Ordu.az xəbər verir ki, RAF Polşadakı “Malbork” aviabazasına yerləşdirilən “Typhoon” döyüş təyyarələrinin 2025-ci il aprelin 15-17-də NATO hava məkanına üç dəfə yaxınlaşan Rusiya təyyarələrini bloklamaq üçün havaya qalxdığını açıqlayıb.
Əməliyyatlar NATO-nun şərq cinahında hava məkanını qorumaq məqsədi daşıyan “Gücləndirilmiş Hava Polisi” missiyası çərçivəsində həyata keçirilir.
RAF Britaniyanın NATO-nun kollektiv müdafiəsinə sadiqliyini nümayiş etdirən CHESSMAN əməliyyatının bir hissəsi kimi bu missiyada iştirak edir.
Hal-hazırda “Malbork” aviabazasında, 140-cı Ekspedisiya Hava Eskadrilyasında təxminən 200 personal və 6 “Typhoon” döyüş təyyarəsi missiya yerinə yetirir. Bu birliklər NATO sərhədləri yaxınlığında koordinasiya olunmamış hava fəaliyyətinə sürətli cavab vermək üçün hazır vəziyyətdə saxlanılır.
Bu yerləşdirmə həm hava məkanının bütövlüyünü qorumaq, həm də Rusiyanın artan hərbi fəaliyyətlərinə qarşı şərqdə NATO üzvlərinin təhlükəsizliyini təmin etmək baxımından strateji əhəmiyyət kəsb edir.
Bundan əlavə, bu missiya ona görə diqqətəlayiqdir ki, 2024-cü ildə NATO-ya daxil olan İsveçin “Gripen” döyüş təyyarələri ilk dəfə RAF ilə birlikdə fəaliyyət göstərir.
Sevinc Əliyeva
Ordu.az