Skandinaviyada genişlənmə kimə qarşı idi? – Finlandiya prezidenti “kart”ları açır…

2024/12/1733119596.jpg
Oxunub: 787     12:39     04 Dekabr 2024    
2024-cü il fevralın 24-də ikinci pərdəsi açılan Rusiya-Ukrayna müharibəsinin gözlənilməz nəticələrindən biri də İsveç və Finlandiyanın Şimali Atlantika Alyansı NATO-ya 31-ci və 32-ci üzv kimi qoşulması oldu.

Bu iki ölkənin ittifaqa daxil olması ilə Skandinaviya yarımadası NATO-nun nəzarətinə keçdi, eyni zamanda Baltik dənizi, Şimal dənizi və Şimali Atlantikada anqlo-sakson hökmranlığının gücü artdı. NATO Norveç və Finlandiyadan keçən 1500 kilometrlik quru sərhədi vasitəsilə Rusiya ilə birbaşa əlaqə yaradıb. Barens dənizi sahilindəki Rusiyanın nüvə sualtı qayığı parkının yerləşdiyi Murmansk limanı da artıq daha təsirli şəkildə izlənilə bilər.

Üzvlük prosesi necə başladı?

Bu üzvlük prosesinin necə başladığını xatırlayaq. 2022-ci il martın 2-də Rusiyanın Ukraynaya hərtərəfli müdaxiləsinin başlamasından bir həftə sonra 2022-ci il martın 2-də Baltik dənizində İsveçin Qotland adasının hava məkanında Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 2 “Su-27 Flanker” və 2 2Su-24 Fencer” təyyarəsi aşkar edilib. Bu arada Finlandiya və İsveç Silahlı Qüvvələri Baltik dənizində təlimlər keçirirdi. İsveç HHQ Rusiya təyyarələrinin qarşısını alıb. Rusiya-Ukrayna müharibəsinin gərgin atmosferində diqqətdən kənarda qalan bu hava məkanı pozuntusu martın 30-da İsveçdə yayımlanan “TV4 Nyheterna” televiziya kanalının xəbəri ilə yeni bir ölçü qazandı.

“TV4 Nyheterna”nın iddiasına görə, qarşısı alınan Rusiyanın “Su-24” təyyarələri insident zamanı nüvə silahı daşıyırdı. Həqiqiliyi şübhə doğuran bu xəbər birdən-birə ABŞ-nin İsveç və Finlandiyanın Rusiyanın nüvə təhlükəsi altında olduğu iddialarını gündəmə gətirməsinə zəmin yaratdı. İki ölkənin 2022-ci ilin may ayında etdiyi üzvlük müraciətlərini reallaşdırmaq Türkiyəni hədəf alan terror təşkilatları ilə bağlı verdikləri vədlər sayəsində 2023-cü il aprelin 4-də və 2024-cü il martın 7-də mümkün olub.

Burada mötərizə açıb, bu məlumatı paylaşmaq faydalı olar: xüsusilə Finlandiyanın NATO-ya rəsmi üzvlük tarixi cəmi bir il yarım olsa da, Birinci Soyuq müharibə zamanı ABŞ tərəfindən nüvə müdafiəsi çətiri altına alındı. Bundan əlavə, SSRİ-yə qarşı kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində Finlandiya ilə ABŞ arasında güclü əməkdaşlıq var idi. Onu da nəzərə almaq lazımdır ki, Birinci Dünya müharibəsi illərində Çar Rusiyasının hökmranlığından xilas olmuş Finlandiya İkinci Dünya müharibəsi illərində SSRİ-nin işğal cəhdlərinə məruz qalıb və faşist Almaniyası ilə əməkdaşlıq edib.

İsveç və Finlandiya Ukraynanın əlini gücləndirdi?

Beləliklə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü iddia edildiyi kimi Ukrayna-Rusiya müharibəsində axının Rusiyaya qarşı yönəlməsinə töhfə verdimi? Hələlik cavab belədir: Xeyr. O zaman bəlkə də sual belə verilməlidir: Finlandiya və İsveç həqiqətən Rusiyaya qarşı çəkindirmə qabiliyyətini artırmaq üçün ittifaqa daxil edildi, yoxsa bu üzvlüklər Çin Xalq Respublikasını hədəfə alacaq uzunmüddətli planların addımlarından biri idi?

