildə başlanılıb. Layihənin beynəlxalq xarakteri səbəbindən, təyyarənin komponentlərinin istehsal xətti və son montaj mərhələləri dörd əsas ölkəyə paylanıb: Böyük Britaniyada “BAE Systems”in “Warton” zavodu, Almaniyada EADS-ın “Manching” zavodu, İtaliyada “Leonardo Aircraft Division”un “Torino” zavodu və İspaniyada “EADS CASA”nın “Getafe” zavodu.
“Fly-by-wire” və “Eurofighter Typhoon”
“Eurofighter Typhoon” həm səsdən aşağı (subsəs), həm də səsdən yüksək (süpersəs) sürət aralığında üstün manevr qabiliyyəti təqdim edəcək şəkildə dizayn olunub. Bu xüsusiyyət, qeyri-sabit (relaxed stability) aerodinamik quruluş və dörd kanallı ehtiyatlı rəqəmsal uçuş nəzarət sistemi (“fly-by-wire”) vasitəsilə əldə edilib. Əsas məqsəd bu təbii qeyri-sabitliyin yaratdığı çətinliklərə baxmayaraq, yalnız əl ilə idarə etmənin təmin edə bilməyəcəyi səviyyədə qeyri-adi bir manevr performansı təqdim etməkdir.
“Eurofighter Typhoon”un dizaynının erkən mərhələlərində pilotlar da iştirak edib və məqsəd effektiv şəkildə idarə oluna bilən, lakin bilərəkdən qeyri-sabit bir hava gövdəsi inkişaf etdirmək olub. Bu qeyri-sabit dizaynın birinci məqsədi həm səsdən aşağı sürətlərdə üstün manevr qabiliyyətini təmin etmək, həm də müxtəlif döyüş ssenarilərinə uyğun süpersəs imkanlar təqdim etmək olub. “Typhoon”un həm süpersəs, həm də aşağı sürətlərdə yüksək çevikliyə malik olması qeyri-sabit (relaxed stability) bir stabillik dizaynına əsaslanır. Təyyarənin yaradılışdan gələn bu qeyri-sabitliyini kompensasiya etmək üçün dörd kanallı rəqəmsal “fly-by-wire” idarəetmə sistemi inteqrasiya edilib.
“Eurofighter Typhoon”un ilk prototipi
“Fly-by-wire” sistemi barədə danışsaq, bu texnologiya pilotun idarə qolundakı hərəkətini dərhal rəqəmsal siqnala çevirir və həmin siqnal əsasında təyyarənin idarəetmə səthləri birbaşa elektrik ötürücü sistemlər vasitəsilə hərəkət etdirilir. Bu sayədə, pilotun əmrləri mexaniki bağlantılara ehtiyac olmadan daha sürətli və dəqiq şəkildə təyyarəyə ötürülür. “Fly-by-wire” sistemi pilotun təyyarəni idarə etməsi üçün bir körpü funksiyası görür. Pilotun idarə hərəkətləri uçuşa nəzarət kompüteri tərəfindən dərhal aşkar edilir və təyyarənin idarəetmə səthlərinə elektrik siqnalları göndərilir. Bu sayədə təyyarə pilotun istəklərinə uyğun hərəkət edir. Sistemə daxil edilmiş giroskoplar və sürətölçənlər kimi həssas sensorlar təyyarənin hər anda baş verən mövqeyini və hərəkətini izləyir. Bu məlumatlara əsaslanaraq uçuşa nəzarət kompüteri təyyarəni avtomatik olaraq tarazlıqda saxlamaq üçün lazımi düzəlişləri həyata keçirir. Beləliklə, pilot uçuşa daha çox fokuslana bilir. Bu sistem süni stabillik təmin edərək təyyarənin təhlükəsiz və effektiv şəkildə idarə olunmasını mümkün edir, çünki əl ilə idarəetmə bu təbii qeyri-sabitliyi təkbaşına idarə edə bilməz. “Fly-by-wire” sistemi pilotun icazə verilən manevr limitindən kənara çıxmasını əngəlləyir.

