Yəni, Putin iddia edib ki, Rusiyanın müharibə zamanı silah gücünə zəbt etdiyi ərazilər artıq geri qaytarılmalı deyil, ələ keçirilmiş ərazilərin Rusiyaya məxsusluğu qanuni şəkildə təsbit edilməlidir. Almaniya kansleri isə, əksinə, atəşkəsə və rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasına çağırıb. Telefon danışığı bir saat çəkib. Beynəlxalq mətbuat 2 illik fasilədən sonra Almaniya kanslerinin Rusiya prezidenti ilə ən azı telefon danışığı apardığını vurğulayır.
Rusiyalı ekspertlər hesab edirlər ki, Qərb Putini təcrid edə bilməyib. Hər cür fərziyyələr, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniya kanslerindən çox narazı olması faktı irəli sürülür. Şolts-Putin telefon danışığından sonra G7 liderlərinin bəyanatı olub və mətnin ön sözündə deyildiyi kimi, bəyanat Rusiyanın Ukraynaya hücumunun 1000-ci günü münasibətilə qəbul edilib.
İtaliyanın Baş naziri Ciorcia Meloninin belə bir təşəbbüslə çıxış etməsi diqqət çəkir. Bəyanat qısadır. G7 ölkələri “lazım olduğu müddətcə” Ukraynanı dəstəkləməyə hazır olduqlarını bir daha təsdiqləyirlər. Ukrayna xalqının suverenlik, sivilizasiya kimliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararkən, hərtərəfli dəstəyə layiq olduğu vurğulanıb. “Bu mübarizədə biz Ukraynanın və onun xalqının yanında çiyin-çiyinəyik”, - deyə G7 liderləri sözlərini yekunlaşdırıblar.
Ehtimal etmək olar ki, Almaniya kanslerinin telefon danışığı, belə demək mümkündürsə, “kəşfiyyat xarakterli” olub. Başa düşməyə cəhd edilib ki, Rusiya prezidenti Ukrayna böhranının həlli üçün hansı baxışa sahibdir, 14 iyun bəyanatının mövqeyində qalmaqda davam edir, yoxsa hər hansı bir kompromis tapmaq mümkündür? Putin açıq şəkildə bildirib ki, ərazi fəthləri məsələsində heç bir geri addım olmayacaq.
G7 liderləri Ukraynanın suverenliyini, kimliyini və ərazi bütövlüyünü dəstəkləyərək, Putinə siyasi baxımdan adekvat şəkildə cavab veriblər. Amma buna bənzər bəyanatlar əvvəllər də səslənib. O vaxtdan bəri cəbhədə vəziyyət dəyişməyib, Rusiyanın hücumu davam edir, xarici işlər naziri Sergey Lavrov isə deyir ki, Kiyev Moskvanın şərtləri ilə atəşkəsin yaradılmasını nə qədər gecikdirsə, bir o qədər çox ərazi itirəcək.
Rusiyanın siyasi hesablaması aydındır. NATO nüvə müharibəsindən ehtiyat edərək, birbaşa qarşıdurmaya getməyəcək, nizamlanma isə reallıqlardan yan keçə bilməz. BMT Nizamnaməsinin, beynəlxalq hüququn deqradasiyaya məruz qaldığı və Avropanın təhlükəsizliyinin dağıldığı qapalı dövr alınır. Bu vəziyyətdə ABŞ-nin 47-ci prezidenti Donald Trampın çiyinlərinə həddən artıq böyük məsuliyyət düşür.
O isə - beynəlxalq ekspertlər edilən ilk təyinatlardan həyəcan təbili çaldığı kimi - sanki Rusiya-Ukrayna nizamlanması ilə bağlı aydın plana sahib deyil. Qərb analitiklərindən birinin qiymətləndirməsinə görə, Tramp üçün müharibənin dayanması vacibdir. Əgər bu, beynəlxalq siyasətə “universal” yanaşmadırsa, Tramp sabitlik deyil, qlobal təlatüm gətirəcək. Bu, Qafqaz üçün son dərəcə ciddi çağırış olacaq.
Asif Cəfərov
Ordu.az