Yaxın Şərqdə Türkiyənin maraqları önə çəkilir – Hələbə xüsusi status veriləcək?

2024/12/1733313421.jpg
Oxunub: 688     15:56     04 Dekabr 2024    
Rusiya ekspert icması, ümumilikdə mətbuat son iki gündə Suriyanın şimalında baş verən hadisələrin iki səbəbini nəzərdən keçirir. Qeyd edilir ki, 2020-ci ilin yazında yaradılmış atəşkəsdən sonra Suriya nizami ordusu hərbi təlimlər keçirməyib, döyüş hazırlığını təkmilləşdirməyib, müxalif qüvvələr isə daim təlim keçiriblər və yeni silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından səmərəli istifadəni mənimsəməyi bacarıblar.

Mətbuat nəşrlərində ikinci səbəb kimi Suriya prezidenti Bəşər Əsədin Türkiyə ilə münasibətlərin tənzimlənməsi ilə bağlı siyasi uzaqgörməzliyi göstərilir. Türkiyə mətbuatı isə, əksinə, Türkiyə və Suriya prezidentlərinin görüşünə Rusiya və İranın mane olduğunu bildirir. Ərdoğanla Əsəd arasında görüş baş tutsa, Türkiyə tərəfi nə təklif edəcəkdi? Suriyanın şimalındakı YPG-yə qarşı birgə mübarizə, yoxsa Hələbin xüsusi statusu?

Son bir neçə gündə çıxan nəşrlərdə Suriya hökuməti, Rusiya və İranın yardımçı qüvvələri tərəfindən Hələbdə türkman əhalinin kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Son zamanlar İraqda da türkmanlara qarşı çox sərt davranışlar sərgilənir, Mosul bölgəsində demoqrafik vəziyyət təhrif edilir və türkmanların sayı az təqdim olunur.

Bu problem Suriyada daxili siyasi böhran başlayandan bəri mövcuddur. 2014-15-ci illərdə Rusiya-Türkiyə münasibətləri həm də ona görə gərgin idi ki, Moskva xüsusilə İdlib bölgəsindəki türkman yaşayış məntəqələrini bombalayırdı. Görünür, bu mərhələdə Türkiyə YPG-yə qarşı Suriya və İraqın 3-4 milyon türkman əhalisinin problemini beynəlmiləlləşdirməyə çalışacaq. Ankaranın ictimaiyyətə təqdim etdiyi kimi, YPG planını ABŞ həyata keçirməyə çalışır.

Üstəlik, ABŞ-dəki demokrat administrasiyasının Qəzza zolağında atəşkəsə nail olmaq üçün son diplomatik cəhdləri etdiyi bir mərhələdə Hələb istiqamətində vəziyyət gərginləşib. Eyni zamanda ABŞ prezidenti Cozef Bayden Türkiyənin də HƏMAS-la sövdələşmədə iştirak edəcəyini açıq şəkildə bəyan edib. Bu isə o deməkdir ki, Ankara müharibədən sonrakı Qəzzanın himayərdarlarından biri olacaq.

Yeni Yaxın Şərq haqqında ilk danışan İsrailin Baş naziri Benyamin Netanyahu olub. Əslində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təşəbbüsü ələ alıb və öz baxışını irəli sürür ki, bu da İranın Yaxın Şərqin “xəritəsi”nə ziddir.

Yaxın Şərqdəki son eskalasiya, şübhəsiz ki, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müxaliflər cəbhədə vəziyyətin necə olduğunu çox gözəl bilir və dəqiq hesablayıblar ki, bu vəziyyətdə Rusiyanın Əsəd rejiminə hərbi yardım etmək şansı azdır, İran isə yenə “öz təhlükəsizliyini qorumaq” bəhanəsi ilə birbaşa müdaxiləyə əl atmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Hələb  


Bizi "telegram"da izləyin