Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl Avropanı Rusiyadan birbaşa hərbi təhdidlə bağlı xəbərdar edərək deyib: “Rusiya silahlı qüvvələri ən geci bu onilliyin sonuna kimi NATO-ya hücum edəcək vəziyyətdə olacaq”.
Yunanıstan 10 illik silahlanma proqramı planlaşdırır
Bu nöqtədə Yunanıstan hökuməti də silahlı qüvvələri üçün 10 illik silahlanma və modernləşdirmə proqramı planlaşdırır. Yunanıstanın bu proqramı planlaşdırmaqda əsas məqsədi ordusunu “daha ağıllı və güclü” etməkdir. Yunanıstanın modernləşdirmə proqramına silahlı qüvvələrinin inventarına yeni freqatlar, döyüş təyyarələri, pilotsuz uçuş aparatları və raketlərin əlavə edilməsi daxildir.
Yunanıstan Hərbi Hava Qüvvələri mövcud inventarla yanaşı, yeni “Rafale” döyüş təyyarələri və F-35 stels tipli təyyarələri də alacaq. Bu məqamda Yunanıstan ordusu tarixinin ən böyük satınalma proqramını həyata keçirmək istəyir. Ordu qarşıdakı 10 il ərzində silahlı qüvvələrinin modernləşdirilməsinə 53 milyard avro xərcləməyi planlaşdırır. Bu, 2024-cü ildə Yunanıstanın Ümumi Daxili Məhsulunun (ÜDM) 23 faizinə uyğundur.
Yunanıstan uzun müddətdir ki, müdafiə xərcləri baxımından NATO daxilində mühüm oyunçu kimi görünür. 2010-cu illərdə ölkə iflas ərəfəsində olanda belə, ÜDM-in 2 faizindən çoxunu müdafiə və orduya xərcləyib. Belə ki, Afina 2022-ci ildə 3,9 faizlə müdafiə xərclərinə görə hətta hərbi supergüc olan ABŞ-ni də geridə qoydu.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və hökuməti ölkələrinin silahlı qüvvələrini yenidən təşkil etmək və müasir silah sistemləri ilə daha effektiv etmək istəyir. Müdafiə naziri Nikos Dendias bu hədəflə bağlı planlarını açıqlayıb. Açıqlamaya görə, Yunanıstanda, xüsusilə Türkiyə ilə quru sərhədində və Egey adalarında yerləşən kiçik hərbi bazalar bağlanacaq, daha böyükləri gücləndiriləcək.
Dəyişən prioritetlər
Keçmişdə Yunanıstanın müdafiə xərclərinin yüksək olmasının səbəbinin əsasən qonşusu NATO tərəfdaşı Türkiyədən gördüyü təhlükə ilə bağlı olduğu bildirilirdi. Rusiyanın Ukraynaya hücumu Yunanıstan üçün də yeni təhlükə yaradıb. Baş nazir Mitsotakis illərdir ki, Avropanın müdafiəsinə daha çox pul xərcləməli olduğunu iddia edir. Bu fikir ABŞ-də prezident seçkilərindən sonra daha da aktuallaşıb. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ilə Vaşinqtonun gələcəkdə Avropanın müdafiəsinə nə qədər töhfə verəcəyi daha da qeyri-müəyyənləşib.
Digər tərəfdən, Yunanıstan indiyədək silah sistemlərini əsasən ABŞ və Fransadan alırdı. İndi yerli müdafiə sənayesi silahlanma proqramlarında daha yaxından iştirak edəcək. Dendias parlament komitəsinə bildirib ki, yerli gəmiqayırma sənayesi silahlanma proqramından 6-7 milyard avro dəyərində sifarişlər gözləyə bilər.
2014-cü ildən etibarən Yunanıstan o dövrdə qəbul edilən və üzv ölkələrin ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləmələrini nəzərdə tutan NATO hədəfinə çatıb. Bu il bu nisbət 3 faizdən çox olacaq.
Yunanıstan niyə indi silahlanır?
Mitsotakis Rusiya-Ukrayna müharibəsindən etibarən ortaq Avropa Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılmasına çağırır. Bu sistem Avropa İttifaqının (Aİ) bütün hava məkanını düşmən raketlərindən, Pilotsuz Uçuş Aparatlarından (PUA) və təyyarələrdən qorumaq üçün nəzərdə tutulub. Ancaq xüsusilə maliyyə çatışmazlığı səbəbindən Aİ daxilində hələ də razılıq əldə olunmayıb.
Görünən odur ki, Yunanıstan artıq digər tərəfdaşlarını gözləmək istəmir və İsraillə əməkdaşlıq edərək, öz HHM sistemini qurmaq istəyir. Sözügedən layihə İsrailin özünü raket hücumlarından qorumaq üçün istifadə etdiyi “Dəmir Günbəz”i nümunə götürəcək və Yunanıstan təkcə bu müdafiə sisteminə təxminən 2 milyard avro sərmayə qoyacaq.