“Eurofighter Typhoon”un qanad dizaynı delta qanad dizaynı üzərində qurulub. Bu delta qanad konfiqurasiyası aşağı sürət aralığında xarakterik olaraq qeyri-sabit bir aerodinamik davranış sərgiləyir. Bu struktural qeyri-sabitlik, “canard” adlanan ön qanadlar vasitəsilə effektiv şəkildə tarazlaşdırılır. “Canard”lar, hava axınını yönləndirərək təyyarənin yüksəklik oxundakı (pitch) hərəkətlərini nəzarət altına alır və bu sayədə stabillik təmin olunur.
“Eurofighter Typhoon”un dizaynerləri aviasiya mühəndisliyində geniş istifadə edilən bir konsepsiya olan “wet wing” – “isladılmış qanad” dizaynını seçib. Bu dizayn təyyarənin yanacağının birbaşa qanad strukturunun içərisində xüsusi şəkildə dizayn edilmiş və sızdırmazlığı təmin olunmuş bölmələrdə saxlanması prinsipinə əsaslanır. Bu inteqrasiya edilmiş yanacaq saxlama yanaşması ənənəvi xarici yanacaq çənlərinə nisbətən müxtəlif üstünlüklər təqdim edir. “İsladılmış qanad” dizaynı qanad altı və ya gövdə üzərindəki “hardpoint” (yük nöqtələri) üzərində xarici yanacaq çənlərinin istifadəsi ehtiyacını aradan qaldırır və ya əhəmiyyətli dərəcədə azaldır. Bu vəziyyət həmin nöqtələrin silah sistemləri, xarici sensorlar, elektron müharibə podları və ya digər faydalı yüklər üçün istifadə olunmasına imkan verir.
“Eurofighter Typhoon”da ümumilikdə 13 ədəd “hardpoint” mövcuddur. Nəticədə, təyyarənin daşıya biləcəyi ümumi silah və avadanlıq miqdarı artırılaraq əməliyyat elastikliyi və effektivliyi əhəmiyyətli dərəcədə artırılır. Təyyarənin yanacaq sistemi gövdənin üç əsas bölməsi ilə qanadlar arasında uzanan yanacaq borularını bir-birinə birləşdirən elastik əlaqələr üzərində qurulub. “Eurofighter Typhoon” daxili və xarici olaraq maksimum 7600 kq yanacaq tutumuna malikdir, yanacaq çənləri həm gövdə, həm də qanad içərisində strateji şəkildə yerləşdirilib.
“Eurofighter Typhoon”un “hardpoint” bölgələri
Ağıllı, kompüter tərəfindən idarə olunan yanacaq idarəetmə sistemi təyyarənin əməliyyat səmərəliliyi və təhlükəsizliyi üçün kritik rol oynayır. Bu sistem yanacağın qanad içərisindəki fərqli çən bölmələrinə paylanmasını və istehlak sırasını dəqiq şəkildə idarə edir. Yanacaq sərfiyyatı ilə birlikdə təyyarənin ağırlıq mərkəzində baş verən təbii dəyişikliklər sistem tərəfindən fərqli çənlərdən yanacağın nəzarətli şəkildə çəkilməsi ilə davamlı olaraq balanslaşdırılır.
Ağırlıq mərkəzinin bu dinamik idarə olunması uçuş zamanı optimal stabillik və manevr qabiliyyətinin qorunmasını təmin edir. Eyni zamanda, yanacaq səmərəliliyini artıraraq uçuş məsafəsini maksimuma çatdırır və pilotun iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Sistemin təhlükəsizliyini və bütövlüyünü təmin etmək məqsədilə hava və yanacaq təzyiqlərini tənzimləyən təxliyə qurğuları da mövcuddur. Bu inteqrasiya olunmuş yanaşma, təyyarəyə uzun məsafə, əməliyyat elastikliyi və yüksək təhlükəsizlik standartları qazandırır.
Uzun məsafəli missiyalar üçün “Eurofighter Typhoon”
Döyüş təyyarələrinin əməliyyat radiusunu artırmaq məqsədilə istifadə olunan xarici yanacaq çənləri missiya tələblərinə görə müxtəlif konfiqurasiyalarda təqdim olunur. Qanad altlarına iki tərəfli şəkildə yerləşdirilən “drop tank”lar (“Drop tank” — təyyarənin qanadları altına yerləşdirilən, əlavə yanacaq daşımaq üçün nəzərdə tutulan çıxarıla bilən (lazım gəldikdə atıla bilən) yanacaq çənidir. Bu, təyyarənin uçuş məsafəsini və havada qalma müddətini artırır - red.), əlavə yanacaq daşıyaraq təyyarənin əməliyyat əhatəsini əhəmiyyətli dərəcədə genişləndirir. Bu çənlərin ən diqqətəlayiq xüsusiyyətlərindən biri, döyüş şəraitində aerodinamik performansı və ya manevr qabiliyyətini yaxşılaşdırmaq üçün asanlıqla atıla bilmələridir. Lakin bu elastiklik, öz növbəsində sürüklənmə artımı kimi bir çatışmazlığı da gətirir. Buna qarşı olaraq, gövdənin mərkəz oxuna quraşdırılan “centerline” yanacaq çənləri daha yüksək tutumlu yanacaq saxlama imkanı təqdim edir.

Struktur olaraq təyyarəyə inteqrasiya edildikləri üçün atıla bilməzlər, lakin “drop tank”larla müqayisədə daha az sürüklənməyə səbəb olmaları əhəmiyyətli bir üstünlükdür. Əsas fərq isə, “drop tank”ların taktik elastiklik təqdim edən atıla bilən quruluşuna qarşı, “centerline” çənlərin daha çox yanacaq saxlama tutumu ilə sabit bir həll təqdim etməsidir. Hər iki yanacaq çəni növü uzun məsafəli hava əməliyyatlarında əməliyyat radiusunu artıraraq kritik rol oynayır və təyyarələrin missiyalarını uğurla tamamlamaqlarına imkan verir. “Eurofighter Typhoon” missiya konfiqurasiyasına bağlı olaraq bir, iki və ya üç ədəd 1000 litrlik xarici yanacaq çəni daşıya bilər. Bu məqsədlə “drop tank”lar və “centerline” yanacaq çənləri istifadə olunur. Təyyarənin uçuş balansını qorumaq məqsədilə qanadlardan birinə 1000 litrlik “drop tank” quraşdırıldıqda, eyni tip və çəkidə olan bir çənin digər qanada da quraşdırılması məcburidir.
“Eurofighter Typhoon”a zəruri görüldüyü təqdirdə konformal yanacaq çənləri inteqrasiya edilə bilər. Konformal yanacaq çənləri (CFT – “Conformal Fuel Tank”), müasir döyüş təyyarələrinin məsafə tələblərini qarşılamaq üçün hazırlanmış yenilikçi bir yanacaq saxlama həllidir. Təyyarənin gövdəsinə aerodinamik bir bütövlük təmin edəcək şəkildə inteqrasiya edilən bu çənlər ənənəvi xarici çənlərə nisbətən daha az sürüklənmə və radar kəsişməsi təqdim edərək təyyarənin gizlilik və performans xüsusiyyətlərinə töhfə verir. Atıla bilməyən quruluşa sahib olsalar da, struktur inteqrasiyası sayəsində təyyarənin manevr qabiliyyətini əhəmiyyətli dərəcədə azaltmazlar. CFT-lər, “drop tank”lardan daha çox yanacaq daşıma qabiliyyətinə sahibkən, “centerline” çənlərlə müqayisədə daha az yer tutaraq fərqli missiya konfiqurasiyalarına uyğunlaşır. Xüsusilə müasir döyüş təyyarələrində üstünlük verilən bu texnologiya uzun məsafəli əməliyyatlarda kritik bir üstünlük təqdim edir. Lakin sabit quruluşda olduqları üçün fövqəladə hallarda atıla bilməzlər və əlavə çəkiləri səbəbindən bəzi xüsusi missiya profillərində istifadəsi məhdud ola bilər. 2013-2014 illəri arasında “Eurofighter Typhoon Tranche 3” konfiqurasiyası ilə test edilmiş CFT-lərə tələb olmayıb.

