Ordu.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Giorgia Meloninin iştirakı ilə Romadakı "Villa Pamphili" iqamətgahında keçirilən mərasimdə ötən ilin martında imzalanmış müqavilənin sənədləri qarşılıqlı şəkildə dəyişdirilib.
Qlobal PUA bazarının lideri "Baykar" ilə dünyanın ən böyük müdafiə şirkətlərindən biri olan "Leonardo" arasında yüksək texnologiya sahəsində ortaq istehsal məqsədi daşıyan anlaşma memorandumu 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısı çərçivəsində bir daha təsdiqlənib.
Mərasimdə 2025-ci il martın 6-da Romada imzalanan müqavilə ilə bağlı sənədlər "Baykar" İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə "Leonardo" baş direktoru və baş meneceri Roberto Cinqolani tərəfindən bir-birinə təhvil verilib.
Müqavilə hər iki şirkətin qabaqcıl texnologiya imkanlarını birləşdirmək məqsədi daşıyır.
İtaliyanın Baş naziri "Baykar"ın uğurlarından danışıb. "İtaliyada yerləşən birgə müəssisənin olması təkcə mövcud güclü tərəflərimizi gücləndirməyəcək, həm də bütün Avropa üçün yeni imkanlar yaradacaq", - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az