Tramp və NATO-nun təzyiqi nəticə verdi – İtaliya müdafiə büdcəsini artırdı

2025/04/1745059517.jpg
Oxunub: 589     17:44     19 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp və İtaliya Baş naziri Corca Meloni arasında 17 aprel 2025-ci ildə keçirilən Vaşinqton görüşündən bir neçə saat əvvəl, İtaliya Maliyyə naziri Cankarlo Giorgetti parlamentdə çıxış edərək, ölkənin müdafiə xərclərinin bu il ÜDM-in 2%-nə çatacağını bəyan edib.

Ordu.az xəbər verir ki, bu, NATO qarşısında uzun illər öhdəlik götürən, lakin hədəfə çatmayan İtaliya üçün ciddi dönüş nöqtəsi kimi qiymətləndirilir.

Giorgetti çıxışında bildirib ki, mövcud beynəlxalq gərginliklər fonunda bu xərclərin artırılmasına ehtiyacın tam fərqindədirlər. Eyni gündə Ağ Evdə bəyanat verən Meloni isə İtaliyanın öhdəliklərinə sadiq olduğunu vurğulayıb: “Biz ciddi dövlətik və üzərimizə düşəni yerinə yetiririk”.

Müdafiə nazirinin açıqlamasına əsasən, İtaliya uzun müddətdir ki, NATO qarşısında 2%-lik xərc öhdəliyini yerinə yetirmirdi. Lakin Trampın təzyiqi və NATO-nun 2025-ci ilin yayında keçiriləcək sammiti öncəsində bu rəqəmin elan olunması, bəzi analitiklər tərəfindən “gecikmiş, lakin imic qoruma məqsədli addım” kimi qiymətləndirilib.

Bununla belə, İtaliya ictimaiyyəti bu artımı birmənalı qarşılamayıb. Son sorğular əhalinin əksəriyyətinin müdafiə xərclərinin artırılmasına qarşı olduğunu göstərib. “Beş Ulduz Hərəkatı” bu ay Roma küçələrində etiraz yürüşü keçirib. Hökumət daxilində də tənqidlər var. Baş nazirin müavini Matteo Salvini əlavə vəsaitin “bombalara deyil, xəstəxanalara ayrılmalı olduğunu” bildirib.

İtaliyanın müdafiə büdcəsi 2024-cü ilin sonuna qədər 37,9 milyard avroya çatacaq. Bu da əvvəlki ilə nisbətən 8,7 milyard avro artım deməkdir. Bununla belə, İtaliya Müdafiə Nazirliyinin bəzi mülki qurumların, o cümlədən Sahil Mühafizəsinin xərclərini də müdafiə büdcəsinə daxil etməklə statistik rəqəmləri “uyğunlaşdırmağa” çalışdığı bildirilir. Lakin Roma mərkəzli IAI beyin mərkəzinin analitiki Alessandro Marrone xəbərdarlıq edir ki, NATO-nun büdcə kriteriyaları elastik deyil, bu, çıxılmaz bir yoldur.

İtaliya alternativ olaraq Avropa İttifaqının təqdim etdiyi 150 milyard avroluq müdafiə krediti təşəbbüsündən də faydalana bilər. İttifaq həmçinin ÜDM-in 1,5%-nə qədər müdafiə xərclərinin borc qaydalarından azad edilməsini də planlaşdırır. Marrone bildirir: “İtaliya uzun illər bu imtiyaz üçün çalışırdı. İndi əldə etdi. Artıq bəhanə yoxdur”.

Bütün bu proseslər fonunda ABŞ İtaliyaya təzyiqləri artırır ki, o, müdafiə alışlarını əsasən ABŞ istehsalı olan texnikalarla təmin etsin. 2023-cü ildə İtaliya ABŞ-dən 184 milyon avro dəyərində silah idxal edib. 2024-cü ildə isə 90 ədəd F-35 döyüş təyyarəsinə əlavə olaraq daha 25 təyyarə üçün 7 milyard avro dəyərində yeni sifariş verilib. Bundan başqa, “Gulfstream” tipli erkən xəbərdarlıq, siqnal kəşfiyyatı və radioelektron müharibə təyyarələrinin də alınması planlaşdırılır.

İtaliya eyni zamanda Avropa istehsalçıları ilə də əməkdaşlığa önəm verir. “Rheinmetall” ilə tank və zirehli texnikanın istehsalı, “Fincantieri” ilə gəmi inşası və MBDA şirkəti ilə yeni SAMP/T hava hücumundan müdafiə sistemlərinin sifarişi bu istiqamətdə aparılan əsas işlər sırasındadır.

Marrone hesab edir ki, Aİ 150 milyard avroluq kreditin ən azı üçdə ikisinin Avropa məhsullarına yönəldilməsini istəyə bilər. Bu isə ABŞ-YƏİ balansının qorunması baxımından İtaliya üçün mühüm imkan ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin