İsrailin HƏMAS ilə razılaşması hər israilli girov üçün 30 fələstinlinin həbsdən azad edilməsini nəzərdə tutur və girov qadın və ya qızdırsa, 50 fələstinli azad edilir. Məlumatlara görə, danışıqlarda ən çətin məsələ İsraildə ömürlük həbsə məhkum edilmiş fələstinlilərlə bağlı olub.
İsrail mətbuatının yazdığına görə, Netanyahu hökuməti problemi həll etmək üçün Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalıb, lakin şərt irəli sürüb ki, xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar geri qayıtmaq hüququ olmadan həm Qəzzadan, həm də İordan çayının qərb sahilindən deportasiya edilməlidir.
İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş fələstinlilərə hər hansı ölkədə sığınacaq verilməsi məsələsinin son dərəcə həssas olması başa düşüləndir. Siyasi sövdələşmədən asılı olmayaraq, onlar silahlı mübarizənin təşkilatçılarıdır. Heç bir ölkə əmin ola bilməz ki, onlara sığınacaq verməklə, öz daxili sabitliyinə təhlükə törətmir.
“Anadolu” bildirir ki, Türkiyə prezidenti 15 fələstinlinin qəbulu məsələsini Misirin müvafiq qurumları ilə müzakirə etməyi, onların dinc və təhlükəsiz həyat imkanlarının olması üçün mümkün olan hər şeyi etməyi tapşırıb. Hakan Fidan bundan əvvəl Dohada HƏMAS-ın siyasi liderləri ilə görüşüb, daha sonra onlar Ankaraya səfər edib və prezident sarayında Ərdoğanla danışıqlar aparıblar.
Görünür, məhz bu müzakirələr zamanı Türkiyədə 15 fələstinliyə sığınacaq verilməsi məsələsinə aydınlıq gətirilib. Türkiyə prezidenti belə çətin bir qərar verməklə, həm daxili, həm də xarici siyasət problemini həll etmiş kimi görünür. Ərdoğan İslamın daha da güclənməsinin tərəfdarıdır. O, keçmiş fələstinli yaraqlılara sığınacaq verməklə, ictimaiyyətə Fələstin xalqı və onun dövlətçiliyinin qoruyucusu olduğunu göstərir.
Xarici siyasətə gəlincə, Ərdoğanın qərarı təbii olaraq Türkiyəni Yaxın Şərq nizamlanması ilə bağlı daha dərin müzakirələrə cəlb edir. Türkiyədə 15 keçmiş fələstinli yaraqlıya sığınacaq verməklə, o, İsraillə münasibətlərdə əlavə təsir rıçaqları əldə edir. O, bu qərarı ABŞ Konqresinin İsrailə 1 milyard dollarlıq silah ayırması ilə bağlı müzakirələri fonunda verib.
İsrail mənbələri Tramp administrasiyasının Netanyahunun demokrat Baydendən almadığı bütün silahları İsrailə verməyə hazır olduğuna eyham vurur. Bu isə F-35 döyüş təyyarəsi proqramından kənarda qalma səbəbindən onsuz da Ankaranın xeyrinə olmayan Türkiyənin İsraillə hərbi balansını ciddi şəkildə pozur. 15 fələstinli təbii ki, Türkiyənin hərbi potensialını artırmayacaq.
Amma Ərdoğan bu sövdələşməni Misir vasitəsilə reallaşdıra bilsə, İsraili daim gərginlik altında saxlayaraq, Yaxın Şərq şahmat oyununda “at gedişi” etmiş olacaq. Xüsusilə də Netanyahu hökuməti fələstinlilərin azad edilməsi ilə bağlı ciddi tənqidlərlə üzləşir. Müxalifət hesab edir ki, bir il ərzində müharibə aparmaq, nəticədə isə sabah HƏMAS sıralarına qoşulacaq şəxsləri həbsdən azad etmək tamamilə mənasızdır.
Türkiyə HƏMAS-ı öz nəzarəti altına almağa çalışır. Bu isə 2023-cü il oktyabrın 7-də olduğu kimi, hətta fövqəlgüclərin hesablamalarını bir anda çaşdırmağa qadir olan qüvvədir.
Asif Cəfərov
Ordu.az