Türkiyənin Suriyadakı hərbi-siyasi uğurları kimi narahat edir? “Boş general tapılmayıb” fərziyyəsi doğrudur?

2024/12/1733312843.jpg
Oxunub: 938     20:12     04 Dekabr 2024    
“Biz amerikalı həmsöhbətlərimizə dedik ki, biz də o bölgəyə (Suriyanın şimal-şərqinə) onlar kimi həssas yanaşırıq. O strukturu (YPG) qorumağa davam etsələr, onlar tərəfindən düzgün qərar olmayacağını söylədik. ABŞ bizim qətiyyətimizi bilir, Suriyadakı terrorçular isə tamamilə ondan asılıdır. Birləşmiş Ştatlar oksigeni bağlasa, onlar üç gün dözməyəcəklər”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığından sonra yerli KİV-lərə açıqlamasında deyib. “Anadolu” agentliyinin məlumatına görə, Fidan Blinkenə deyib ki, Suriya hökuməti ilə müxalifət arasında siyasi proses başa çatmalıdır. Hələb istiqamətində müxalif qüvvələrin hücumundan bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri MİT-in direktoru vəzifəsində Suriya rəsmiləri ilə görüşlər keçirdiyini və suriyadaxili nizamlanma perspektivini müzakirə etdiyini açıqlayıb.

Türkiyə mətbuatı Ərdoğan-Əsəd danışıqlarının uğursuzluğunda İranı, qismən həm də Rusiyanı günahlandırır ki, onlar Əsəd vasitəsilə Türkiyəyə qəbuledilməz tələblər təqdim ediblər. Fidan əslində eyni “məzəmməti” ABŞ-yə ünvanlayır və gözləyir ki, Donald Tramp vəzifəyə gəldikdən sonra prezidentliyin ilk dövründə verdiyi vədi yerinə yetirəcək və məhdud ABŞ qoşunlarını Suriyanın şimalından çıxaracaq.

Bu kontekstdə Türkiyə mətbuatı Rusiyanın hərbi müşavirlərinin Hələbdəki ofisinin türkman silahlılar tərəfindən ələ keçirilməsi, rus hərbi qruplaşmasının silah-sursatının müsadirə edilməsi ilə bağlı məlumatlar yayıb. Rusiyanın aparıcı KİV-ləri isə, əksinə, vəziyyəti belə təqdim edir ki, Suriyanın hökumət bölmələri və onların dəstəklədiyi İran bölmələri tərksilah edilib.

Aydındır ki, Moskva Suriyadakı hərbi mövcudluğunu ictimailəşdirməkdən uzaq qalacaq. Bu arada Türkiyə mənbələri Suriyadakı Rusiya kontingentinin komandiri Kiselin vəzifəsindən azad edildiyini, onun yerinə 2017-2020-ci illərdə də həmin vəzifəni icra edən Aleksandr Çaykonun təyin edildiyini bildirir.

Çayko 2020-ci il 27 mart tarixli əmrlə Türkiyənin yaddaşında qalıb, həmin əmr nəicəsində Türkiyə nizami ordusunun 33 hərbi qulluqçusu Rusiyanın hava hücumlarının qurbanı olub. Kremlin qərarı kontekstində mistisizm varmı, yoxsa sadəcə olaraq “boş general tapılmayıb” fərziyyəsi məsələsidir? Faktdır ki, Türkiyə mətbuatı müxalif qüvvələrin Rusiya hərbi bazasına yaxınlaşdığını elan edərkən, Suriyada Moskva ilə Ankara arasında qarşıdurma ehtimalının yüksək olduğuna işarə edir.

Yeni seçilmiş prezident Trampın qərarı vəziyyəti qiymətləndirmək üçün maraqlıdır: o, Livan əsilli milyarder Masad Bulosu ərəb ölkələri ilə əlaqələr və Yaxın Şərq üzrə müşavir təyin edib. Sonuncu, Trampın kampaniya komandası ilə ABŞ-dəki ərəb icmaları arasında əlaqəni təmin edib. Trampın təyinatı ABŞ-nin Yaxın Şərq siyasətinin Ankaranın tələblərini təmin edəcəyini deməyə əsas vermir.

ABŞ-nin birbaşa və ya fəal vasitəçiliyi olmadan isə Suriyanın “formatlaşdırılması” qətiliklə mümkün olmayacaq. Türkiyənin Suriyadakı “marşı” İranı da çox narahat edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin