Britaniyanın müdafiə naziri Con Hili və Almaniyanın müdafiə naziri Boris Pistorius oktyabrın 23-də Britaniya-Almaniya hərbi əməkdaşlığında yeni səhifə açan müdafiə sazişi imzalayıblar. “Trinity House” Müqaviləsi Avropanın ən yüksək müdafiə xərclərini ödəyən iki dövləti arasında əlaqələrin dərinləşməsinə təkan verir, hava, quru, dəniz, kosmos və kiber olmaqla, diqqəti bütün sahələrdə hərbi əməkdaşlığın artırılmasına yönəldir. NATO və Avropanın təhlükəsizliyi üçün mühüm addım olan bu təşəbbüs hər iki ölkənin kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından kritik məzmun kəsb edir.
Müqavilə müxtəlif formalarda əməkdaşlığı nəzərdə tutur. İlk növbədə, NATO-nun Baltikyanı ölkələrdə şərq cinahının gücləndirilməsinə diqqət yetiriləcək, Rusiyanın mümkün hücumuna qarşı daha ardıcıl və effektiv çəkindiricilik məqsədilə Britaniya və Almaniya orduları arasında birgə təlimlər keçiriləcək. İki ölkə logistika, anbar və tədarük imkanlarını bölüşəcək, əməliyyat səmərəliliyini artıracaq və xərcləri azaldacaq.
Razılaşmaya əsasən, quru qoşunları hücum zamanı NATO ərazisini müdafiə etməyə hazır olacaq.
Digər tərəfdən, Almaniyanın P8 “Poseidon” dəniz patrul təyyarəsi Şimali Atlantikada təhlükəsizliyi artırmaq, həyati əhəmiyyətli dəniz zolaqlarını qorumaq üçün qabaqcıl müşahidə və əməliyyat imkanlarını təmin etmək, ilk növbədə Rusiya sualtı qayıqlarının Barens dənizindən Atlantik okeanına daxil olması barədə məlumat vermək məqsədilə Şotlandiyadakı RAF “Lossiemouth” bazasından “dövri olaraq” fəaliyyət göstərəcək.
İki ölkə arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq maddələri var. Bu əməkdaşlığa iri çaplı top artilleriya lülələri, uzun mənzilli raketlər, pilotsuz uçuş aparatları və gələcək 6-cı nəsil döyüş təyyarələri kimi insanlı platformalar və oxşar məhsullar daxildir. Həmçinin Avropa müdafiə sistemlərinin hərbi texnologiyanın ən qabaqcıl səviyyəsində qalmasını təmin etmək üçün işlərin Fransa kimi digər müttəfiqlərlə sıx koordinasiyada aparılacağı vəd edilir.
Avropada təhlükəsizlik narahatlıqları və “Brexit”in təsirləri
Son zamanlar artan təhdidlər nəticəsində Avropa İttifaqı (Aİ) həm struktur, həm də üzv dövlətlərin müdafiə qabiliyyətini yeni qurumlar, qərarlar və vəsaitlərlə artırmağa çalışır. Bununla belə, bütün bu xərclərin müdafiə mexanizmini gücləndirməsində siyasətçilərin güclü əli yoxdur. Buna görə də Avropa hökumətləri regionda hərbi cəhətdən güclü müttəfiqlərlə daha çox işləmək istəyir. Ancaq Aİ iki ən böyük müdafiə büdcəsindən birinə sahib olan üzv dövlətin ayrılmasından təsirləndi.
Nəzəri olaraq, Britaniyanın Avropa təhlükəsizliyi və müdafiəsi üçün çox şey təklif etdiyi və qalan Aİ hökumətlərinin Britaniya təcrübəsindən, əlaqələrindən və aktivlərindən faydalanmaq istədiyi aydındır. “Brexit”dən sonra belə hamı razılaşır ki, Aİ və onun üzv dövlətlərinə təsir edən müdafiə problemi birbaşa Britaniyanın milli maraqlarına təsir edəcək və eyni şey əksinə də baş verəcək.
