Türkiyə yeni tanker təyyarəsi axtarır: KC-46A, yoxsa A330 MRTT?

2025/05/1748427040.jpg
Oxunub: 581     15:15     28 May 2025    
Türk Hərbi Hava Qüvvələri (HHQ) uzun illərdir xidmət edən “KC-135 Stratotanker” təyyarəsini istismardan çıxarmağa hazırlaşarkən, bu platformanı əvəz edəcək yeni nəsil yanacaq doldurma təyyarəsi üçün iki güclü namizəd arasında qiymətləndirmə prosesinə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Müdafiə müxbiri Qaret Cenninqsin verdiyi məlumata görə, Türkiyə həm “KC-46A Pegasus” üçün ABŞ-nin “Boeing” şirkəti, həm də A330 MRTT platforması üçün Avropada yerləşən “Airbus” ilə danışıqlar aparır.

ASFAT rəsmiləri tərəfindən verilən açıqlamada qeyd edilib:

“Hər iki sistemin öz üstünlükləri var. Türkiyə HHQ KC-46A vasitəsilə ABŞ HHQ-nin texniki xidmət-əməliyyat konsepsiyasını yaxşı bilir. Digər tərəfdən, A330 MRTT xüsusilə aeromedikal evakuasiya kimi çox funksiyalı missiyalarda daha çevik həllər təklif edir”.

Türkiyənin qiymətləndirdiyi və qərar mərhələsində olan iki platforma həm qabiliyyət, həm də missiya məsafəsi baxımından beynəlxalq arenada önə çıxan sistemlər arasındadır.

Türkiyə HHQ üçün ediləcək seçim yalnız platformanın fiziki və texniki xüsusiyyətlərinə deyil, həm də mövcud logistika infrastrukturuna, təlim doktrinasına və uzunmüddətli inteqrasiya qabiliyyətinə əsaslanacaq.

KC-46A NATO standartlarına uyğunluğu və ABŞ ilə birgə təlimlərdə qazandığı vərdişləri ilə üstünlük təşkil edir. Bununla belə, A330 MRTT bir çox ölkələr tərəfindən fəal şəkildə istifadə olunur və daha geniş missiyaları ilə seçilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KC-46A   A330-MRTT  


Bizi "telegram"da izləyin