“Eurofighter Typhoon” döyüş təyyarəsi havada yanacaq doldurma üçün “probe-and-drogue” adlandırılan sistemi istifadə edir. Bu sistemin əsas komponentlərindən biri olan yanacaq doldurma çubuğu (“prob”) təyyarənin kokpitinin sağ üst hissəsində yerləşdirilmiş, qatlanan quruluşa malikdir və istifadə olunmadıqda gövdə daxilinə tam şəkildə inteqrasiya olunacaq şəkildə dizayn edilib. Yanacaq doldurma prosesi tanker təyyarədən uzadılan xortumun ucundakı “drogue” adlanan hədəf səbətindəki mexanizm ilə, “Typhoon” təyyarəsinin “prob” çubuğu ilə fiziki olaraq kilidlənmə ilə həyata keçirilir və bu kritik mərhələdə yanacaq ötürməsinin problemsiz şəkildə başa çatması üçün pilotun yüksək dəqiqlik tələb edən manevrlər etməsi zəruridir.
“Eurofighter Typhoon”un qanad quruluşunda ənənəvi birləşdirmə metoduna alternativ olaraq tətbiq olunan qabaqcıl struktur bağlama texnikaları daha yüngül və eyni zamanda yüksək möhkəmlik dəyərlərinə malik bir struktur bütövlüyün əldə olunmasını təmin edib. Bu müasir istehsal yanaşması aviasiya mühəndisliyindəki son inkişafları əks etdirir.
Qanad quruluşunun əsasını təşkil edən əsas struktur elementlər olan şpallar (qanad kirişləri) qanad açıqlığı boyunca uzanaraq aerodinamik yüklərin təhlükəsiz şəkildə daşınmasında kritik rol oynayır. Bu şpallar qanadın alt səthindəki aerodinamik profili (airfoil) gücləndirərək, struktur davamlılığı və yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu sayədə, qanad həm çəkidə optimallaşdırılır, həm də əməliyyat yükləri altında yüksək təhlükəsizlik standartlarını qarşılayır.
Yeni nəsil istehsal texnikaları
Bərkidici elementlərin istifadəsinin azaldılması və ya tamamilə aradan qaldırılması uçuş zamanı dinamik yüklənmələrdən qaynaqlana biləcək metal yorğunluğu və çatlaq yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Struktur bağlama texnologiyaları daha geniş sahəyə yayılmasını təmin edərək bərkidici dəlikləri ətrafındakı gərginlik konsentrasiyalarını azaldır. Bu hal materialın ömrünü uzadır və struktur etibarlılığını artırır.
Struktur dizaynında metal material istifadəsi 15% ilə məhdudlaşdırılan təyyarə bu sayədə azaldılmış radara əksolma sahəsi (RCS) təqdim edərək müəyyən dərəcədə əməliyyat gizliliyi təmin edir və radar əsaslı aşkarlama və əkstədbir sistemlərinə qarşı davamlılığını artırır. Platforma subsəs sürətlərdə sərgilədiyi yüksək manevr qabiliyyəti ilə yanaşı, müxtəlif döyüş tapşırıq profillərini dəstəkləyən effektiv süpersəs performans imkanlarına da malikdir.

“Eurofighter Typhoon”un dizayn strategiyasının əsasını təşkil edən güclü və yüngül kompozit materiallar platformanın imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu qabaqcıl texnologiyalı materiallardan istifadə ənənəvi materiallarla istehsal edilmiş dizaynlarla müqayisədə gövdə çəkisində 30% azalma təmin edir. Bu çəki optimallaşdırması platformanın uçuş məsafəsini və ümumi performansını artırarkən, eyni zamanda radara əksolma sahəsini (RCS) azaldaraq aşkarlanmanı da aşağı salır. Sözügedən dizaynda istifadə olunan əsas struktur material növləri bunlardır: Titan ərintiləri, Tökmə Alüminium Ərintiləri, Karbon Liflə Gücləndirilmiş Kompozitlər (CFRP – Carbon Fiber Reinforced Polymer), Alüminium-Litium Ərintiləri (Al-Li), Şüşə Liflə Gücləndirilmiş Plastika (GFRP – Glass Fiber Reinforced Plastic).
Kritik mühəndislik tətbiqlərində, xüsusilə yüksək temperatur və vibrasiyaya məruz qalan mühərrik bölmələri kimi bölgələrdə titan ərintilərinə üstünlük verilir. Konsorsiumun İtalyan tərəfdaşları titanı super plastik formalaşdırma və diffuziya qaynağı kimi tanınan xüsusi bir metodla formalaşdıraraq möhkəmliyini artırırlar. Bu metod titanı plastik kimi bir formaya salaraq qaz inyeksiyası ilə istənilən formaya gətirilməsini təmin edir. Nəticə etibarilə, yüksək temperatur müqavimətinə və aşağı sıxlığa malik yüksək möhkəmlikli panellər əldə edilir. Bu qabaqcıl texnologiyalı kompozit materiallar təyyarənin struktur bütövlüyünə birbaşa töhfə verərək, təxminən 25 il/6000 uçuş saatı olaraq nəzərdə tutulan əməliyyat xidməti ömrünü dəstəkləyir.
“Eurofighter Typhoon” gizli (stealth) döyüş təyyarəsi olaraq təsnif edilməsə də, xüsusilə ön radar əksolma sahəsini azaltmağa yönəlik dizayn xüsusiyyətlərinə malikdir. Sözügedən tədbirlərdən biri mühərrik girişlərinin reaktiv mühərriklərin ön səthini örtməsidir. Bu, ona görə vacibdir ki, reaktiv mühərriklər radar siqnallarını güclü şəkildə əks etdirən komponentlərdir. Qanad, “canard” və şaquli stabilizator kimi əsas radar siqnalı əks etdirən səthlərin ön kənarları radara görünməzliyi artırmaq məqsədilə kəskin bucaqlı şəkildə dizayn edilib. Bu quruluş radar siqnallarının ön tərəfdən müxtəlif istiqamətlərə səpələnməsini təmin edərək radara görünməni azaldır. Digər tərəfdən, bəzi analitiklər isə “canard” quruluşunun radara əksolma sahəsini artıran bir faktor olduğunu qiymətləndirirlər.
Bəzi xarici silah sistemləri yarı gizli montaj seçiminə malikdir, bu da həmin raketləri gələn radar siqnallarına qarşı qismən qoruyur. Aşağı radara görünmə və struktur davamlılıq tələbləri istiqamətində dizayn prosesində inkişaf etmiş kompozit materiallardan istifadə olunub. Bu sayədə aşağı radara əksolma sahəsinə çatılıb və yüksək davamlılığa malik bir hava vasitəsi gövdəsi yaradılıb. Hava vasitəsinin səthinin böyük əksəriyyəti metal əsaslı olmayan materiallardan istehsal olunub. Radar dalğalarını səpələyən bucaqlı səthlər dizayn edilib və EADS/DASA tərəfindən hazırlanmış radar uducu materiallar (RAM – Radiation Absorbent Material) əsasən qanadların ön kənarları, hava girişlərinin kənarları və daxili səthləri, idarəetmə səthlərinin ətrafı və aerodinamik sabitləşdiricilər kimi müxtəlif kritik bölgələrdə istifadə edilib.
Texniki Xüsusiyyətlər
Qanad açıqlığı: 10,95 m
Ümumi uzunluq: 15,96 m
Hündürlük: 5,28 m
Qanad sahəsi: 51,2 m²
Boş çəkisi: 11.000 kq
Yüklü çəkisi: 16.000 kq
Maksimum qalxma çəkisi: 23.500 kq
Maksimum sürət: 2 Mach
Maksimum uçuş yüksəkliyi: >55.000 ft
Dəyanət Ağalarlı
Ordu.az