Bununla belə, Aİ Avropanın silah siyasətində daha vacib bir şey axtarır. Sənaye maraqlarının mühüm rol oynaması İttifaqda qismən bir-biri ilə rəqabət aparan öz silah şirkətlərinə malik böyük ölkələrin mövcudluğu kontekstində şərh edilməlidir. Digər tərəfdən, Britaniya müdafiə sənayesi qitənin ən böyük sənayelərindən biridir və Aİ daxilində rəqabətə qarşı immunitetlidir.
Digər tərəfdən, Avropada artan təhlükəsizlik müzakirələri və Donald Trampın Ağ Evə mümkün qayıdışının NATO-ya və xüsusən də Ukraynadakı müharibəyə necə təsir edəcəyinə dair qeyri-müəyyənlik Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət daşıması çağırışına və strateji muxtariyyət ideyasının yüksəlməsinə səbəb olur.
Britaniyasız Avropanın ümumilikdə strateji muxtariyyət əldə etməsi çətin görünür. Son 15 ildə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) fəaliyyətlərində aydın oldu ki, strateji muxtariyyət üçün üzv dövlətlərin güclü rəhbərliyi tələb olunur. Birlik daxilində əməliyyatların aparılması Britaniya olmadan getdikcə çətinləşəcək. Çünki Britaniyanın üzv olduğu dövrdə Aİ-nin güc yığımı daxilində xeyli sayda hərbi personal və təchizata malik olduğu açıqlanmışdı.
“Brexit”ə baxmayaraq, razılaşma səyləri
Müqavilə Britaniya və onun əsas Avropa müttəfiqləri arasında həm NATO, həm də ikitərəfli şərtlərlə daha sıx əlaqələr qurmaq üçün daha geniş planın bir hissəsi kimi görünür. Leyboristlər Partiyasından olan müdafiə naziri Con Hilinin vəzifəyə gəldikdən sonra iyul ayında Ukrayna, Fransa, Almaniya, Estoniya və Polşaya səfər etmək planları Avropanın təhlükəsizliyinin həqiqətən də yeni Britaniya hökumətinin xarici və müdafiə prioritetləri olacağını göstərir.
Britaniya və Almaniya artıq Avropanın ən böyük müdafiə xərcləri həyata keçirən iki ölkəsi və Ukraynanın Avropada iki ən böyük hərbi dəstəkçisi olduğundan, London və Berlin qitənin təhlükəsizliyi üçün kilid əhəmiyyətə sahibdir. Bu tərif təkcə NATO-nun şərq cinahında deyil, həm də daha geniş Avro-Atlantik regionunda Avropanın çəkindiriciliyinə və müdafiəsinə töhfə verməyə yönəlmiş iddialı tərəfdaşlığa çevrilir. Növbəti addım 2010-cu ildə Britaniya və Fransa arasında imzalanmış “Lancaster House” Müqaviləsinin yenidən işə salınması olacaq. 2021-ci ildə AUKUS səbəbiylə Britaniya və Fransa arasında yaşanan müdafiə əsaslı gərginliyin aradan qaldırılması üçün cəhdlər davam edir.
“Trinity House” Müqaviləsinin ideyalarından biri də bu üç böyük Avropa ölkəsini ikitərəfli sazişlər vasitəsilə gücləndirməkdir.
Britaniya Avropanın müdafiəsində birliyi nəzərdə tutur, lakin Aİ ilə institusional təhlükəsizlik və müdafiə birliyi üçün təşəbbüs göstərərək, danışıqlar prosesinə başlamaq və “Brexit” üzrə müzakirələri yenidən gündəmə gətirmək riskinə getmək istəmir. Digər tərəfdən, rəsmi birlik olmadan üçüncü ölkələrin Aİ-nin müdafiə təşəbbüslərində iştirakı ilə bağlı mövcud şərtlər artıq aradan qaldırılır.
Dəyanət Ağalarlı
Ordu.az