Əraqçi Dəməşqdən Ankaraya gedib və Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb. Anlaşıldığı qədər, İranın xarici işlər naziri Ankarada Ərdoğan-Əsəd görüşü üçün Suriyanın ilkin şərtini təqdim edib: silahlı qruplaşmaların hücumunu dayandırmaq və Türkiyə nizami ordusunun Suriyanın şimalından çıxarılacağına söz vermək.
Ankara bu təklifi ya tamamilə rədd edib, ya da İranın himayəsi altında fəaliyyət göstərən hərbi birləşmələrin də Suriyadan çıxarılması zərurəti ilə əlaqələndirib. Məlumatlara görə, İranın xarici işlər naziri Ərdoğan-Əsəd görüşü üçün Suriyanın ilkin şərtini “ağlabatan” hesab edib və əlavə edib: “İran bölgədəki silahlı müqavimət qruplarına nəzarət etmir və onlarla birbaşa təşkilati əlaqələri yoxdur, lakin onların mübarizəsini dəstəkləyir və ehtiyac duyduqlarında onlara kömək edir”.
Əgər bu ifadə diplomatik nitqdən əlçatan nitqə “deşifrə edilsə”, o zaman belə başa düşüləcək ki, İran Türkiyəni Suriya ərazilərini “ələ keçirməyə”, Əsəd rejiminə qarşı silahlı mübarizə aparan strukturlarla “birbaşa təşkilati əlaqələrə” görə “məzəmmət edir”, Türkiyənin və özünün Suriyadakı mövcudluqları arasında bərabərlik yaratmaq cəhdlərini qəbul etmir.
“Biz həmişə Türkiyə ilə fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çalışırıq”, - deyə Əraqçi bildirib. İranın xarici işlər naziri faktiki olaraq açıqlayıb ki, Fidanla aparılan danışıqlar fikir ayrılıqlarını aradan qaldırmayıb. Sonda İranın xarici işlər naziri həddindən artıq kontekstli ümumiləşdirmə aparıb: “Suriyadakı terror qruplaşmalarının fəaliyyətinin genişlənməsi yəqin ki, İrandan çox qonşu ölkələr olan İraq, İordaniya və Türkiyəyə ziyan vuracaq”.
Əraqçi eyni müsahibədə Dəməşq və Ankara danışıqlarından sonra Suriyadakı vəziyyəti qiymətləndirmək üçün Moskvaya gedəcəyini açıqlayıb. Hələb istiqamətində türkiyəyönlü qrupların hücumundan sonra Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı haqqında tərəflərin rəsmi açıqlamalarından çıxış etsək, Vladimir Putin və Məsud Pezeşkianın Suriyaya baxışı demək olar ki, eynidir.
Bütün bunların fonunda Əraqçinin Suriyadakı vəziyyəti Moskvada dəyərləndirməli olduğunu açıqlaması qəribə görünür. Bəlkə də güman etmək olar ki, o, Rusiya rəsmisi Sergey Lavrovla Əsədə lazımi yardımın göstərilməsində Rusiya-İran addımlarının koordinasiyasının mümkünlüyünü müzakirə edə bilər. Görünür, bu məsələdə Türkiyə-İran razılaşması olmayıb.
Tehran və Ankara arasında etimad belə bir hadisə üçün tələb olunan səviyyədə olsaydı, vəziyyətin “incəliyi” Türkiyə prezidentinin İran xarici işlər nazirini qəbul etməsini nəzərdə tuturdu. Xüsusilə də o, Suriya prezidenti ilə görüşdən sonra Ankaraya getmişdi. Yaxın bir neçə gün ərzində Əraqçi Moskvaya getsə və Lavrovla danışıqlardan əvvəl Putin onu qəbul etsə, bu, Moskva və Tehranın Suriyada səy və imkanları birləşdirmək niyyətində olduqları anlamına gələcək.
Dekabrın 3-də Ərdoğan Putinlə telefon danışığı aparıb və əslində deyib ki, Astana razılaşmaları artıq aktual deyil. Moskva və Tehran barışacaqmı? Bəs Əsəd Rusiya-İran “süngüləri” üzərində hakimiyyətdə qalmağın tərəfdarıdırmı? Xüsusilə hərbi eskalasiyanın daha da artacağı təqdirdə Moskva və ya Tehranın, yaxud Moskva və Tehranın birlikdə hansı hərbi dəstəyi verə biləcəyi bəlli deyil.
Asif Cəfərov
Ordu.az