Birinci halda belə görünür ki, Vaşinqton və Moskva “ilkin müşahidə rejimi”nə keçib. Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin olunacağını açıqlayıb, Kreml isə qarşı çıxıb ki, prezident Vladimir Putin Ukrayna ilə şəxsən məşğul olur. Yəni hər hansı bir danışıq ancaq Putin-Tramp formatında baş tuta bilər. Yaxın Şərqə gəlincə, ABŞ-nin gələcək prezidentinin mövqeyi kifayət qədər qeyri-müəyyəndir.
İsrail mənbələri Trampın Baş nazir Benyamin Netanyahu ilə telefon danışığı zamanı andiçmə mərasimindən əvvəl İsraillə Fələstin arasında atəşkəsin yaradılmasını arzuladığını bildirib. ABŞ mətbuatına məlum olub ki, Trampın seçilməsində ərəb əsilli seçicilərin səsverməsi əhəmiyyətli olub. Məlumatlara görə, Trampın kiçik qızı Tiffani Livan əsilli milyarder Massad Bulosun oğlu Maykl Bulosla ailə qurub.
Tramp kampaniyası ilə ərəb icmalarındakı nüfuzlu şəxslər arasında əlaqə yaradan və onları Trampın xeyrinə işləməyə vadar edənin Massad Bulos olduğuna inanılır. Məlumatlara görə, Massad Bulos ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin ediləcək. Sözügedən məlumat artıq Tramp tərəfindən rəsmiləşdirilib. Bu vəzifəni hazırda İsrail əsilli Hokşteyn tutur. ABŞ mənbələrinin bildirdiyinə görə, Bulos ailəsi Livanın daxili həyatında böyük təsirə malikdir.
ABŞ prezident seçkilərinə bir həftə qalmış Livan əsilli başqa bir milyarder Əli Abbas Massad Bulos ilə danışıqlar apararaq, ondan Trampa dəstəyini ifadə etməyi xahiş edib. Tramp və Bulos daha sonra Miçiqan ştatının Dirborn şəhərindəki restoranda ərəb icmasının nüfuzlu şəxsləri ilə görüşüblər. Bu əlaqələrin Trampın Yaxın Şərq siyasətinə təsiri ola bilər. Prezidentliyinin ilk dövründə Tramp birmənalı olaraq yəhudiyönümlü siyasət yürüdürdü.
O, Yerusəlimi İsrailin paytaxtı kimi tanıyıb, Ağ Evin Fələstin Muxtariyyətinin lideri ilə əlaqəsini təmin edən Şərqi Yerusəlimdəki ABŞ konsulluğunu bağlayıb, Colan təpələrinin İsrail ərazisi olduğunu bəyan edib. Belə təəssürat var ki, İsrailin müdafiə naziri Yoav Qalantın vəzifəsindən azad edilməsi və onun yerinə daha kəskin İsrael Katzın təyin edilməsi Netanyahunun Trampın seçilməsindən gözləntiləri ilə bağlıdır.
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu barədə danışıb. Ekspertlərdə belə təəssürat var ki, Netanyahu İordan çayının qərb sahilini ələ keçirməyi və Fələstinin müstəqilliyi məsələsini əbədi olaraq bağlamağı planlaşdırır. ABŞ-nin ərəb icmaları qarşısında yazılı öhdəlik götürən Tramp İsrail-Fələstin nizamlanması üçün “qızıl orta” tapmağa nail olacaqmı, yoxsa o, Bayden administrasiyasının Netanyahunu atəşkəs sazişi imzalamağa məcbur edəcəyi ümidi ilə heç bir tədbir görməyəcək?
Problem maraqlıdır, çünki beynəlxalq mətbuat Tramp administrasiyasının Livanın təhlükəsizliyi və yenidən qurulması ilə ciddi məşğul olacağını proqnozlaşdırır.
Asif Cəfərov
Ordu.az