Kaspiyskdəki obyektlərə PUA ilə hücum nədən xəbər verir? – BAXIŞ BUCAĞI

2024/12/1733316248.jpg
Oxunub: 502     13:32     05 Dekabr 2024    
Noyabrın 30-na keçən gecə Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatları (PUA) Dağıstan Muxtar Respublikasının Kaspiysk şəhərinə hücum edib. Bu barədə muxtariyyətin rəhbəri Sergey Melikov “Telehram” kanalında yazıb.

“İlkin məlumata görə, Kaspiyskdəki obyektlərə PUA ilə hücuma cəhd edilib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur”, - deyə Melikov yazıb. TASS nəşri qeyd edib ki, təhlükəsizlik səbəbilə Mahaçqala hava limanı uçuşları müvəqqəti olaraq dayandırıb. TASS-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri “PUA-dən istifadə etməklə, daim Dağıstandakı obyektlərə hücum etməyə çalışır”.

Dağıstanın Kaspiysk şəhərində əslində nə baş verdiyi məlum deyil. Bəlkə də daha sonra Ukrayna tərəfi bəzi məlumatları yayacaq. Hər halda Dağıstan rəhbərinin qeydindən güman etmək olar ki, Ukraynaya məxsus PUA-ların hücumu tam uğursuz olmayıb, əks halda o, hücum nəticəsində dağıntı və tələfatın olmadığını əminliklə deyərdi.

Dağıstanın Kaspiysk şəhəri komanda məntəqəsi və komanda idarəetmə mərkəzi ilə birlikdə Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər Donanmasının əsas bazasıdır. Əvvəllər Xəzər Donanmasının bazası Həştərxanda yerləşirdi. Kaspiyskə köçürülmə qərarı bir neçə il əvvəl verilib. Rusiyanın Kaspiyskdən Suriya istiqamətində “Kalibr” raketləri atdığı məlum olanda, ekspertlər bununla bağlı təşviş ifadə ediblər.

Bu günlərdə Rusiya HDQ-nin Qara Dəniz Donanmasının bir neçə döyüş gəmisinin Ukraynanın hücumlarından qorunmaq üçün yenidən Kaspiyskdə yerləşdirildiyi barədə məlumatlar yayılıb. Görünür, Kaspiysk də mükəmməl təhlükəsizliyə zəmanət vermir. Ukraynanın Dnepr şəhərindəki “Yujmaş” istehsalat obyektini vuran “Oreşnik” raketlərinin Həştərxan vilayətindən, çox güman ki, “Kapustin Yar” sınaq stansiyasından buraxılması ilə bağlı mətbuatda yayılan məlumatlar diqqəti cəlb edir. Əgər Ukrayna “qisas aksiyası” həyata keçiribsə, niyə Həştərxanı və ya məhz “Kapustin Yar” sınaq stansiyasını yox, Kaspiyski hədəfə alıb? Kaspiysk Dağıstanın cənubunda yerləşir.

Ötən həftə Rusiya prezidentinin köməkçisi, Rusiya Dəniz Kollegiyasına rəhbərlik edən, Təhlükəsizlik Şurasının keçmiş katibi Patruşev Həştərxanda görüş keçirib, iclasda Xəzər hövzəsində ümumi təhlükəsizlik konsepsiyasının olması məsələsinə toxunulub. Əgər Ukraynaya məxsus PUA-lar Xəzər dənizinə “çatıbsa”, bu, Rusiya-Ukrayna müharibəsinin strateji qarşıdurma xəttinin Qafqazın cənub sərhədlərinə çatması deməkdir.

Rusiya üçün çətin ssenari halında hərbi gəmilərin yenidən köçürülməsinə, yenidən bazalaşmasına və ya Xəzər hövzəsinin Qazaxıstan hissəsindən Ukraynaya qarşı ballistik raketlərin tətbiqinə ehtiyac yarana bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsində bütün texnoloji yeniliklərin işə salındığını bildirib.

Vladimir Putinin sözlərinə görə, Rusiyanın arsenalında hələ istifadə olunmayan qeyri-nüvə silahları var. Kaspiyskdə belə raketlər varmı, Ukrayna hədəfləri vurubmu?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin