“Rusiyanı ABŞ-nin qüvvəsi vasitəsilə danışıqlar masasına oturtmağın vaxtı çatıb”, - deyə Uilson sözlərini yekunlaşdırıb. Bu fonda Britaniyanın “The Telegraph” nəşri Ağ Evin iki yüksək dərəcəli rəsmisinə istinadən yazıb ki, Tramp Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloqa Ukrayna nizamlanması üçün “plan hazırlamağı” dayandırmağı tapşırıb. Britaniya qəzetinin yazdığına görə, Kelloqa NATO-ya üzv olan bütün dövlətlərin rəhbərləri ilə “onların Ukrayna üzrə danışıqlardan kənarda qalmalarına dair şübhələri aradan qaldırmaq” üçün müzakirələr aparmaq tapşırılıb.
“The Telegraph”ın mənbələri bildiriblər ki, Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə “Tramp planı”nın elementlərini təqdim edəcək. Ümumiyyətlə, söhbət Rusiya ilə “istənilən gələcək danışıqlarda Ukraynanın mövqelərinin gücləndirilməsi”ndən gedir. Həmçinin vurğulanır ki, ABŞ prezidenti bunun müqabilində Ukraynanın xüsusi xammal ehtiyatlarından istifadə etmək imtiyazı alacağını gözləyir.
Bu məlumat sızıntısı bir az və ya tamamilə şişirdilmiş ola bilər, lakin görünən odur ki, Tramp-Putin telefon danışığı hər cəhətdən Moskvanın proqnozlarını doğrultmayıb. “Biz Vaşinqtonun mövqeyində heç bir dəyişiklik hiss etmirik”, - deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Xarici işlər naziri Sergey Lavrov isə Ukrayna nizamlanması üçün ilkin səbəbləri aradan qaldırmaq lazım olduğu tezisini təkrarlayıb.
ABŞ prezidenti Ukrayna məsələsində Rusiya ilə ümumi razılığa gəlmək üçün ilkin olaraq xüsusi nümayəndəsinə 100 gün vaxt vermişdi. Moskva, son günlər rəsmi bəyanatlardan göründüyü kimi, qoşunlar arasında mövcud təmas xətti boyunca atəşkəs rejiminin yaradılması təklifini rədd edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebeznian deyib: “Bizə Ukraynada atəşkəs yox, sülh lazımdır”.
Məlumatlara görə, Rusiya fevralın 17-də Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. Baxışların qütbləşməsi şəraitində hər hansı bir qərar gözləmək mümkün deyil. Ehtimal etmək lazımdır ki, Moskva genişmiqyaslı hərbi əməliyyat planlaşdırır və konstitusiyaya görə “Rusiyaya məxsus olan” sərhədlərə çatmağı hədəfləyir.
“Nezavisimaya qazeta”nın baş redaktoru hazırda Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olan bütün ərazilərdən “Novorossiya” adlanan inzibati vahidin yaradılmasını və Ukraynanın demilitarizasiyası, onun bloklara qoşulmama statusu, təhlükəsizlik təminatları ətrafında danışıqlara başlamağı tövsiyə edir. Bu vəziyyətdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıq mətnlə çıxış etməsi son dərəcə narahatvericidir.
Qaluzin bildirib ki, danışıq platforması Moskva olmasa, Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılmasına dair müqavilə imzalaya bilməz. Qərb mətbuatında Rusiya Təhlükəsizlik Şurasının, şərti desək, “Avrasiya güc qütbü”nün formalaşdırılması planını müzakirə etdiyi barədə məlumatlar yayılıb. Təbii ki, Rusiyanın məqsədi Azərbaycan-Ermənistan razılaşmalarının zəmanətçisi olmaqdır, bu isə Cənubi Qafqazı öz strateji təsir zonasında saxlamaq deməkdir.
Lakin faktiki olaraq Moskva özü gözləntiləri tükəndirib və əməkdaşlığı sıfıra eindirib. Münxen Təhlükəsizlik Konfransında İlham Əliyev-Nikol Paşinyan görüşü hazırlanırmı?
Firuz Bağırov
Ordu.az