Ordu.az xəbər verir ki, Rusiya hakimiyyəti FPV tipli PUA operatorları üçün göndərilən gözlüklərin içərisinə yerləşdirilən partlayıcı maddələrlə həyata keçirilən təxribat cəhdini araşdırır.
İddialara görə, bu eynəklər açıldıqda partlayacaq şəkildə hazırlanıb və operatorları öldürmək və ya yaralamaq üçün nəzərdə tutulub.
“The War Zone” nəşrinin məlumatına görə, bu təşəbbüs İsrailin ötən il Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi genişmiqyaslı hücumu xatırladır.
İsrail minlərlə partlayıcı yüklü peycer və radionu uzaqdan işə salmaqla, “Hizbullah”a ağır itkilər verib. Bu hücumda 20-dən çox “Hizbullah” üzvü öldürülüb, minlərlə adam yaralanıb.
Rusiyadakı hərbi mənbələrə yaxınlığı ilə tanınan “Razved Dozor” “Telegram” kanalı Rusiya ərazisində könüllülər vasitəsilə (onların xəbəri olmadan) böyük terror aktının planlaşdırıldığını iddia edib.
“Hərbi personalın verdiyi məlumata görə, FPV “Skyzone Cobra” eynəkləri içərisində gizlədilmiş partlayıcı maddələrlə təhvil verilib. Eynəklərin içərisində 10-15 qram plastik partlayıcı maddədən ibarət əldəqayırma partlayıcı qurğu var. Partlayışın eynəklər açılarkən baş verməsi planlaşdırılmışdı”, - deyə kanal əlavə edib.
Sevinc Əliyeva
Ordu.az