Çinin Süni Adaları Döyüş Təyyarələri ilə Doludur: J-16-lər Nəyə Qadirdir

2025/03/7571--1741240726.jpg
Oxunub: 1809     13:28     18 Mart 2025    
Çin J-16 döyüş təyyarələrini Cənubi Çin dənizində yerləşdirərək, bölgəyə nəzarətini gücləndirmək istəyir.

ABŞ-nin Hind-Sakit okean Komandanlığının (INDOPACOM) hazırkı rəhbəri, admiral Samuel Paparo vəziyyəti belə təsvir edir: “Hazırda o həddə yaxınlaşmışıq ki, Çin hər gün keçirdiyi təlimləri əməliyyat xəbərdarlığı üçün pərdə kimi istifadə edə bilər”.

Admiral haqlıdır. Çinin davamlı olaraq Tayvan ətrafında çoxsaylı hərbi təyyarələrlə uçuşlar həyata keçirməsi, Tayvan yaxınlığındakı mühüm su yollarını mütəmadi şəkildə blokadaya alması və bitməyən raket təlimləri bir məqsədə xidmət edir: Çin qüvvələrinin mövcudluğunu normal hala çevirmək, Tayvan tərəfini daim gərgin vəziyyətdə saxlamaq və ABŞ başda olmaqla Tayvanın müttəfiqlərini (və dünya ictimaiyyətini) bu cür təhlükəli hərəkətlərə alışdırmaq.

Amma Çin öz gücünü sadəcə Tayvan ətrafında nümayiş etdirməkdən daha artıq işlər görür. Onilliklər boyu Çin Hind-Sakit okean regionunda təsir dairəsini daim genişləndirib. Bu bölgələrdən biri də Cənubi Çin dənizində yerləşən Parasel adalarıdır. Cənubi Çin dənizinə nəzarət etmək Tayvana qarşı mümkün hücum üçün həyati əhəmiyyətə malik addımdır. Çin ordusu bu dənizə tam nəzarət edə bilsə, Tayvana cənub istiqamətindən gedən dəniz yollarını öz əlinə keçirə bilər.

Hazırda Çin Parasel adalarındakı mövqeyini gücləndirmək üçün burada J-16 döyüş təyyarələri yerləşdirib. Necə ki, vaxtilə ABŞ generalı Duqlas MakArtur Tayvanı “Amerikanın batmaz aviadaşıyıcı gəmisi” adlandırmışdısa, Çin də Parasel kimi strateji mərcan adacıq və riflərin üzərində yaratdığı süni adalara eyni gözlə baxır.

Bu Nə Deməkdir?

“Şenyang” J-16 döyüş təyyarələrinin Parasel adalarında yerləşdirilməsi, Çinin son on ildə bölgədə nəzarətini möhkəmləndirmək üçün həyata keçirdiyi digər addımlarla uyğunluq təşkil edir. Çinin A2/AD mühitində istifadə olunan sistemlərinin böyük hissəsi bu bölgədə yerləşir. A2/AD qabiliyyətləri Çinə ABŞ-nin əsas güc proyeksiyası vasitələrinin – xüsusən də aviadaşıyıcı gəmilərin fəaliyyətini məhdudlaşdırmaq imkanı verir. İlkin mərhələdə qurulan A2/AD sistemlərinə əlavə olaraq, Çin artıq burada müasir radarlar və hətta hipersəs silahları yerləşdirərək bölgədəki müdafiə imkanlarını daha da gücləndirib.

Hazırda Çin açıq şəkildə “J-16” təyyarələrini bölgəyə yerləşdirməklə Cənubi Çin dənizində nəzarəti artırmaq istəyir. Bununla Çin Vaşinqtona açıq mesaj göndərir ki, ABŞ-nin aviadaşıyıcı gəmiləri və digər suüstü döyüş gəmiləri Çin qüvvələri üçün asan hədəf olacaq. Tramp bu mesajı anlayıb anlamasa da, Çin öz hərəkətinin mənasını yaxşı bilir. Əgər Çin Cənubi Çin dənizinə nəzarəti tam təmin edə bilsə, Tayvana qarşı qaçılmaz mühasirə və ya hücum əməliyyatı zamanı bölgədə tam eskalasiya üstünlüyü əldə edə bilər.

Çinin “Shenyang” J-16 Döyüş Təyyarələri Haqqında

“Shenyang Aircraft Corporation” (SAC) şirkətinin istehsalı olan J-16 təyyarələri, digər Çin döyüş təyyarələri – xüsusən də daha müasir “Chengdu” J-20 (“Mighty Dragon”) ilə müqayisədə nisbətən zəif sayıla bilər. Lakin J-16 heç də zəif təyyarə deyil. Bu təyyarələr köhnə Çin modeli J-11-nin bazasında hazırlanıb ki, J-11 özü də keçmiş Sovet istehsalı “Sukhoi Su-27”nin bazasında yaradılmışdı. J-16-nın hazırlanmasında Rusiyanın istehsalı olan “Su-30MKK” təyyarəsinin də elementlərindən istifadə olunub, bununla da onun çoxməqsədli imkanları daha da artırılıb.

J-16 iki ədəd “Shenyang WS-10B” forsajlı turbofan mühərrikə malikdir, hər biri təxminən 30 min funt-qüvvə (lbf) itələmə qüvvəsi yaradır. Təyyarə düşməni aşkarlamaq üçün aktiv elektron skanlama massivli (AESA) radarla təchiz olunub. Maksimum sürəti “Mach 2”yə çatan bu döyüş təyyarəsinin döyüş radiusu təxminən 932 mildir. Xarici yanacaq çənləri əlavə edildikdə mənzili daha da uzana bilər, lakin bu təyyarəni düşmən radarları üçün daha asan hədəfə çevirir.

J-16 12 tonadək müxtəlif silahları daşımaq qabiliyyətinə malikdir. Bunlara müxtəlif hava-hava və hava-yer raketləri (“PL-10”, “PL-15” kimi hava-hava raketləri), bombalar və digər döyüş sursatları daxildir.

J-16 təyyarələri ABŞ hərbi pilotları üçün artıq ciddi narahatlıq mənbəyidir. Amerika və Çin pilotları 1953-cü ildən bəri (xoşbəxtlikdən) real döyüş şəraitində qarşılaşmasalar da, Çin pilotları ABŞ təyyarələrinə qarşı təhlükəli manevrlər etməyə təşviq edilir. Məsələn, 2023-cü ilin may ayında bir Çin J-16 təyyarəsi ABŞ təyyarəsinə çox yaxınlaşaraq gövdəsini onun gövdəsinə toxundurmuş (“thumping”) və yüksək səsli toqquşma yaratmışdı. Bu cür manevrlər çox təhlükəli və təxribat xarakterlidir və böyük diplomatik insidentlərə səbəb ola bilər.

Parasel adalarında yerləşdirilmiş bu təyyarələrin və digər hərbi sistemlərin mövcudluğu onu göstərir ki, Çin lideri Si Cinpin Tayvana qarşı təzyiqləri gücləndirmək qərarını verib. Bu baxımdan, admiral Paparo tamamilə haqlıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-16   INDOPACOM  


Bizi "telegram"da izləyin