Ankara və Tehran Trampın təkliflərinə qarşı birləşir? YPG ilə bağlı hansı qərar veriləcək?

2025/02/1739257857.jpg
Oxunub: 760     13:28     11 Fevral 2025    
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinlilərin Qəzzadan çıxarılmalı və bu ölkənin sərhədləri daxilində müstəqil dövlət qura biləcəyi barədə bəyanatına son dərəcə sərt reaksiya verib.

Ər-Riyad Fələstin ərəblərini köçkünlər deyil, öz vətənləri olan yerli xalq adlandırıb. Eyham əhalisinin böyük əksəriyyətini köçkünlər və ya köçkünlərin nəsli təşkil edən İsrailə ünvanlanıb. Eyni ruhda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi də Netanyahunu tənqid edib. Netanyahunun bəyanatı HƏMAS ilə sövdələşməni risk altında qoyur.

HƏMAS İsrail ordusunun Qəzzanın cənubunu şimala birləşdirən yolların blokadasını aradan qaldırmayacağı və fələstinlilərin evlərinə qayıtmasına maneçilik törətməyi dayandırmayacağı təqdirdə razılaşmaları pozacağı ilə hədələyib.

“Irna”nın məlumatına görə, bu fonda Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçi arasında telefon danışığı olub. Türkiyə tərəfinin İranın Fələstin məsələsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar konfransını təşkil etmək təşəbbüsünü alqışlamasını telefon danışığının əsas nəticəsi hesab etmək olar. Bu arada Fidan-Əraqçi danışıqlarında Suriyadakı vəziyyət də müzakirə olunub.

Türkiyə mənbələri bundan əvvəl Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalının Tehrana səfər etdiyini bildirir. O, İranın kəşfiyyat naziri İsmayıl Xətib və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb. Məlumatlara görə, PKK və İŞİD yaraqlılarına qarşı birgə mübarizənin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə MİT rəhbəri bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsində çalışıb. O, Türkiyə mətbuatının da eyham vurduğu kimi, Suriyada Əsədin devrilməsi əməliyyatını şəxsən koordinasiya edib və Dəməşqə gələn ilk xarici səliyyətlidir. Ehtiyatla güman etmək olar ki, onun İran tərəfinə deyəcək daha vacib sözü olub və böyük ehtimalla Tehrana böyük əhəmiyyət kəsb edən məlumatları çatdırıb.

Suriyada ciddi çətinliklərlər hələ də qalmaqdadır. Ölkənin yeni hakimiyyəti üçün beynəlxalq təcriddən çıxmaq prioritet kimi görünür və keçid dövrü prezidenti Əhməd əş-Şəraa, anlaşıldığına görə, Fəratdan cənubdakı ərazilərdə YPG-yə qarşı hərbi əməliyyatlara başlamaqdan çəkinməkdə davam edir. YPG probleminin həlli üçün İran Türkiyəyə hansı keyfiyyət və həcmdə yardım təklif edə bilər?

İran tərəfinin Fidan-Əraqçı telefon danışığı ilə bağlı bəyanatı onu deməyə əsas verir ki, Ankara və Tehran müstəqil Fələstin dövləti layihəsini dəstəkləmək üçün ümumi ərəb-islam birliyi yaratmaq niyyətindədirlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   İran   İsrail  


Bizi "telegram"da izləyin