Ağ Ev Əsədin getməli olduğunu bildirir – Bəs Tramp bu narrativi dəyişəcək?

2024/12/1733308672.jpg
Oxunub: 519     14:35     04 Dekabr 2024    
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalına müsahibəsində Suriyadakı son vəziyyəti şərh edib və bunu “mürəkkəb” kimi qiymətləndirib.

O, Hələbi, habelə digər yaşayış məntəqələrini ələ keçirən qüvvələri müxalifət adlandırıb və bildirib ki, sonuncu, üç aktorun – Rusiya, İran və “Hizbullah”ın zəifləməsini nəzərə alıb. Sallivanın sözlərinə görə, həmin üç aktor illərdir müxalifətə təzyiq göstərir. “Sonuncu, onların zəifliyini və həssaslığını görərək, bu vəziyyətdən istifadə etməyə çalışır”, - deyə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

Sallivan hərbi əməliyyatların Suriyadakı ABŞ hərbi kontingentinin təhlükəsizliyinə təhdid yaradıb-yaratmaması sualını cavablandıraraq deyib ki, onlar fərqli bölgədədirlər, buna görə də birbaşa təhlükə yoxdur, lakin İran, İraq və Suriyadakı şiə qruplarının hücumuna məruz qala bilərlər. Bu təhlükənin qarşısını almaq üçün ABŞ hər gün onları qorumaq istiqamətində işləyir və mümkün hücumlara cavab verir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin şərhinin ən diqqətçəkən tərəfi bəlkə də odur ki, Sallivanın sözlərinə görə, ABŞ “Heyət Təhrir əş-Şam”ı (HTŞ) qanunsuz qruplaşma adlandırsa da, Vaşinqton xüsusilə Dəməşq istiqamətində hərəkət edəcəyi təqdirdə onun Rusiya, İran və “Hizbullah”ın dəstəklədiyi Əsəd hökumətinə qarşı təzyiqlərinə etiraz etməyəcək.

Türkiyə mətbuatı HTŞ qruplaşmasının sosial şəbəkə materiallarından iki mühüm təfərrüat dərc edib: Hələbdəki Rusiya hərbi müşavirlərinin ofisinin ələ keçirilməsi və tarixi qalada Türkiyə dövlət bayrağının qaldırılması. Bu mənada Sallivanın yuxarıda qeyd olunan fikrini bəlkə o baxımdan şərh etmək olar ki, ABŞ Suriyada Rusiya və İranın təsirini zəiflətmək müqabilində Türkiyənin himayə etdiyi hərbi qruplara göz yummağa hazırdır.

Vaşinqtonda böyük ehtimalla hesablayıblar ki, Əsəd rejimi devrildikdən sonra regionda tərəfdaş ölkələrlə prinsipial razılaşma mümkündür. Bu baxımdan İsrail mətbuatının narahatlığı çox maraqlıdır. Bir sıra KİV-lərdə birbaşa olmasa da, kifayət qədər şəffaf vurğularla belə bir fikir yayılıb ki, İsrail “Hizbullah”ın potensialını məhv etməsəydi, bu qrupun siyasi və hərbi rəhbərliyini öldürməsəydi, sözügedən qüvvələr heç vaxt Hələbi ələ keçirə bilməzdilər.

Sallivan əslində qiyamçı qüvvələrin Dəməşqə doğru hərəkət edəcəyini elan edib. Vaşinqton üçün Əsəd rejiminin devrilməsi əsas problemdir. Belə olan halda Rusiya Suriyanı tərk etməli olacaq. Lakin Ağ Evin demokrat administrasiyasının səlahiyyət müddətinə iki aydan az vaxt qalıb. Sual budur ki, seçilmiş prezident Donald Tramp bu kursu dəstəkləyir, yoxsa Baydenin komandası Tramp vəzifəyə başlamazdan əvvəl Əsədi devirməyə nail olacaq?

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi və Suriya böhranı ilə bağlı məsələlər müzakirə edilib, Cənubi Qafqaza da toxunulub. Noyabrın 27-də Dəməşqdə baş verənlər sirr olaraq qalır. Bəzi məlumatlara görə, həmin gün Əsəd “ailəsi ilə birlikdə Moskvaya uçub”.

Dekabrın 1-də o, İranın xarici işlər naziri Abbas Əraqçini öz iqamətgahında qəbul edib. Suriyada Rusiya hərbi kontingentinin yeni komandirinin təyin olunduğu məlum olub. Daha öncə Türkiyə mətbuatında belə versiya yayılıb ki, Əsədin Suriyanın bir hissəsində “ələvilərin dövlətini elan etmək planı var”. Belə bir təəssürat var ki, Moskva və Tehran onu “Dəməşqdəki iqamətgahına qayıtmağa məcbur ediblər”.

Vaşinqton isə Əsədin getməli olduğunu deyir. Tramp bu narrativi dəyişəcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Bayden  


Bizi "telegram"da izləyin