Ararat Mirzoyan Qazaxıstana səfərin və ikitərəfli əməkdaşlığın önəmini vurğulayıb və Qazaxıstan XİN rəhbərini Ermənistana dəvət edib. Mirzoyan, həmçinin, keçən ilki erməni-qazax əlaqələrini xatırladıb. Burada xatırlanmağa dəyər məqamlar var: 2024-cü ildə həm Qazaxıstanın xarici işlər naziri, həm də Prezident Tokayev Ermənistana səfər etmişdi. Lakin burada maraqlı olan sadəcə bu səfərlərin faktı deyil, müəyyən xronoloji ardıcıllıqdır.
Xüsusən, Qazaxıstanın xarici işlər naziri və sonra prezident Tokayev Ermənistana səfər etməzdən əvvəl Bakıda olublar. Təbii ki, dərhal yox. Məsələn, Qazaxıstan Prezidenti martın ortalarında Azərbaycana, aprel ayının ortalarında isə Ermənistana səfər etmişdi. Burada diqqətəlayiq olan odur ki, bu səfərlərdən bir neçə gün sonra, İrəvan və Bakı, məsələn, Tavuş bölgəsi ilə bağlı razılığa gəldiklərini elan etdilər. Ermənistan Azərbaycana vaxtilə işğal etdiyi kəndləri geri qaytardı.
Bu razılıqda Qazaxıstanın rolu varmı? Aydındır ki, Qazaxıstan İrəvan və Bakı arasında hansısa vasitəçilik səyləri göstərib, bu da ardıcıl səfərlərə səbəb olub. Aprelin 15-də Tokayev Ermənistanda idi və aprelin 19-da Ermənistan-Azərbaycan razılaşması elan edildi. Buraya təkcə kəndlərin əraziləri ilə bağlı deyil, həm də sərhədin delimitasiyası və demarkasiyası prosesinin qaydalarının imzalanması daxildir.
Təbii ki, imzalama elan olunan tarixdən təxminən iki ay sonra baş verdi. Eyni zamanda, Qazaxıstanın xarici işlər nazirinin və prezidentinin səfərlərinin nəticəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin mayın 10-11-də Astanada iki günlük görüşünün təşkil olunmasıdır. Bundan əvvəl onların son görüşü fevralda Berlində, Almaniyanın vasitəçiliyi ilə olmuşdu. Hazırda Astana İrəvan və Bakı arasında hansısa vasitəçilik rolunu üzərinə götürürmü?
Aqil Məmmədov
Ordu.az