Bu məqamda Kiyevin əsas narahatlığı və tənqidi o idi ki, Rusiya Ukraynanın istənilən bölgəsini və hətta kritik infrastruktur obyektlərini asanlıqla hədəfə ala bilər, lakin Ukraynaya buna cavab verməyə icazə verilmir. Ukrayna ordusu cəbhənin arxasında Rusiyanın dəstək elementlərini, təchizat və logistika xətlərini hədəfə ala bilmədiyi üçün döyüş xəttində çox çətinlik çəkdiyini iddia edirdi. Bütün bu müzakirələrə baxmayaraq, Vaşinqton administrasiyası indiyədək bu istiqamətdə addım atmağa meylli görünmürdü. Çünki bu xarakterli icazənin gərginliyi daha da artıracağından, müharibənin şiddətini kəskinləşirəcəyindən və əhatə dairəsini genişləndirəcəyindən qorxurdu.
Bayden niyə indi Ukraynaya icazə verdi?
Belə olan halda ağıla gələn ilk və ən vacib suallardan biri uzun müddətdir gərginliyi artıracağı narahatlığı ilə verilməyən icazənin “niyə bu gün” verildiyidir. Digər mübahisəli məsələ ATACMS-dən istifadənin gözlənildiyi kimi Ukrayna müharibəsində qırılma yaradıb-yaratmayacağıdır. Əvvəla, Bayden administrasiyası prezidentliklə çətin döyüş meydanını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa təhvil vermək istəyə bilər.
Bu kontekstdə atılan addımlar Trampın müharibəni bitirmək axtarışlarını puça çıxarmaq və gərginliyi geri dönüşü olmayan nöqtəyə qaldırmaq cəhdi kimi oxuna bilər. Başqa sözlə, bu inkişaf isteblişmentin Tramp administrasiyasının sülhməramlıya çevrilməsinin qarşısını almaq cəhdinin təzahürü ola bilər.
İkincisi, Bayden Kiyevə yardımın azalacağını proqnozlaşdırmaqla, məhdud vaxtdan daha səmərəli istifadə etməyə çalışa bilərdi. Bu məqamda Trampın prezidentliyə başlaması ilə tərəflər status-kvonu qəbul etməyə məcbur olacaqlarsa, Kiyevin indiki mövqeyindən daha sərfəli mövqedə masa arxasında əyləşməsi vacib olacaq.
Bu kontekstdə Ukrayna Kurskdakı hazırkı nəzarət zonasını itirmədən kritik “kozır”la sövdələşmə masasına oturmaq istəyəcək. Kurskdakı nəzarət zonası möhkəmləndirilərsə, 2022-ci ildən sonra Rusiyanın tutduğu ərazilərlə mübadilə edilə və Ukrayna üçün daha az pis nəticə əldə oluna bilər. Üçüncüsü Ukrayna tərəfində insanlara şərq cəbhəsindəki pis vəziyyəti unutduracaq, əhval-ruhiyyəni və motivasiyanı artıracaq müsbət gündəm axtarışı məsələsi var. ABŞ-nin yanaşmasındakı bu dəyişiklik müsbət gündəm yaradır və Kiyevin tək olmadığına inamı təzələyir.
ATACMS-lər Ukrayna üçün əhəmiyyətli üstünlük təmin edəcəkmi?
Bununla belə, ATACMS-lərin bu sahədə sıçrayış yaradacağı gözləntiləri tutarlı görünmür. Əvvəla, ATACMS-lərdən istifadə icazəsi hazırda Rusiya ərazisində Kursk vilayəti ilə məhdudlaşır. Bundan əlavə, Ukrayna qüvvələri artıq digər elementlərlə Rusiya ərazisinin dərinliklərini hədəfə ala bilərlər. Başqa sözlə, taktiki ballistik raketlərin istifadəsindən asılı olmayaraq, Ukrayna hətta Rusiya daxilində cəbhə xəttindən uzaqda yerləşən kritik infrastruktur obyektlərini də vura bilirdi.
Üstəlik, Ukrayna artıq bu raketlərdən öz ərazisindəki Rusiya elementlərini vurmaq üçün istifadə edir ki, bunun da nümunələrinə Krımda şahid olduq. Bir sözlə, Kurskdakı Ukrayna mənsublarının işini asanlaşdıracaq Rusiya dəstək qüvvələrinin təchizat və logistika xətlərini vurmaq indiki tənlikdə oyunu dəyişdirən rol oynamayacaq.
ATACMS-lərdən istifadə icazəsinin genişləndirildiyi ssenaridə bu ballistik raketlər Ukrayna sərhəd bölgəsində yerləşdirildikdə, 300 kilometr məsafə ilə şimal-şərqdə Kaluqa və Lipetsk, cənubda isə Krasnodara çatır. Yəni mətbuatda əks olunan uzun mənzilli raketlərin qəbulunun əksinə olaraq, bu raketlərin tutumu qanadlı raket və ya qitələrarası ballistik raket kimi deyil. Bununla belə, bu mənzil daxilində olan hədəflərin əhəmiyyətsiz olduğu qənaətinə gəlmək olmaz. Əksinə, ATACMS-lərdən istifadə icazəsi aldıqdan sonra Ukrayna ordusu Karaçevdəki kritik sursat anbarını hədəfə alıb.
Bütün bunlarla yanaşı, Ukraynanın ATACMS-dən istifadə icazəsi ilə yanaşı, hərbi personal çatışmazlığı başda olmaqla, daha ciddi problemləri var. Silah və sursat çatışmazlığı kənardan dəstəklə qarşılana bilsə də, hərbi personalı bu şəkildə xarici mənbələrdən əvəz etmək mümkün deyil. Digər tərəfdən, Ukrayna səfərbərlik həddinə çatmağa yaxındır və cəbhəni saxlayacaq dərəcədə hərbi qulluqçu yığa bilmir. Üstəlik, orduya qəbul edilən əsgərlərin təlim müddəti və cəbhədə hazırda tükənən hərbi qulluqçular bu məsələnin həllini daha da çətinləşdirir. Odur ki, Rusiya ərazisində ATACMS-dən istifadə icazəsinə artıq mövcud olandan daha böyük məna verilməməli və Kiyev xilaskar gözləməməlidir.
Rusiyanın yeni nüvə doktrinası
ATACMS-in bu qədər müzakirəsi həm də Rusiyanın yeni nüvə doktrinasını elan etməsi ilə bağlıdır. Baydenin bu addımına cavab olaraq Rusiya prezidenti Vladimir Putinin nüvə çəkindiriciliyinin əsaslarını müəyyən edən yeni doktrinanı təsdiqləməsi beynəlxalq ictimaiyyətdə dərin narahatlıq doğurub.
Ümumiyyətlə, Rusiyanın bütün hərbi doktrinalarında deyilir ki, Rusiya və onun müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə olunarsa, nüvə silahları ilə cavab veriləcək. Həmçinin qeyd edilir ki, konvensional silahlarla edilən hücum Rusiya üçün ekzistensial təhlükə yaradırsa, buna nüvə silahı ilə cavab verilə bilər. Sözügedən ekzistensial təhlükə NATO ətrafında formalaşır. 2010-cu ildən NATO-nun hərbi və siyasi istehkamları Rusiyanın hərbi doktrinasında əsas təhlükələr sırasındadır.
Rusiyanın əvvəlki nüvə doktrinası 2020-ci ildə hazırlanıb və təsdiq edilib. 2020-ci il doktrinası Rusiyaya və/və ya müttəfiqlərinə qarşı potensial hücumun qarşısını almağı özünün milli prioritetlərindən biri hesab edir və nüvə silahı da daxil olmaqla, tam hərbi potensialı ilə cavab verməyi nəzərdə tuturdu. 2020-ci il sənədində nüvə çəkindiriciliyi ilə bağlı təhdidlər açıq şəkildə ifadə olunub.
Bunların arasında Rusiya və/və ya onun müttəfiqlərinin sərhədləri yaxınlığında düşmən dövlətlər tərəfindən nüvə silahı daşıma sistemlərinin yerləşdirilməsi, hava hücumundan müdafiə raket sistemləri, orta və qısa mənzilli raketlər, dəqiq idarə olunan qeyri-nüvə silahları, hipersəs silahları və zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) Rusiyaya bitişik coğrafiyalara yerləşdirilməsi kimi mövzular yer alırdı.
2024-cü il doktrinasına nəzər saldıqda, nüvə silahı ölkənin suverenliyini qorumaq üçün son vasitə kimi qəbul edilir. Köhnə doktrina ilə müqayisədə yeni doktrinada nüvə çəkindiriciliyinə tabe ola biləcək ölkələrin və hərbi ittifaqların əhatə dairəsi genişləndirilib. Əslində, nüvə dövlətinin dəstəyi ilə fəaliyyət göstərən hər hansı qeyri-nüvə dövlətinin Rusiya ərazisinə hücumu Rusiyaya qarşı birgə hücum kimi qiymətləndiriləcək. Daha aydın desək, ABŞ kimi nüvə ölkəsinin Ukrayna kimi qeyri-nüvə ölkəsinə verdiyi dəstəklə Rusiya ərazisinin hədəfə alınması ABŞ və Ukraynanın Rusiyaya qarşı birgə hücumu kimi qəbul ediləcək.
Belə olan halda Rusiya hər iki dövlətə nüvə silahlarının istifadəsi də daxil olmaqla cavab vermək hüququnu özündə saxlayır. Bundan əlavə, yeni doktrinada təhlükənin tərifi genişləndirilib və qeyd olunub ki, suverenliyə təhlükə hiss olunarsa, nüvə gücü ilə cavab verilə bilər. Bu əhatəyə döyüş təyyarələri, qanadlı raketlər və hər cür PUA-ların hücumları daxildir. Bir sözlə, Moskvanın strateji çəkindirmə konsepsiyası çərçivəsində nüvə doktrinasının mahiyyəti genişləndirilərək, daha çevik bir yanaşma mənimsənildi.
Putin gözlənilməz və irrasional bir aktor kimi görünsə də, son çarə olmadığı və suverenlik həqiqətən təhdid edilmədiyi təqdirdə Rusiyanın ballistik raket və ya konvensional təhlükəyə qarşı nüvə silahı ilə cavab verməsi mümkün görünmür. Burada Kremlin verdiyi əsas mesaj ondan ibarətdir ki, ABŞ və NATO-nun Ukraynaya verdiyi dəstək Rusiyanın milli təhlükəsizliyini təhdid edir və bu ssenaridə bu aktorların elementləri Moskva üçün qanuni hədəfə çevrilir.
Nəhayət, Ukrayna hakimiyyətinə ballistik raket inventarlarından ehtiyatla istifadə etmək tövsiyə olunur. Çünki Tramp administrasiyası dövründə bu silahların ABŞ-dən tədarükü kəsilə bilər.
Dəyanət Ağalarlı
Ordu.az