Yunanıstan administrasiyasının planlaşdırdığı raket və PUA müdafiəsinin ilk növbədə NATO ortağı Türkiyəyə yönəldiyi, Şərqi Aralıq dənizində geosiyasi mübarizə üçün də müdafiə planı hazırladığı düşünülə bilər. Bundan əlavə, Rusiyanın Ukraynaya hücumu və Yaxın Şərqdəki müharibə Yunanıstan üçün yeni təhlükə kimi görünür.
Əslində, Vasilis Nedos 2024-cü il dekabrın 10-da “Kathimerini” qəzetində aşağıdakı sətirləri yazıb:
“Türkiyənin daha öncə Liviyada, Qafqazda, Somalidə etdiyi kimi Suriya məsələsində hərəkət etmə tərzi bəlkə də Yunanıstanda (qısa olması səbəbindən) dərin dövlət dediyimiz şeyin fərqinə varan şəxsləri narahat etməlidir. Bu müzakirənin bir tərəfi əməliyyat təfərrüatları və məxfi qurumların fəaliyyəti ilə bağlı məsələlərə aiddir. Ancaq təbiətinə görə, geosiyasi şahmat taxtasında aşkar gedişlər istisna olmaqla, bu ölçünü bütövlükdə təhlil etmək çətindir”.
“Ta Nea” qəzetində Athanasios Platiasın 2024-cü il sentyabrın 13-də silahlanma ilə bağlı verdiyi şərhlər də diqqət çəkir:
“Ankara ilə əsassız yaxınlaşmanın yaratdığı illüziyalar baha başa gəldi. Yunanıstan rahatlaşdı və silahlanma proqramını laqeyd etdi, Türkiyə isə çılğın silahlanma yarışına daxil oldu. Bu, Yunanıstana qarşı güc balansını dəyişdirdi və hər gün gördüyümüz kimi, türklərin bütün sərhədləri keçmək iddialarını təşviq etdi. Yunanıstan müdafiə hazırlıqlarına və çəkindirici gücünün gücləndirilməsinə sərmayə qoymasa, davamlı olaraq “geri çəkilmək və ya döyüşmək” dilemması ilə üzləşəcək və Türkiyənin həddindən artıq tələbi ilə geri çəkilə bilməyəcəyi bir vaxtda faciəli bir müharibəyə qarışacaq. “Si vis pacem, para bellum”, yəni sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”.
Bu şərhlərdən belə görünür ki, Türkiyənin son illərdəki geosiyasi gedişləri Afinanı da narahat edib.
Parlamentdə silahlanma ilə bağlı konsensus var
Yunanıstanın dəqiq olaraq sifariş etdiyi müdafiə təchizatı belə 2030-cu ilə qədər 12,8 milyard avroya başa gələcək. Bunlara Fransanın “Belharra” sinfinə məxsus freqatları, F-35 reaktivləri, PUA-lar, hücum helikopterləri və HHM sistemləri daxildir. Maliyyə naziri Kostis Hatzidakis bildirib ki, Afinanın büdcəsi 2024-cü ilin ilk 11 ayında 4,38 milyard avro profisit göstərib. Bu rəqəm büdcədə nəzərdə tutulandan 2,1 milyard avro çoxdur. Aİ Komissiyası gələn il Yunanıstanın büdcə kəsirinin ÜDM-in 0,1 faizini təşkil edəcəyini proqnozlaşdırır.
Afina hökuməti silahlanma planları ilə bağlı geniş parlament konsensusuna ümid edir. 2025-ci ilin büdcəsi üçün dekabr ayında keçirilən səsvermədə hazırlanan təklif müxalifətin 139 səsinə qarşılıq iqtidar partiyasının 159 səsi ilə qəbul edilərkən, 7 qrupdan 258 deputat müdafiə büdcəsinin lehinə səs verib. Müxalifət partiyası Radikal Sol Alyansın (SYRIZA) lideri Sokratis Famellos deyib: “Biz mövcud vəziyyət və bununla bağlı məsuliyyəti tam dərk edirik”. Mitsotakis müxalifətin müdafiə büdcəsinə verdiyi dəstəyi alqışlayıb və qeyd edib: “Yunanıstan beynəlxalq qeyri-sabitlik mühitində sabitlik və inkişaf üçün öz yol xəritəsini çəkir”.
Mitsotakis uzun müddətdir ki, Avropanın müdafiəsinə daha çox pul xərcləməli və daha sıx əməkdaşlıq etməli olduğu barədə xəbərdarlıq edirdi. Trampın tezliklə Ağ Evə qayıtması ilə bu tələb daha da aktuallaşıb. Bundan əlavə, Yunanıstan Almaniyanın başlatdığı Avropa Səma Qalxanı Təşəbbüsü (ESSI) HHM sistemində iştirak edən 21 ölkədən biridir. Bununla belə, Afinadakı hökumət dairələrində proqramın çox ləng getdiyinə dair tənqidlər var.
Görünür, Yunanıstan qlobal və regional geosiyasi proseslərdən kifayət qədər narahatdır. Bu məqamda silahlanma səylərini daha da sürətləndirir. Son zamanlar Türkiyənin diqqəti Suriyada olarkən, qərb qonşusu olan Yunanıstanın silahlanma cəhdləri diqqətdən kənarda qalmamalıdır.
Firuz Bağırov
Ordu.az