Birinci sualın cavabı tam aydındır, çünki müharibənin üçüncü ili yaxınlaşır. Ola bilsin ki, Finlandiyanın NATO-ya üzv olması ilə Rusiya ittifaqla 1500 kilometrə çatan sərhədini qorumaq üçün resurslarının əhəmiyyətli bir hissəsini bura göndərməli olub. Lakin bu addım Rusiyanı yeni ittifaqlara və təşkilatlanmalara da sövq etdi. Fəaliyyət və reaksiya nəticəsində ötən ilin iyulunda Vaşinqtonda NATO-nun hökumət və dövlət başçılarının 75-ci sammiti keçirilərkən, Rusiyanın bir nömrəli müttəfiqi olan Belarus ərazisində Çin hərbi qulluqçuları peyda oldular.

Onların sayı az olsa da, Polşa ərazisindən 10 kilometr aralıda təlim həyata keçirmələri kifayət qədər təsirli mesaj idi. Bu günlərdə Finlandiya-İsveç cütlüyünün NATO üzvlüyünə verilən cavabın ikinci pərdəsini izləyirik. ABŞ Müdafiə Nazirliyinin təsdiq etdiyi və Rusiya tərəfindən təkzib edilməyən məlumatlara görə, Şimali Koreya hərbi qulluqçuları Rusiya-Ukrayna döyüş meydanlarındadır. Müharibədə iştirak edən Şimali Koreya hərbi qulluqçularının sayının 3 min ilə 12 min arasında dəyişdiyi bildirilir.

Artıq oktyabrın ilk günlərində bəzi Şimali Koreya zabitlərinin Ukraynanın raket hücumları nəticəsində həlak olması məlum idi. Rusiyanın cəbhə boyu başladacağı strateji hücumda Şimali Koreya hərbi qulluqçularının daha böyük partiyasının iştirak edəcəyi bildirilir. Çin və Şimali Koreya hərbi qulluqçularının Avropa sərhədlərində peyda olması onu göstərir ki, Pekin Finlandiya-İsveç cütlüyünün NATO üzvlüyünün əsl hədəfinin Rusiya deyil, Çin Xalq Respublikası olması faktını diqqətlə təhlil edir.

ABŞ-nin Cənubi Çin dənizi və Yaponiya dənizində Çini mühasirəyə almaq üçün illərdir davam etdirdiyi strategiyanın yumşaq nöqtəsi buzlaqların əriməsi ilə Arktika bölgəsində açılan yeni ticarət yolları idi. Finlandiya və İsveçin NATO üzvlüyü Çinin şimal ticarət yollarından istifadə edərək, Avropa ilə əlaqəsini davam etdirməsinin qarşısını almaq üçün yeni bir addım oldu. Son hədəfinin Çin Xalq Respublikası olduğu bu planın fantaziya tezisi olmadığını Finlandiya prezidenti Aleksandr Stubbun oktyabrın 21-22-də Almaniyaya səfəri zamanı jurnalistlərin suallarına verdiyi cavabdan anlamaq olar.

Stubb alman jurnalistlərin Trampın ABŞ-dəki prezident seçkilərində qalib gəlməsi halında ABŞ-Avropa münasibətlərində baş verə biləcək mənfi təsirlərlə bağlı sualına belə cavab verdi: “Əgər düşməniniz Çin Xalq Respublikasıdırsa, sizə müttəfiqlər lazımdır. Bu müttəfiqlərdən ən azı 40-50-si Avropadan gələcək. Birləşmiş Ştatlar Avropanı itirə bilməz”.

Finlandiya prezidentinin bir növ etiraf xarakteri daşıyan bu açıqlamaları Vaşinqtonun Hind-Sakit okean regionu ilə bağlı orta müddətli planları üçün həm ölkəsinin, həm də İsveçin NATO-ya daxil olmasının sübutudur. Ona görə də Rusiya-Ukrayna müharibəsinin gedişatı əsasında bu üzvlüklərin təsirini qiymətləndirmək natamam yanaşma olar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skandinaviya   Finlandiya  


Bizi "telegram"da izləyin