Rusiyanın daxildən ələ keçirilməsi, yoxsa daxildən böyüməsi – BAXIŞ BUCAĞI

2024/12/1733118874.jpg
Oxunub: 531     16:23     04 Dekabr 2024    
Ötən ay “Nezavisimaya qazeta” bildirirdi ki, Türkiyə Mərkəzi Asiyanın adını Türküstan adına dəyişib və bu mühüm regionda təsirini artırır. Nəşr bunun Rusiya və Çinin geosiyasi maraqlarına qarşı yönəldiyini iddia edirdi.

Məqalə müəllifi Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalının prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini tutarkən verdiyi açıqlamanı xatırladır: “Biz Rusiyanı daxildən partlada bilərik”. Nəşrin məqaləsindən Rusiya daxilində Türkiyə ilə bağlı xüsusi narahatlığını olduğu sezilir. Lakin məsələnin görünməyən tərəfi var, Rusiya bundan hansı faydanı əldə edə bilər?

Sosial şəbəkələrdə yayılan məlumatlar sensasion olaraq qəbul edilir: çeçen “Axmat” hərbi kontingentinin komandiri Apti Alaudinov bəyan edib ki, onlar Kursk vilayətində Şimali Koreya əsgərləri ilə birlikdə döyüşməyəcəklər, çünki onlar “Allahı inkar edən ateistlərdir”. Alaudinov Rusiya Silahlı Qüvvələrinin general-mayorudur, Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə baş idarəsi rəisinin birinci müavini vəzifəsini tutur.

Sovet ordusundan nümunə götürsək, çeçen general Silahlı Qüvvələrin şəxsi heyətinin siyasi hazırlığına cavabdeh olan ikinci şəxsdir. Bu statusda rəsmi, birincisi, Rusiya ordusunun sıralarında Şimali Koreya əsgərlərinin olduğunu açıqlayıb, Moskva bunu qəti şəkildə inkar edir, ikincisi, “Axmat” faktiki olaraq Rusiya Silahlı Qüvvələrindən ayrılıb və nəhayət, dini fikirləri təbliğ edib.

Rusiya Silahlı Qüvvələrinin general-mayorunun qiymətləndirməsinə görə, iman gətirməyənlər tam insan və xüsusən də əsgər ola bilməzlər. Çeçenlərin müsəlman olduğunu nəzərə alsaq, Alaudinovun dediklərindən belə çıxır ki, onlar “Allahu Əkbər” şüarı ilə döyüşürlər. Çeçenlərin kimə qarşı vuruşduğu məlumdur. Ukraynalılar pravoslav xristianlardır. Bəs ruslar kimlərdir? Onlar da pravoslav xristianlardır.

Əgər müharibəni Alaudinovun məntiqi ilə dəyərləndirsək, o zaman belə alınacaq ki, Rusiya Silahlı Qüvvələrinin “Axmat” xüsusi təyinatlı dəstəsi “Allahu Əkbər” şüarı ilə rus pravoslav inancına, Rusiyanın xristian kimliyinə qarşı müharibə aparır. Rusiyanın hərbi-siyasi elitasının ABŞ-yə, kollektiv Qərbə, Avro-Atlantik sivilizasiyaya qarşı patoloji nifrəti məhz bura gətirib çıxara bilər.

Alaudinovun açıqlaması bir məna daşıyır: Rusiya daxildən türk-islam ideyaları ilə əhatə olunub.

Maraqlıdır, yəni Rusiyada Qızıl Ordanın hökmranlığı qurulur? Bəlkə Vladimir Putin Rusiyanın eksklüziv kimliyi deyəndə, məhz bunu nəzərdə tutur? Bu halda Türküstan məsələsi Rusiyaya sərf etməyəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin